Necə edək ki, ictimai-iaşə obyektlərinə qorxu altında getməyək?
Bu
günlərdə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan
hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət
göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar
konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin -
1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü
Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar
edilib. 1974-cü il təvəllüdlü Natiq Zahid oğlu İbrahimov isə ötən gecə aldığı
ağır yanıq xəsarətlərindən xəsətəxanada dünyasını dəyişib. Hadisə zamanı
xəsarət alan 1965-ci il təvəllüdlü Şəkər Xosrov qızı İbrahimovanın müalicəsi
davam etdirilir. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü
(səhlənkarlıq - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış
cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Restoranlar,
kafelər bir çoxumuzun gündəlik getdiyi məkanlardandır. Hər gün minlərlə insan
belə ictimai iaşə obyektlərinə üz tutur. Amma təəssüflər olsun ki, heç də bütün
məkanlar təhlükəsiz deyil. Binəqədidə baş verən hadisədən sonra ictimai-iaşə obyektlərində təhlükəsizlik
problemi bir daha aktuallaşdı. İnsanlar istər-istəməz övladlarına, ailəsinə,
yaxınlarına, dostlarına görə haqlı narahatlıq hissi keçirirlər. Bəs görəsən
ictimai-iaşə obyektlərində təhlükəsizlik məsələləri necə həll edilməlidir?
Özümüzü neqativ hallardan necə sığorta edə bilərik?
Tanınmışhüquqşünas, "Konstitusiya” Araşdırmalar Fondunun
prezidenti Əliməmməd Nuriyevbildirdi ki, bu sahədə mühüm tədbirlər
görülməlidir: "Mən bildiyim görə, sözügedən müəssisə rəhbərliyinin
özbaşına və qanunsuz göstərişi ilə idarə olunur. Belə yerlərdə təhlükəsizlik
qaydalarına əməl edilmir. Son illərdə yoxlamaların dayandırılması isə özbaşınalıqları
daha da artırıb. Müəssisə sahibləri onu istədikləri şəkildə idarə edirlər. Bir
çox kafe və restoranlarda heç bir təhlükəsizlik təminatı yoxdur. Digər
tərəfdən, insanların kütləvi şəkildə toplaşdığı ərazilərdə qida təhlükəsizliyindən
tutmuş bütün tədbirlərə tam olaraq əməl edilməlidir. Prosesin həyata
keçirilməsi isə mütəmadi şəkildə yoxlanılmalıdır. Bəzən təxliyə və digər vacib
tədbirlərin heç birinə əməl edilmir. Sözügedən hadisə ilə bağlı hüquq-mühafizə
orqanları düzgün qərar qəbul edərək, vəzifəli şəxsləri məsuliyyətə cəlb edib.
Belə halların qarşısını almaq üçün ciddi nəzarət tədbirlərinə ehtiyac var.
Dövlətə məxsus olan ərazilərdən qanunsuz istifadə hallarının kütləvi olduğunu
görürük. Əldə olunan gəlir dövlət büdcəsinə yox, ayrı-ayrı şəxslərin ciblərinə
gedir. Ümid edirəm ki, bu hadisədə təqsirkar olan hər kəs məsuliyyətə cəlb
ediləcək. Müəssisələrdə belə halların qarşısının alınması ilə bağlı müvafiq
qərarların qəbul edilməsinə ciddi ehtiyac var”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib
Məmmədovbildirdi
ki, təhlükəsizlik məsələsinin həlli üçün müəyyən texniki
şərtlərə mütləq əməl edilməlidir: "Xüsusilə ictimai iaşə obyektlərində
təhlükəsizlik tələbləri yerinə yetirilməlidir. Belə müəssisələrdə işıq, qaz, su
istifadə edilirsə, müvafiq qurumlar tərəfindən xüsusi texniki şərt
verilməlidir. Bu şərtlərə əməl edilərsə, təhlükə riskləri aşağı düşür. Yaşanan
hadisəyə səbəb odur ki, standartlara
uyğun olmayan propan qazından qanunsuz şəkildə istifadə edilib. Nəticədə belə
bədbəxt hadisə yaşandı. Təhlükəsizlik məsələləri ilə bağlı obyektlərə nəzarət
edən müvafiq qurumlar var. Son dövrlərdə yoxlamaların dayandırılmasına görə, sahibkarlar
bəzi məsələlərdən sui-istifadə edirlər. Neqativ hallar da məhz sui-istifadə
hallarının nəticəsində baş verir. Bir çox müəssisələrdə texniki təhlükəsizlik
qaydaları kobud şəkildə pozulur”.
Şəbnəm Mehdizadə