• cümə, 19 Aprel, 09:51
  • Baku Bakı 13°C

Necə geyinək ki, həm sərinlik tapaq, həm də günəşdən qorunaq?

17.07.18 12:30 961
Necə geyinək ki, həm sərinlik tapaq, həm də günəşdən qorunaq?
Artıq yay fəslini demək olar ki, yarılamışıq. Bu isə o deməkdir ki, ilin ən isti günlərini yaşayırıq. Hər nə qədər həkimlər "temperaturun yüksək olduğu günlərdə açıq havada olmayın” desələr də, müəyyən səbəblərə görə bu tövsiyəyə əməl edə bilmirik, evdən çıxmalı oluruq. Bir çoxları fikirləşir ki, isti yay aylarında daha yüngül geyinməklə, nisbətən də olsa bədəndə sərinlik yaradırlar. Elə buna görə də, bəzi insanlar yay aylarında az qala, yarıçılpaq gəzməyə üstünlük verirlər. Bədən bəzi nahiyəsinin tamamilə çılpaq olması, insan orqanizminə sərinlik gətirir? Bəlkə, belə olan təqdirdə, günəş şüası orqanizmimizə daha öldürücü təsir edir? Bu suallarımızı mütəxəssislər cavablandırdılar.
Modelyer Şəlalə Maqsudova deyir ki, yay aylarında geyim seçərkən, parçanın materialına fikir vermək lazımdır: "Geyimləri seçərkən parçanın materialına fikir vermək və düzgün seçim etmək çox mühümdür. Hətta parçanın materialı rənglərdən də önəmli rol oynayır. Yaxşı olardı ki, təbii materiallara - xüsusilə kətandan, çit parçadan hazırlanan geyimlərdə üstünlük verilsin. Xüsusilə yay aylarında sintetika tərkibli geyimlərdən qətiyyən istifadə etmək olmaz. Geyim seçərkən paltarın rənginə də fikir vermək lazımdır. Yayda daha çox qarışıq və al-əlvan tonlarda olan parçalara üstünlük verilmək məsləhətdir. Bundan əlavə güllü, açıq rəngli parçalar hər ilin yaz-yay aylarında dəbdə olur”.
Müsahibim deyir ki, bədənə oturmayan, gen-bol biçimdə olan geyimlər daha faydalıdır: "Yay aylarında çox açıq-saçıq geyimlərdən istifadə etmək bir o qədər də məqsədəuyğun deyil. Çünki bu halda günəş şüaları bədənə birbaşa nüfuz edir və bu, insan orqanizminə mənfi təsir göstərir. Yaxşı olardı ki, nisbətən qapalı geyimlərə üstünlük verilsin. Amma bu o demək deyil ki, tünd rəngli qapalı geyimlərdən istifadə edilməlidir. Açıq ağ rəngli tonlarda qapalı geyinmək orqanizm üçün daha faydalıdır. Çünki ağ rəng günəş şüalarını geri qaytarır. Ultrabənövşəyi şüalardan qorunmaq üçün bu, ən əlverişli üsullardandır”.
Tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, isti aylarda süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək olmaz: "İlk növbədə onu qeyd etməliyəm ki, günəş şüalarının orqanizmimizə uzun müddətli nüfuzundan qorunmaq üçün bədənin açıq yerləri üçün gün kremlərindən istifadə olunmalıdır. Dərinin qorunması baxımından bu, çox önəmlidir. Təəssüflər olsun ki, Azərbaycanda insanlar dərinin qorunmasına əhəmiyyət vermirlər. Paltar seçiminə gəldikdə isə çox açıq geyimlərin istifadəsi sağlamlıq baxımından da yolverilməzdir. Belə havalarda daha çox havakeçirici paltarlardan istifadə edilməlidir. Sintetik tərkibli geyimlər havanı yaxşı keçirmir və bu, orqanizm üçün çox zərərlidir. Belə olan təqdirdə, günvurma ehtimalı daha da artır. Bu mənada istər baş örtükləri, istərsə də digər geyimlər pambıq materialından olmalıdır ki, bədəni havalandıra bilsin. Süni tərkibli parçalardan mümkün qədər uzaq durmaq lazımdır. Yay aylarında geyim elə seçilməlidir ki, istinin orqanizmə neqativ təsirini minimuma endirə bilsin. Həmçinin, isti aylarda gigiyena qaydalarına da mütləq riayət edilməlidir. Sağlamlıq və infeksiyalarla mübarizə baxımından bu, önəmlidir. Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır. Yay aylarında geyim tez-tez təzələnməlidir. Tərli və çirklənmiş paltarlar dəyişilməlidir. Çünki onlar infeksiya mənbəyi hesab olunurlar. Diqqətli olmaq lazımdır ki, neqativ halların qarşısını vaxtında almaq mümkün olsun”.
Ekspert bildirdi ki, dəriyə birbaşa nüfuz edən günəş şüaları sonradan hətta bədxassəli şişlərə də səbəb ola bilir: "Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif günəş yanmaları ilə nəticələnə bilir. Bundan başqa, dəriyə birbaşa nüfuz edən günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola bilər. Bu, hətta bəd xassəli şişin yaranmasına da gətirib çıxara bilir. Başda, üzdə xallar varsa, günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Yaşlı adamlarda piqmentlər əmələ gəlir. Bu, insanda bədxassəli şişə çevrilə bilir. Günəş yanıqları yaşlı adamlarda xüsusilə təhlükəlidir. Dərinin alt qatlarında müxtəlif dərəcəli fəsadlara səbəb ola bilir. Ona görə də, bədənin açıq olan hissələrində gün kremindən istifadə olunmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər