• cümə axşamı, 18 aprel, 22:01
  • Baku Bakı 21°C

Neft Aralıq dənizi hövzəsinə yeni yol açdı

23.10.18 18:56 591
Neft Aralıq dənizi hövzəsinə yeni yol açdı
Türkiyənin İzmir şəhərində Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən açılan yeni neft emalı zavodu dünya mediasında böyük rezonans doğurub. Qardaş ölkənin - Türkiyənin mediası ilə yanaşı, qonşu Rusiya KİV-ləri də bu müəssisəyə diqqət ayırıblar. Məsələn, bu ölkənin "News.ru” saytı yazır ki, bu müəssisə Avropa, Şimali Afrika və Yaxın Şərqdə bu tip ən böyük obyekt hesab edilir. Ümumi gücü il ərzində 10 mln. ton neft olacaq müəssisəyə həm də Rusiyanın "Rosneft” şirkətindən Urals markalı qara qızıl da daxil olacaq. Nəşr bu müəssisənin Aralıq dənizi hövzəsi üçün əhəmiyyətindən bəhs edib. TeleTrade-nin valyuta strateqi Aleksandr Yeqorov hesab edir ki, bu obyektin Rusiya üçün əhəmiyyəti xam neftin çatdırılması öhdəlikləri üzrə əldə olunan razılaşmalarla müəyyən olunur. "Rusiya, Türkiyə və Azərbaycan prezidentləri arasında əldə olunan kompleks razılaşmalar, eləcə də, Əliyev və Ərdoğanın açılış mərasimində iştirakı bu layihənin bütün dövlətlər üçün nə qədər iqtisadi əhəmiyyət kəsb etdiyini göstərir”, - deyə rusiyalı ekspert vurğulayıb. Onun qənaətincə, investisiyaların özünü doğruldacağı müddəti layihə iştirakçılarını qane edir. Lakin bu müəssisənin xüsusən də Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsini diqqətdən kənarda saxlamaq olmaz. Belə ki, bu ölkə mütəmadi olaraq özünü Aralıq dəniz hövzəsində iri enerji habı kimi bəyan etməyə çalışır. Məqalədə vurğulanır ki, "Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq. "Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, "Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq. Ümumiyyətlə, bu cür layihələrin özünü doğrultması təqribən 10 il çəkir. "Mitçeldin” konsultatuv mərkəzinin analitiki Denis Druşlyak hesab edir ki, neft emalı müəssisələri yerləşdiyi regionun iqtisadi cəhətdən dirçəlməsini təmin edir. Ekspert bu müəssisəyə Azərbaycan və Rusiya xam neftinin daşınmasının da mühüm əhəmiyyət kəsb etdiyinin bildirib. Onun sözlərinə görə, Türkiyə ərazisindəki yeni müəssisə ölkənin iqtisadi inkişafına gətirib çıxaracaq. Yanacaqdoldurma stansiyaları şəbəkəsi, neft emalı müəssisəsində xidmət, təhlükəsizlik və qorunma - bütün bunlar birlikdə və ayrı-ayrılıqda ölkəyə valyuta axının güclənməsinə səbəb olacaq.
Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Heydər Həsənovun sözlərinə görə, SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların ümumu həcmi 2020-ci ildə 19,5 mlrd. dollara çatacaq. "Neft emalı zavodu – Azərbaycanın ölkə xaricində həyata keçirdiyi ən iri investisiya layihəsidir. Bundan əldə olunacaq gəlir il ərzində 500 mln. dollar təşkil edəcək”, - deyə o bildirib. Bu, iki ölkənin həyata keçirdiyi ilk layihə deyil. Bundan əvvəl Bakı-Ceyhan neft, Bakı-Ərzurum və TANAP qaz, Bakı-Qars dəmir yolu layihələri həyata keçirilib.
Xatırlatmaq yerinə düşər ki, Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artır. Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10,4 milyon ton) ödəyə bilir. 2017-ci ildə 24,2 milyon ton dizel istehlak edən Türkiyə xaricdən 7 milyard dollar dəyərində idxal edib. Yalnız daxili bazar üçün məhsul istehsal edən "Star” zavodu Türkiyənin neft məhsulları idxalını 36% azaldacaq.
Bundan əlavə, "Vestnik Kafkaza” da İzmirdə açılan yeni müəssisə ilə bağlı informasiya dərc edib. Müəllif yazır ki, "Star” müəssisəsi Türkiyənin xüsusi sənaye zonası kimi status alacaq ilk müəssisəsi olacaq. Bu barədə məlumatı sayt Türkiyənin "Resmi Gazete”nə istindən dərc edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər