• cümə axşamı, 25 aprel, 11:50
  • Baku Bakı 14°C

Nəcabətli, savadlı, xeyirxah nəslin ləyaqətli davamçısı - CÜMHURİYYƏT - 100

13.02.18 09:15 1119
Nəcabətli, savadlı, xeyirxah nəslin ləyaqətli davamçısı - CÜMHURİYYƏT - 100
Xoyskilər nəcabətli, savadlı, xeyirxah ziyalıları ilə məşhur olan bir nəsil olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski də bu nəsildən idi. O, Xoy şəhərindən olan Şəki xanı Cəfərqulu xanın nəslinin davamçısı İsgəndər xan Xoyskinin oğludur. İsgəndər xan rus ordusunda general-leytenant rütbəsinə kimi ucalmışdır. O, Şəkidə Hacı Molla Zeynalın qızı Şəhribanu xanımla ailə qurub. Xoşbəxt cütlüyün dörd oğlu, bir qızı dünyaya gəlib. Savadlı və yüksək dünya görüşünə malik olan İsgəndər xan oğlanlarının da təhsil almasına şərait yaradıb. Hüseynqulu hərbi, Fətəli, Rüstəm və Cahangir isə hüquq təhsilinə yiyələnirlər. Dörd qardaş istər Cümhuriyyətdən əvvəl, istər Cümhuriyyət dövründə ölkədə baş verən bütün ictimai-siyasi hadisələrdə çox yaxından iştirak edirlər. Cümhuriyyət dövrü Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini, Rüstəm bəy Azərbaycan Xalq Cümhuriyyətinin sosial təminat naziri, Fətəli xan Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, Cahangir bəy isə tanınmış hüquqşünas kimi xalqın xidmətində dayanırlar.
Bu gün onlardan biri, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskidən bəhs edəcəyik. Fətəli 1875-ci il dekabrın 7-də Şəkidə anadan olub. Gəncə klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirərək Gəncədə dairə məhkəməsində işə başlayıb. 1904-cü ilə qədər müxtəlif məhkəmələrdə çalışan Fətəli xan, həmin ildə Yekaterinodar (Krasnodar) dairə məhkəməsi prokurorunun müavini təyin edilir. Bu illər ərzində püxtələşən gənc hüquqşünas Gəncənin bütün ictimai-siyasi işlərində yaxından iştirak edir. 1907-ci ildə o, Gəncə quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilir. Amma onun Dumaya seçilməsi çar hökumətinin heç də ürəyincə olmur. Çünki, Fətəli xan Dumanın iclaslarında müsəlman deputatları fraksiyası adından çar hökumətinin ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar edərək, etirazını bildirir.
1913-cü ildə Fətəli xan Bakıya köçür. O, şəhərdə baş verən bütün xeyriyyə tədbirlərinin həyata keçirilməsində yaxından köməklik edir və az vaxtda Bakıda baş verən ictimai-siyasi hadisələrin ən fəal iştirakçısına çevrilir. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayının təşkil edilməsində yaxından iştirak edir. Elə həmin ilin oktyabrında Bakı şəhər Dumasına seçkilərdə müsəlman blokundan 10 mindən çox səs almış Fətəli xan Xoyski Dumanın sədri seçilmişdi”.
1917-ci ilin sonu, 18-ci ilin əvvəlləri Rusiyada baş verən hadisələr və bu hadisələrin Azərbaycana təsiri Fətəli xan Xoyskinin diqqətini daha çox cəlb edirdi. O, bu hadisələrdən nəticə çıxararaq xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə hüquqi yollarla başlayır. 1918-ci ilin fevralın 23-də Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya seymi işə başladı. Seymə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Bu 44 deputat arasında F.Xoyski də var idi. O, həmən ilin aprelində elan olunan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində Xalq Maarif Naziri vəzifəsinə təyin edilir. F.Xoyski bu vəzifəni icra edərkən Tiflisdə yaradılması qərarlaşdırılmış Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürür və sonda buna nail olur.
