Neçə nəfər daimi dövlət təminatında yaşayır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət
müəssisələrində hazırda 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla,
stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.
Nazirlikdən Kaspi.az-a verilən məlumata görə, həmin insanlardan 776
nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfər tənha ahıl və əlilliyi
olan vətəndaş Bakının Bilgəh kəndiqəsəbəsində yerləşən Müharibə və əmək əlilləri
üçün pansionatda, qalanları isə ruhi-əsəb əlilləri olmaqla nazirliyin
psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar. Nazirliyin Bakının
Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı
sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində isə 330
nəfər uşaq stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq son
illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış şəraiti
yaradılmaqla, onlarda təminat səviyyəsi daha da yaxşılaşdırılıb. Eyni zamanda
Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri
aparılmaqla, Pansionat üçün yeni korpus inşa olunaraq istifadəyə verilib.
Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramı çərçivəsində isə sağlamlıq imkanları məhdud uşaqlar
üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, reabilitasiya yönümlü
sosial xidmətlərlə təmin olunmaları üçün nümunəvi şərait yaradılıb.
Qeyd olunanlarla bərabər, sosial xidmət müəssisələrindəki şəxslərin
doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də
davam etdirilir. Bu sahədə aparılan işlər nəticəsində cari ilin ötən dövründə
həmin müəssisələrdən 31 nəfər şəxs doğma ailələrinə qayıdıb. Onlardan 18 nəfəri
sağlamlıq imkanları məhdud uşaqlar olub.