• şənbə, 20 Aprel, 13:09
  • Baku Bakı 23°C

“Necə qadın olduğumu demək mümkün olsaydı, Xumar olmazdım” – Müsahibə

02.10.14 12:18 4330
“Necə qadın olduğumu demək mümkün olsaydı, Xumar olmazdım” – Müsahibə
Srağagün Xumar Qədimova jurnalistləri və mədəniyyət aləmində tanınan say-seçmə şəxsləri ətrafına cəm edib yeni mahnısını mətbuatın diqqətinə çatdırdı. Hər zaman mətbuat konfranslarının əleyhinə olduğunu bildirən müğənni bu dəfə jurnalistlərlə görüşməyinin bir səbəbkarı olduğunu dedi.
Tədbirdən sonra “Kaspi”yə müsahibə verən Xumar Qədimova “Bir də gəlməyəcək mənim tək qadın” mahnısının bəstəsinin özünə, sözlərinin isə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə aid olduğunu söylədi. Xumar xanımın mətbuat konfransı təşkil etməsinin səbəbkarı da məhz Rəşad Məcid olub.
“Əsas odur ki, mənasız mahnı oxumayasan”
- Xumar xanım, sizcə, doğurdanmı, “Bir də gəlməyəcək sizin tək qadın”?
- Əlbəttə. İfa etdiyim bu mahnı insanların həyatından bəhs edir. Bu gün qadın mövzusu aktualdır. Mahnının sonunda yenə qadın qalib gəlir. Mahnıda kişi deyir ki: “Bilmədim iblissən, ya mələk qadın. Ətri, gözəlliyi çiyələk qadın. Bir də gəlməyəcək sənin tək qadın. Nə sənin dünyana, nə bu dünyaya”. Görürsünüzmü, iblis də olsa, yenə də qadın qalib gəldi. Mən istəyirəm ki, hər zaman gözəl, layiqli qadınlarımız qalib gəlsin. Mən ifa etdiyim mahnılara elə sözlər seçirəm ki, tamaşaçıların marağına səbəb olsun. Artıq mahnı yeni olsa da, hər kəs onun başlığını yadında saxlayıb, “bir də gəlməyəcək mənim tək qadın” deyirlər. Əsas odur ki, mənasız mahnı oxumayasan. Bir çox mahnıları dinləyəndə görürük ki, onun nə əvvəli var, nə də sonu. Tamaşaçılar üçün heç bir mahiyyət kəsb etmir. Bu tip mahnıları sevmirəm.
- Mahnı ilə bərabər həm də albomunuzu təqdim etdiniz. Albomda yer alan mahnılarınızın hamısı yenidirmi?
- Albomda 16 nəğməm yer alıb. Hamısı da sanballı, tamaşaçıların zövqünü oxşaya biləcək mahnılardır. İlk olaraq isə sizə təqdim etdiyim “Bir də gəlməyəcək mənim tək qadın” mahnısı yer alıb. Albomda bu mahnımdan sonra isə daha əvvəl ifa etdiyim mahnılar yerləşdirilib. Mən yeni mahnım olanda onu alboma salıram, ondan qabaqkı son mahnılara da orada yer verirəm.
- Maraqlıdır, “Bir də gəlməyəcək Xumar tək qadın” sözlərinə uyğun olaraqmı mahnının adı elə seçilib?
- Yox, bu sözü Rəşad Məcid mətbuat konfransında zarafat xatirinə demişdi (gülür). Mən heç vaxt Xumar tək qadın demərəm. O sözü işlətmərəm. Şeiri Rəşad Məcid yazıb. O, çox səmimi insandır. Bu səmimiyyət onun şeirlərində də öz əksini tapır. Mən onun hədiyyə etdiyi kitabdan bu şeiri seçdim və ona musiqi bəstələdim. Rəşad müəllim mahnıya qulaq asanda təəccübləndi. Ağlına gətirmirdi ki, mənim seçimim bu şeir üzərində olacaq. Mən hər zaman dillər əzbəri olacaq nəğmələr seçirəm. Elə hesab edirəm ki, tamaşaçılar da mənim ifamda bu mahnını sevib, dinləyəcəklər. Bu bəstədə də hər bir insanın həyatında baş verə biləcək sevgidən bəhs edilib. Bu mahnımda da qadın qələbə qazanır.
Səbəbkar Rəşad Məciddir
- Xumar necə qadındır?
- O... Xumar əgər “bir də gəlməyəcək mənim tək qadın” deyirsə... Onun necə qadın olduğunu heç vaxt demək olmaz. Əgər onun necəliyi deyiləcəksə, necə “Bir də gəlməyəcək mənim tək qadın” ola bilər ki? Xumarın necə qadın olduğunu demək mümkün deyil. Demək mümkün olsaydı, o, Xumar olmazdı.
- Mahnınızı fotossesiya edərək mətbuata təqdim etdiniz. Belə tələsməkdə məqsəd nə idi? Mahnıya klip çəkdirib o şəkildə mətbuata təqdim etmək olmazdımı?

- İnşallah, bu mahnıya klip də çəkiləcək. Mahnının belə tez təqdim edilməsinin səbəbkarı sözlərinin müəllifi Rəşad Məcid oldu. Belə ki, o, mahnını tez təqdim etmək istədi. Onun istəyi ilə biz də razılaşdıq və mahnını mətbuata təqdim etdik.
- İkinci dəfədir ki, siz jurnalistlərlə görüşürsünüz. İndi sizi buna nə vadar etdi?

- Bəli, mən təqdimatın əleyhinəyəm. Heç zaman gözəl mahnını xüsusi təqdim etməyin tərəfdarı olmamışam. İşlərimi jurnalistlərə təqdim etməyi sevmirəm. Gözəl mahnı, gözəl layihələr özü-özünü təqdim edir. Mənim düşüncəmə görə, bunları təqdim etməyə ehtiyac yoxdur. Bu mahının təqdimatının səbəbkarı isə dostum Rəşad Məcid oldu. Onun xətrinə təqdimatı keçirməyə razı oldum. Mənim üçün təqdimat keçirmək heç də yaxşı hal deyil. Bundan öncə “Sevgi harayı” klipini mətbuata təqdim etmişdim. O böyük bir kompozisiya idi. Biz orada hər şeyi səhnə şəklində təqdim etdik. İnşallah, yaxın zamanlarda filologiya üzrə fəlsəfə doktoru, şeirləri insanların qəlbinə asanlıqla yol tapan Sona xanım Vəliyevanın sözləri və mənim bəstəmdən ibarət olan “Torpaq harayı” kompozisiyasını təqdim edəcəyəm. Öncədən sizə onu çatdırım ki, sözləri Sona xanıma aid olan bu mahnını çox möhtəşəm bir layihə kimi tamaşaçıların qarşına çıxaracağam. Həmin layihədə bir neçə tanınmış sənətkar iştirak edəcək. Yəqin ki, o zaman da təqdimat mərasimi keçirəcəyik. Çünki mən elə böyük bir layihəni necə təqdim etməyim? Bu da çox gözəl mahnıdır və digər mahnılardan fərqlənir. Mən hər zaman keyfiyyətli mahnılara üstünlük verirəm. Mənim nəğməm, insanlar dinləyəndən sonra “hə, nə olsun?” dedikləri mahnılardan ola bilməz. İndi dəhşət orasıdır ki, dinləyəndən sonra “hə, nə olsun” dediyimiz həmin o mahnılara müğənnilər tez-tez təqdimat mərasimləri keçirirlər. Ayıbdır...
Sona Vəliyeva ilə yenə bir araya gələcəyik

- Bundan öncə də siz Sona xanımın yaradıcılığına müraciət etmişdiniz.

- Bəli. Sona xanım Azərbaycan xalqının dəyərli yazarlarındandır. Mənim üçün o, qiymətlidir. Sona xanımla işlədiyim həmin layihə o qədər ağır və sanballıdır ki, hərdən həyata keçməz deyə qorxuram. “Şükür ki, ölməmişəm” layihəsindən sonra yenə Sona xanımla bir araya gələcəyik. “Torpaq harayı” kompozisiyası çox möhtəşəm bir əsərdir. Noyabrın sonları biz o kompozisiyanı tamaşaçılara təqdim edəcəyik. Yəni bu kompozisiya 2015-ə qalmayacaq. Bu layihənin dadını çıxardıqdan sonra bir daha Sona xanıma müraciət etməyi düşünürəm.
- Təqdim etdiyiniz mahnıda dekolteli geyimdə olan fotosessiyanız da yer almışdı. Bu bizim diqqətimizdən qaçmadı...

- Bir dəfə olar da (gülürük). Nə olar, qoy olsun. Mən orada böyük açıq-saçıqlıq görmədim. Əgər vulqar, iyrənc bir şey görsəydim, təbii ki, buna etiraz edərdim. Baxmayaraq ki, mənim gizlədiləsi heç yerim yoxdur. Ancaq mən özümü çox göstərməyi də sevmirəm. Onu da nəzərinizə çatdırım ki, o fotosessiyanı məhz bu mahnı üçün hazırlamışam. Həm də köhnə şəkillərim var idi, istədim ki, onlara da yer verim. Şəkilləri qayalıqlarda çəkdirmişəm.
- Xumar xanım, bu gün bir çox müğənnilər görünür, ancaq eşidilmirlər. Siz necə düşünürsünüz?

- Doğrudan da elədir. Fikrinizlə razıyam. Ola bilər ki oxuyurlar, ancaq bu yalnız onlara elə gəlir. Görünürlər, ancaq bilmirlər ki, onların göstərdikləri nədir. Məncə, ən vacibi də elə budur. Özünə hörmət edən müğənni ilk öncə bilməlidir ki, onun oxuduğu nədir. Onun göstərdiyi performans tamaşaçılar tərəfindən qəbul olunurmu, dinlənilirmi? Və ən əsas məsələ - o, tamaşaçılar tərəfindən sevilirmi? Tamaşaçılar onun nəğmələrinin arxasınca gedirmi?
- İfa etdiyiniz bəzi mahnılarda şeirlərin orijinalına dəyişiklik edirsiniz. Buna sizi vadar edən nədir?

- Onu siz haradan bilirsiniz?
- Bu bizim işimizdir (gülürük).
- Bəli. İfa etdiyim elə bir şeir yoxdur ki, oraya öz sözlərimi əlavə etməyim. Hətta sizə təqdim etdiyim bu mahnıda da mənim öz sözüm var. Buna görə söz yazarları heç də narahat olmurlar. Mənə sözlərini həvalə edən şairlər zövqümə inanır, ona görə deyirlər ki, nə istəsən etməkdə sərbəstsən. Həqiqətən hər mahnıma özümdən sözlər əlavə edirəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər