Necə üzək ki, boğulmayaq? - Gənclərə məsləhət
Yay mövsümünün gəlişi elə dəniz mövsümünün də
başlaması deməkdir. İnsanların bir çoxu istirahətini dənizdə keçirir. Qum,
günəş və dənizdən yayda imtina etmək çox çətindir. Amma təəssüf ki, bəzən bu
istirahətlər boğulma hadisələri ilə nəticələnir. Təəssüf ki, son dövrlə dənizdə
boğulma halları tez-tez baş verir. Ona görə, budəfəki yazımızda dənizdə
boğulmamaq üçün nələrə diqqət etməli olduğumuzu, kimsə boğularkən nə kimi
köməklik edə biləcəyimizi öyrənməyə çalışdıq. Həmsöhbətimiz "Təhsil”
Respublika İdman mərkəzinin üzgüçülük bölməsinin baş məşqçisi Mahmud Şahbazovdur.
Həmsöhbətimiz deyir ki, son dövrlər üzgüçülüklə
məşğul olanların sayı əvvəlki dövrlərə nisbətən artıb: "Ölkəmizdə beynəlxalq
oyunlar keçiriləndən sonra üzməyi öyrənmək istəyənlərin sayı çoxalıb. Peşəkar
səviyyədə, idmançı kimi məşğul olmaq üçün kiçik, təxminən 6-7 yaşından məşğul
olmaq lazımdır. Amma son zamanlar yeniyetmələr yox, daha böyük - 25-30
yaşlarında üzməyi öyrənmək istəyənlərin sayı artıb. Xüsusən də dincəlmək üçün
xaricə gedənlər daha çox maraq göstərir. İstəmirlər ki, üzməyi bacarmayan biri
kimi görünsünlər”.
Məşqçidən üzməyi öyrənmək üçün nə qədər vaxt gərək
olduğunu da soruşduq: "Kimdəsə bir az gec, kimdəsə tez alınır. Minimal öyrənmək
vaxtı var. Gərək heç olmasa kursu keçəsən. İnsan var iki aya, insan var 3 aya
öyrənir. Yəni, bu müddətdə heç olmasa 60-70 faiz üzməyi bacarır. Amma tam
professional üzmək üçün çox vaxt tələb olunur. Bir neçə il lazımdır ki,
sərbəst, özünə güvənlə üzə biləsən”.
"Hovuzla dənizin fərqi çoxdur” deyən müsahibimiz
hovuzda üzməklə dənizdə üzməyin fərqindən də danışdı: "İnsanlar düşünür ki,
hovuzda üzməyi bacarırsa, dəniz onun üçün problem deyil. Lakin məsələ göründüyü
kimi deyil. Hovuz 25-30 metrdir, bir sonu var. Amma dənizdə elə bir şey yoxdur,
dənizdə açıqlıqdır. Dənizdə şərait tamamilə başqadır. Əslində, dənizə üzmək
üçün yox, dincəlmək üçün getmək lazımdır. Üzmək üçün hovuzdan istifadə etmək
daha məsləhətə uyğundur”.
Belə bir fikir var ki, professional səviyyədə
üzməyi bilən dənizdə boğulmaz. Məşqçinin bu barədəki fikirləri də maraqlıdır:
"Bilirsiniz, heç kim zəmanət verə bilməz ki, əla səviyyədə üzməyi bacaran
üzgüçü suda boğulmaz. Belə bir qayda yoxdur. Hətta, ən yaxşı üzgüçü də hansısa
bir anda ola bilər ki, suda boğulsun. Sadəcə olaraq, professional tərəfdən
baxanda, haradasa özünü tənzimləyə, bu hadisədən uzaq ola bilər. O qədər dünya
şöhrətli üzgüçülər olub ki, dənizdə batıb”.
Mahmud bəydən dənizdə üzərkən edilən ən böyük
səhvləri soruşduq: "Birincisi, dənizdə su ilə rəftar qaydalarına fikir vermək
lazımdır. Belə ki, suda davranış qaydalarına riayət olunmalıdır. Buna riayət
etməyəndə hər bir hadisə baş verə bilər. Məsələn, əzələ dartınması, qolun,
ayağın sınması ola bilər. Bir də görürsən ki, bir-birlərinin çiyinlərinə çıxıb
suya tullanırlar. Bu vaxt həmin adamın başı suyun dibindəki daşa da dəyə bilər.
Digər tərəfdən, dənizdə çox uzağa, dərinliyə doğru üzmək olmaz. Çünki insan
yorular, damar dartınması ola bilər. Bu da boğulmaya gətirib çıxarar. İndi
Fövqəladə Hallar Nazirliyi müəyyən qadağalar, baryerlər qoyub ki, heç kim həmin
hissədən sonra üzməsin. Dənizdə insanın boyu hara qədər çatırsa, ayağı yerə
dəyirsə, həmin məsafəyə qədər üzmək lazımdır. Əslində, insanların etdikləri ən
böyük səhv bir az hovuzda üzməyi öyrənəndən sonra özlərini professional üzgüçü
bilmələridir. Onlar hovuzla dənizin fərqini anlamalıdırlar. Dənizdə bir az
üzəndən sonra insan yorulur və geri
qayıda bilmir. Bəzən görürsən, suda
burulğanlar olur. İnsanlar suya kəllə vururlar və həmin burulğana düşürlər.
Həmçinin, dərinliyə tullananda da bunu nəzərə almalıdırlar. Çünki hovuzun
dərinliyi ilə dənizin dərinliyi müxtəlifdir. Dənizdə dərinə gedənlər
müvazinətini itirib çıxa bilmirlər və boğulma hadisəsi baş verir. Ümumiyyətlə,
dənizlə ehtiyatlı olmaq lazımdır”.
Deyirlər ki, dənizdə üzmək üçün insanın özünəinamı olmalıdır.
Bu, həqiqətən belədirmi? Məşqçinin məsləhətləri belə oldu: "Ümumiyyətlə, insana
hər sənətdə özünəinam lazımdır. Nə ilə məşğul olursansa, özünə güvənməlisən ki,
mən bunu bacaracağam. Amma özünəinam dənizdə keçmir. Nə qədər yaxşı üzsən də,
dənizdə uzağa üzmək təhlükəlidir. Dənizdə damar dartınması, su burulğanı, dalğa
ola bilər. Burada əminlik kimi amillər heç kimə kömək olmur. Burada sənə gərək
qıraqdan kömək edən olsun”.
Məşqçidən boğulan insana ilk yardım göstərməyin
yollarını da soruşduq: "O baxır insanın boğulma vaxtına. İnsana 1 dəqiqə yarım
bəsdir ki, boğulsun. Ona heç cür kömək etmək olmur. Əgər bir insanın
boğulduğunu tez hiss edibsinizsə, onu dərhal suda arxası üstə çevirib sahilə
çıxarmaq lazımdır. Sahilə çıxardıqdan sonra üzüstə uzadıb qarnına basanda onun
ağzından su çıxmalıdır. Yəni, boğularkən udduğu su xaric olunmalıdır”.
Günel Azadə