• cümə axşamı, 28 mart, 17:56
  • Baku Bakı 16°C

Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollar depozit yerləşdirib

01.10.16 12:21 2607
Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollar depozit yerləşdirib
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Beynəlxalq Bankında (ABB) 1 milyard dollarlıq depozit yerləşdirib. Başqa sözlə, ARDNF 2001-ci ildən sonra ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Contact.az-ın məlumatına görə, bu, hökumətin xahişi ilə baş verib. Neft Fondunun 1 milyard dollar depozitindən ABB-nin xarici borclarının ödənilməsi üçün istifadə ediləcək.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, AMB və Maliyyə Nazirliyinin auditi göstərib ki, ABB-nin PSİ aktivləri 7 mlrd. manata (aktivlərin 70%-i) yaxındır: "Bankın 3 mlrd. dollar xarici öhdəlikləri var. ABB gözləyir ki, hökumət onun üçün əlavə 500 mln. AZN ayıracaq. Bundan başqa, AMB ABB-yə 1 mlrd AZN subordinasiyalı borc verib, ABB-ni daimi gəlirlə təmin etmək üçün 5%-lə 3 mlrd. manat depozit cəlb edib”.

Hesabata əsasən, ABB-nin səhmdarı olan Maliyyə Nazirliyi 2016-cı ilin sonuna kimi bankda payını 95%-ə çatdıracaq. Hesabatda bildirilir ki, 2014-cü ilin sonunda Maliyyə Nazirliyinin payı 51%, 2015-ci ilin sonunda 85% olub. Bu ilin sonuna bu göstərici 95%-ə çatacaq.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Kaspi”yə açıqlamasında bildirdi ki, ARDNF-nin xaricdə yerləşdirilmiş vəsaitlərindən bir hissəsinin ölkəyə gətirilərək banklarda yerləşdirilməsi təklifləri çoxdan dövriyyədə idi: "Məsələn, manatın məzənnəsinin ucuzlaşmasının qarşısını almaqdan ötrü də bu cür təklif irəli sürənlər var idi. Lakin manatın məzənnəsinin ucuzlaşmasının qarşısını nisbətən almaqdan ötrü Neft Fondunun vəsaitlərindən bir qisminin ölkəyə gətirilərək yerli banklarda yerləşdirilməsi təbii ki, həmin vəsaitlərin də daxili valyuta bazarında və digər yollarla "əriməsindən" başqa heç bir məqsədə xidmət edə bilməzdi. O baxımdan ki, bunu birincisi, bank sektorunun hazırkı vəziyyəti, ikincisi, mövcud iqtisadi şərait və şərtlər və ən nəhayət, üçüncüsü, manatın məzənnəsinə real təzyiq amilləri diqtə edirdi”.

İqtisadçının sözlərinə görə, bilavasitə bank sektorunda yaranmış məlum vəziyyət nöqteyi-nəzərdən isə valyuta ehtiyatlarından istifadə məsələsi nəzərdən keçirilə bilərdi: "Belə ki, buna hətta zərurət də var idi. Amma bu, heç bir halda bankların daxili borclarının silinməsi, kredit təkliflərinin yaxşılaşdırılması və genişləndirilməsi, habelə müştəriləri ilə münasibətlərinin yoluna qoyulması üçün istifadə oluna bilməzdi. Çünki belə məsələlərin həlli üçün valyuta ehtiyatlarından və yaxud, ümumiyyətlə, Neft Fondunun aktivlərindən istifadə heç bir effekt verə bilməz. Söhbət yalnız banklarımızın xarici öhdəliklərinin ödənişinə və ya yerinə yetirilməsinə yardımdan gedə bilərdi ki, belə bir təkliflə 1-2 il öncə mən də çıxış etmişdim. Belə ki, yazmışdım ki, daxili valyuta bazarında nisbətən uzunmüddətli sabitliyə nail olmaq üçün kommersiya banklarının xarici öhdəliklərini müvəqqəti olaraq Mərkəzi Bankın və yaxud Neft Fondunun öz üzərinə götürməsini nəzərdən keçirmək olar və lazımdır. Bu mənada ARDNF-nin Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirməsi təqdirəlayiq haldır. ABB sistem əhəmiyyətli bankdır. Və odur ki, onun sağlamlaşdırılması bütün bank sektoru üçün vacib şərtdir. Artıq bunun üçün hökumət xeyli iş görüb və müvafiq addımlar atıb”.

P.Heydərov qeyd etdi ki, valyuta bazarımızda gərginlik yaradan bir amil də məhz bundan ibarətdir. Belə ki, ABB üçün ayrılan vəsaitlər manatla olduğundan təəssüf ki, dolayı yolla milli pul vahidimizin dəyərinə həm də neqativ təsir bağışlayıb: "Odur ki, ARDNF-nin ABB-yə depozit yerləşdirməsi xarici valyuta ilə olduğundan manatın məzənnəsi üçün də mənfi təsir bağışlamayacaq. Ümumiyyətlə, hesab edirəm ki, bu cür sistem əhəmiyyətli banklarımızın sağlamlaşdırılması məqsədilə məhz Neft Fondunun vəsaitlərindən istifadə zəruri xarakter daşımaqdadır”.

Neft Fondunun bu addımının davamlı olmasına gəlincə, P.Heydərov dedi ki, söhbət hələ ki sağlamlaşdırma tədbirlərindən gedir. Gələcəkdə ABB beynəlxalq səviyyəli quruma çevrilərsə və tam sağlam, yüksək rentabelli bank olaraq fəaliyyət göstərməyə başlayarsa, Neft Fondu tərəfindən depozit yerləşdirilməsi, sözsüz ki, davam etdirilə bilər. Amma indiki halda bu, müəyyən bir çərçivədə həyata keçiriməlidir.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoruFikrət Yusifovun sözlərinə görə, Neft Fondu tərəfindən atılan bu addım Beynəlxalq Bankın sağlamlaşdırılmasına dair hökumətin müəyyən etdiyi kursa uyğundur: "Beynəlxalq Bankın bank sistemindəki rolu kifayət qədər böyükdür. Hazırda bank sistemində mövcud olan kredit portfelinin və əmanətlərin böyük bir hissəsi məhz bu bankın payına düşür. Bu səbəbdən də bankla bağlı strategiya ən qısa vaxt ərzində onun sağlamlaşdırılması işini başa çatdırmaqdan ibarətdir. Neft Fondunun və başqa təşkilatların bundan sonra müvafiq addımlar atacağı da gözləniləndir. İqtisadi islahatların geniş vüsət aldığı indiki dönəmdə bu islahatlara dəstək ola biləcək bank sisteminin formalaşdırılması çox mühüm bir məsələdir. Bu sahədə Beynəlxalq Bankdan da gözləntilər böyükdür. Ona görə də hökumət bankın sağlamlaşdırılması üçün bütün zəruri tədbirləri görür”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər