• cümə, 29 Mart, 18:04
  • Baku Bakı 14°C

Neft Fondunun aktivlərinin artması uğurlu nəticədir

14.10.16 13:22 3423
Neft Fondunun aktivlərinin artması uğurlu nəticədir
İki gün öncə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 618,6 mln. manat, büdcə xərcləri isə 3 823,1 mln. manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 13,4 mln. manat və akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 mln. manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 612,3 mln. manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 mln. manat, "Bakı-Tbilisi-Qarsyeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 48,6 mln. manat vəsait ayrılıb. 20,8 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 mln. manat, "STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 mln. manat təşkil edib.

2016-cı il oktyabrın 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 6,7% artaraq 35 822,1 mln. ABŞ dollarına ( Bu vəsaitin valyuta ifadəsində 33949,6 mln. ABŞ dolları investisiya portfelinin, 1872,5 mln. ABŞ dolları isə manat hesabının payına düşür) bərabər olub.

Mövzu haqda fikirlərini bölüşən ekspertlər bu göstəriciləri uğurlu hesab edirlər. Bu barədə iqtisadçı-ekspert Pərviz Heydərovla söhbətləşdik. O, qəzetimizə açıqlamasında dedi ki, 2016-cı il oktyabrın 1-nə ARDNF-nin aktivlərinin 2016-cı ilin əvvəlinə olan 33 574,1 milyon ABŞ dollarına nisbətən 6,7 % artaraq 35 822,1 milyon təşkil etməsi əsasən iki səbəblə əlaqədardır. Birincisi, neftin qiyməti bu il hələ ki əlverişli olub. Belə ki, ilin əvvəlində neftin qiyməti bir müddət 40 dollardan da aşağı düşdüsə də, sonradan qiymət yuxarı qalxdı. Üstəlik, həm dövlət büdcəsi üzrə, həm də ARDNF üzrə 2016-cı il üçün neftin qiymətini əvvəl 50 ABŞ dolları civarında proqnozlaşdırmışdılar. Fevralda isə bu rəqəm 25 dollara salındı: "İkinci səbəb isə ondan ibarətdir ki, yanvar-sentyabr aylarında fondun xərcləri strukturunda ən çox məbləğ – 3 milyard 260 milyon manat dövlət büdcəsinə transfertin payına düşüb ki, bu məbləğ də cari ildə büdcəyə proqnoz edilən transfertlərin cəmi 42,8 %-ni təşkil edib. Yəni kəsirlə həyata keçirilib. Çox güman ki, ilin sonuna kimi nəzərdə tutulan həcm də tam həyata keçirilməyəcək. Ona görə də 2016-cı ilin yekunları üzrə aktivlərin 34 milyard dollar səviyyəsində olacağı proqnoz edilir. Hazırda neftin qiyməti 50 dollar civarındadır. Növbəti il üçün orta illik qiymətin 40-45 dollardan yuxarı olacağı gözlənilir ki, həm dövlət büdcəsi üzrə, həm də ARDNF üzrə qiymətin 40 ABŞ dollarında götürülməsi planlaşdırılır. Bu isə o deməkdir ki, gələn il də Fondun gəlirləri elə builki səviyyədə olacaq. Ümumiyyətlə, Fond 2017-ci ildə aktivlərini daha 1 milyard dollaradək artırmağı planlaşdırır. Bu da, yenə qeyd edirəm ki, gələn ilin büdcəsində neftin orta ixrac qiymətinin hər barel üçün 40 dollardan müəyyənləşdiriləcəyi ilə əlaqədardır. Çünki gələn il qiymətlərin bu ilkindən az da olsa baha olacağı gözlənilir”.

Ekspertin fikrincə, mənfəət neftinin həcmində də azalma çox olmayacaq: "Ümumiyyətlə, hesab edirəm ki, bu siyasət qorunub saxlanılmalıdır. Yəni dövlət büdcəsinə transfert bacardıqca az həyata keçirilməlidir, neftin dünya bazarlarına nəzərən qiyməti isə mümkün dərəcədə aşağı səviyyədə götürülməlidir. Mən 2017-ci ildə qiymətin hələ 35 ABŞ dolları civarında götürülməsini istəyərdim”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər