Neft Fondunun 7,5 milyardlıq dəstəyi manatın məzənnəsini sabitləşdirəcək
İqtisadçılar hesab edirlər ki, öhdəliklər icra olunarsa, neftin qiymətində kəskin azalmalar və digər fors-major halları baş verməzsə, manatın mövcud məzənnəsini qoruyub saxlamaq mümkün olacaq
Məlum
olub ki, 2017-ci ildə Neft Fondu "Makroiqtisadi sabitliyin təmin edilməsi
məqsədilə” Mərkəzi Banka 7,5 milyard manat (təxminən 4,2 milyard dollar)
transfert etməsi nəzərdə tutulur. Bundan başqa, Fondun dövlət büdcəsinə 6,1
milyard manat (təxminən 3,5 milyard dollar) köçürməsi nəzərdə tutulub.Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri
8milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard
483min 856,0 min manat məbləğində təsdiq edilib. Qeyd edək ki, Neft Fondunun 2016-cı il büdcəsinin
xərcləri cəmi 8 milyard 181 milyon 399,7 manat təsdiq edilmişdi. Ötən il
Fondun xərclərində"Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə
Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert” nəzərdə tutulmamışdı. Baş
verən proseslərin fonunda həmçinin, ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmovun
imzası ilə banklara məktub daxil olub. Toplantıda müzakirə olunacaq məsələlərlə
bağlı hələ ki, ictimaiyyətə məlumat verilmir.
Ancaq iclasda ölkə başçısınınNazirlər
Kabinetinin iclasında banklarla bağlı səsləndirdiyi tənqidi fikirlərin,
dolların alış qiymətinin aşağı salınması, Dövlət Neft Fondu tərəfindən Mərkəzi
Banka ilk dəfə ediləcək transfert və s kimi aktual məsələlərin müzakirə
olunacağı gözlənilir. Bəs görəsən bütün
bunlar manatın məzənnəsinin tənzimlənməsinə necə təsir edəcək?
İqtisadçı alim Vüqar Bayramov mövzunu
şərh edərək bəzi vacib məqamları
vurğulayıb: "Dövlət Neft Fondunun 2017-ci il
üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700
milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir.
Bu isə o deməkdir ki, əgər fond öhdəliklərinə əməl edərsə, o cümlədən
makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer
də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə, o zaman 13.8 milyard
manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır. Bu isə indiki
rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir.
Nəticədə, fond öz öhdəliklərinə əməl edə bilərsə, o zaman 2017-ci ildə hər ay
orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə
fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar
olub. Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi
sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar
vasitəsi ilə manata çevrilərsə, o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki il
ilə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər.
2016-cı ilin yanvarında pul bazasının 5,786 milyard manatdan ötən ilin
noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası özünü
eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə
edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də
azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollara ilə hətta 2016-cı
il illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür”.
İqtisadçı
deyir ki, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin
xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin
remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq, Neft
Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox
dolların daxil olacağı şübhəsizdir: " Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90
faizə yaxınlaşıb və bazarda tarazlıq əldə edilərsə, əks-dollarlaşma prosesinə
başlanılarsa, o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta
bilər. Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə
ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Ümumilikdə Neft Fondundan
Mərkəzi Banka 7.5 milyard manatlıq transfer doğru addımdır”. Ekspert hesab edir
ki, bununla belə, Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə
ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə
əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır: "Əgər Neft
Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi
məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları
hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə
də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan
bankın və ya bankların bağlanması) o zaman Mərkəzi Bank manatın dollara mövcud
məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq. Təbii ki,
qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa, o zaman
yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq”.
V.Bayramov
qeyd edib ki, digər tərəfdən, nəzər almaq lazımdır ki, valyuta bazarında
Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı
vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir: "Bu baxımdan,
manatın mövcud məzənnəsinin qorunub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə
də, hətta ötən il ilə müqayisədə daha çox valyuta təklifi fonunda belə, bu, heç
də asan vəzifə olmayacaq. Liberal üzən məzənnəyə gəlincə isə, mən hələ ötən
ilin əvvəllərində 2017-ci ildə liberal üzən məzənnəyə keçidin mümkünlüyünü qeyd
edirdim. Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir
ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə, o zaman yol xəritəsinin
əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək və bu da digər fəaliyyətlərin
reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə,
liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir. Əslində, valyuta bazarında
daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın
bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib
çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmada real sektora "isti
pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan, bu fəaliyyətin yol
xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi
Bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə
siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra
bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa belə,
liberal məzənnə siyasətinə keçid istisna edilmir”.
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, sənəddə xərclərə dair bir istiqamət -
makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfertin
yuxarı həddinə dair müddəa çoxlarını təəccübləndirib. Bu da təbiidir. Çünki
indiyədək ARDNF-ın heç vaxt belə transferti nəzərdə tutulmamışdı. ARDNF-dan hər
il yalnız dövlət büdcəsinə transfert həyata keçirilirdi ki, bu da dövlətin əsas
maliyyə sənədində gəlirlərin 50 %-dən yuxarı təşkil edirdi. Son illər ərzində
isə bunun azaldılması siyasəti həyata keçirilməkdədir. 2017-ci ildə Fonddan
dövlət büdcəsinə 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub. Bu da
indiki kursla 3 milyard 400 milyona yaxın ABŞ dolları edir. Yəni, ARDNF məhz bu
məbləğdə valyutanı AMB-nin cari il ərzində keçirəcəyi valyuta hərraclarına
çıxararaq satacaq ki, dövlət büdcəsinə nəzərdə tutulan 6 milyard 100 milyon
manat transferti həyata keçirdə bilsin. AMB-nin özünün isə rəsmi valyuta
ehtiyatlarının həcmi 4 milyard dollara yaxına qədər endiyindən keçirəcəyi
hərraclara dollar çıxartmaq imkanı yoxdur. SOCAR-a gəldikdə isə, bir sıra ölkə
layihələrin icrası üçün onun hələ özünə xarici valyuta lazımdır. Çünki bunlar
ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir. Ölkədə isə adları çəkilən bu 3 qurumdan
savayı dollar təklif edə bilən subyekt yoxdur. Üstəlik, valyuta bazarımızda
vəziyyət isə məlumdur”.
Ekspert
bildirdi ki, cari il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf məhz
inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq: "Və bu, 2017-ci
ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. 2017-ci il üçün inflyasiya
rəsmi olaraq 7,3 % səviyyəsində nəzərdə tutulub. Nazirlər Kabinetinin iclasında
Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyəyə
salınmalıdır. Sözügedən sahədə isə vəziyyət belədir ki, manat əgər, yenə keçən
ilki tempdə ucuzlaşmaqda davam edərsə, inflyasiya yüksək olacaq, yəni onu
birrəqəmli səviyyədə cilovlamaq mümkün olmayacaq. Əksinə, manatın
dəyərsizləşməsi prosesinin qarşısını almaq, başqa sözlə desəm, maksimum
məhdudlaşdırmaq mümkün olarsa, inflyasiya enəcək. Çünki bizdə inflyasiyanı
alovlandıran manatın dəyərsizləşməsi prosesidir. Bununla əlaqədar olaraq, idxal
malları bahalaşır. İstehlak bazarımız isə təəssüf ki, idxaldan hələ ki asılı
vəziyyətdədir. Düzdür, neftin dünya bazar qiymətləri qalxmaqda davam edərsə, manatın
dəyəri sabitləşəcək. Başqa sözlə, inflyasiya cilovlanacaq. Ancaq təkcə, buna
bel bağlamaq olmaz axı. Odur ki, olduqca təqdirəlayiq hal olaraq, Neft Fondunun
2017-ci il üçün büdcəsindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə
Mərkəzi Banka 7 milyard 500 milyon manat transfert planlaşdırılmışdır. Ancaq
burada bir nüans var. Həm dövlət büdcəsinə və həm də AMB-ə ediləcək
transfertlər ilə bağlı müddəalarda "transfertin yuxarı həddi "
sözləri nəzərdə qaçırılmamalıdır. Yəni, hər şey bazardakı vəziyyətdən asılı
olacaq. Hesab edirəm ki, daxili valyuta bazarında "alovu yatdırmaq"
üçün il ərzində 5-6 milyard dollar təklifi ilə kifayət edəcək. Yaddan çıxarmaq
olmaz ki, manatın dəyəri həm də istehsaldan asılıdır”.
Şəbnəm Mehdizadə