• şənbə, 20 Aprel, 19:55
  • Baku Bakı 24°C

Nəcib qadın, qayğıkeş ana və vətənpərvər həkim

29.04.14 09:49 1898
Nəcib qadın, qayğıkeş ana və vətənpərvər həkim
“Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm.” Ümummilli Lider Heydər Əliyevin bu fikirləri bizi bir daha Qadın, Ana və İctimai Xadim haqqında düşünməyə sövq edir. Bir qadına yalnız bu qədər gözəl və layiqli qiymət verilə bilər.
Bu il tanınmış oftalmoloq-alim, akademik, görkəmli ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasından 91 il ötür. Bu nəcib və nurlu insanının həyat və fəaliyyətini nəzərdən keçirir, unudulmaz xatirəsini ehtiramla yad edirik. Və bir daha əmin oluruq ki, Azərbaycan elminin və cəmiyyətinin inkişafında Zərifə xanım və onun kimi onlarla qadının əvəzsiz rolu vardır.
Əsrlər boyu alim və mütəfəkkirlər tanınmış insanların həyatını öyrənmiş və son nəticədə belə qənaətə gəlmişlər ki, başlıca tərbiyəvi faktor şəxsiyyətin formalaşdığı mühitdir. Zərifə xanım çox nəcib bir ailədə - ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Yüksək vətəndaşlıq hissinə malik olan Əziz Əliyev haqqında qədirbilən insanlarımız çox oxuyub, çox eşidiblər. O, xalqı qarşısında ictimai borcunu dərindən dərk edərək ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyütmüşdür. Zərifə xanımın anası Leyli xanım ləyaqət təcəssümü idi. Həyat tərzinə görə çox sadə davranmağı sevən bu qadın qızlarına da həyatda təvazökar davranmaq mədəniyyəti aşılamışdır.
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbülfəz Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül və başqa böyük şəxsiyyətlər bu ailənin yaxınları olublar. Geniş ensiklopedik biliyə malik Əziz Əliyev övladlarını belə yüksək mənəvi dəyərlər zəminində tərbiyə etmişdir.
Məhz bu tərbiyənin nəticəsidir ki, Zərifə xanım yalnız ona müraciət edən xəstələri müalicə etməklə kifayətlənmirdi. O daim araşdırır, insanların sağlalığı üçün tədqiqatlar aparırdı. Elmi ictimayyətə, xüsusilə, oftalmologiya ictimaiyyətinə yaxşı məlumdur ki, Zərifə Əliyeva görmə orqanında peşə xəstəliyini öyrənən ilk görkəmli alimdir. Belə ki, şin və yod istehsalı sahəsində zərərli amillərin görmə orqanına təsirini məhz o araşdırmışdır. Kənd təsərrüfatında geniş tətbiq olunan zəhərli maddələr də onun diqqətini cəlb etmişdi. Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq büruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına həvəslə, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır. “Göz qəlbin aynasıdır” deyiblər. Zərifə xanım bu aynanın həmişə nurlu olması üçün çalışırdı.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva fəaliyyətini yüksək qiymətləndirmişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir. O, həkim olmaqla yanaşı, tanınmış ictimai xadim idi. Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə xanım təkcə görkəmli alim və ictimai xadim deyildi. O, həm də gözəl qadın, qayğıkeş ana idi. O, Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin xanımı idi. Zərifə xanım həyatını xalqına həsr etmiş bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq oldu. Zərifə xanım övladlarının düzgün tərbiyəsi üçün hər cür fədakarlığa hazır idi. Həmişə kamilliyə can atan bu insan uşaqlarının tərbiyəsində də şəxsi hisslərini deyil, cəmiyyətin mənafeyini üstün tuturdu. Bu gün Azərbaycanın fəxri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətdə qazandığı uğurlar, gündən-günə dünyada artan nüfuzu bir ana kimi Zərifə xanımın ruhunu şad edir. Azərbaycan tarixinin iki böyük şəxsiyyətinin - Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin anası olmaq səadətini də tale Zərifə xanıma yazmışdır.
“Ot kökü üstündə bitər”... Bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırır, onun vətəndaşlıq və insansevərlik missiyasını davam etdirirlər. Ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda Birinci Xanım institutunu daha da mükəmmələşdirmişdir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün layihələr həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur. Bu da genetik yaddaşın bir göstəricisidir.
Zərifə xanım öz məhəbbətinə, ailəsinə, cəmiyyətə və vətəninə sədaqəti, fədakarlığı ilə şərəflənən, yüksələn qadındır. O, bütün sahələrdə gənc nəslə örnəkdir. Onun həyat və yaradıcılığı bizim qızlarımız və xanımlarımız üçün nümunədir. Zərifə xanım Əliyeva haqqında fikir deyəndə, “nurlu insan”, “ xeyirxahlıq nümunəsi”, “novator alim” kəlmələri mütləq qeyd olunur. Bu da onu göstərir ki, insanın dəyəri onun fəaliyyəti, daxili aləmi ilə ölçülür. Zərifə xanım Əliyeva fiziki olaraq bu dünyada olmasa da, o əməlləri, tələbələri, övladları və nəvələri ilə hər zaman xatırlanacaq və dərin hörmət hissi ilə yad ediləcəkdir.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor
banner

Oxşar Xəbərlər