Zaqafqaziya seymində fəaliyyət göstərən hər üç Cənubi Qafqaz millətinin nümayəndələri mənafe müxtəlifliyi üzündən vahid mövqedə birləşə bilmədilər. Odur ki, mayın 27-də Seymin azərbaycanlı deputatları fövqəladə iclas keçirərək, özlərini Azərbaycan Milli Şurası elan etdilər. Azərbaycanın idarəçiliyini öz üzərinə götürən Milli Şura, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və İstiqlal Bəyannaməsinin qəbul olunması haqqında qərar qəbul etdi. Azərbaycan Milli Şurasının üzvü Fətəli xan Xoyski yekdilliklə Azərbaycan hökumətinin sədri seçildi və ona Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etmək tapşırıldı. Xoyski elə həmin andaca öz hökumətinin tərkibini elan etdi. Bu hökumətdə Fətəli xan baş nazir vəzifəsi ilə yanaşı, daxili işlər naziri vəzifəsini də tutdu. "Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir!” söyləyən F.Xoyski bu təhlükəni aradan qaldırmaq üçün bütün varlığı ilə çalışdı və sonda Azərbaycanının istiqlalı uğrunda şəhid oldu!
Milli Şura və hökumət fəaliyyətini davam etdirmək üçün Azərbaycana gəlir və ilk olaraq Gəncə də məskunlaşır. İstər Gəncədə, istər Bakıda Milli Şura və hökumət çox mürəkkəb daxili və xarici çətinliklərlə üzləşir. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atmağa başladığı son dərəcə ağır daxili və beynəlxalq şəraitdə, qanunverici və icra hakimiyyətinin əsas ağırlığı Xoyskinin üzərinə düşdü. Bu çətinliklərə baxmayaraq, Xoyski hökuməti ilk olaraq Azərbaycanın dövlət müstəqilliyini müdafiə edəcək milli ordunun yaradılması işinə başladı, Azərbaycan dilini dövlət dili elan etdi və ən əsası, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratdı”.
Bir faktı unutmaq olmaz ki, F.Xoyskinin ölkəyə rəhbərlik etdiyi zaman, Azərbaycanda vəziyyət çox çətin idi. Həm daxili, həm xarici qüvvələr müstəqilliyimizin məhvinə var gücləri ilə çalışırdılar. Buna baxmayaraq, yeni hökumət ölkədə bir çox sahələr üzrə islahatlar apardı, mədəni quruculuq sahəsində mühüm tədbirlər həyata keçirməyə nail oldu. Amma çox təəssüflər ki, bunları görməyən, daha doğrusu görmək istəməyənlərdə var idi. Parlamentdəki bir sıra partiya və fraksiyalar, xüsusən "Hümmət”, "İttihad”, "Əhrar” və sosialistlər Xoyski hökumətini "fəaliyyətsizlikdə” günahlandıraraq, ölkənin bütün problemlərini onun üstünə yıxmağa çalışırdılar. Onlara kəskin cavab olaraq M.Ə.Rəsulzadə həm mətbu orqanlarda, həm də Parlamentin iclaslarında Xoyski hökumətini müdafiə edərək "...bu az müddətdə, nə mümkündürsə, etmişdir” deyərək, qəti şəkildə etirazını bildirmişdi.
F.Xoyski ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclasında hökumətin fəaliyyəti haqqında hesabat verir və çıxışının sonunda istefasını qəbul etməyi Parlamentdən xahiş edir. Parlament hökumətin istefasını qəbul edərək, onun təşkilini yenidən Xoyskiyə tapşırır. O, dekabrın 26-da hökumətin proqramı və tərkibi barədə Parlamentdə yenidən məlumat verir. Müzakirələrdən sonra Parlament Xoyski hökumətinin proqramını bəyənir və bu hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutur”.
1918-1920-ci illərdə ölkəmizdə fəaliyyətdə olan mətbu orqanlarını vərəqləyərkən dəhşətli bir mənzərə ilə rastlaşdım. Hökumətə müxalif olan partiyaların mətbu orqanları (xüsusən də bolşeviklər) onu xalqın gözündən salmaq üçün yalan və iftira dolu bir təbliğatla məşğul olub. Onların yaratdığı dözülməz vəziyyətlə əlaqədar 1919-cu il fevralın 25-də Xoyski hökuməti yenidən istefa verdi. Parlament istefanı qəbul etsə də, hökumət öz fəaliyyətini martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət qurulana qədər davam etdirdi. Bu danılmazdır ki, təcrübəli, səriştəli dövlət xadimi Fətəli Xan Xoyskinin son dərəcə mürəkkəb şəraitdə istefa verməyə məcbur olması Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratına mənfi təsir göstərdi və 1920-ci il aprelin 27-də 11-ci ordu beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan sərhədlərini keçdi və Xalq Cümhuriyyətinin varlığına son qoydu.
Bakıda və Azərbaycanda hakimiyyəti silah gücünə zəbt etmiş bolşeviklər milli hökumətin qurucularına qarşı çox amansızlıq göstərərək, həbslərə başladılar. Yaranan gərgin vəziyyət bir çoxları kimi F.Xoyskini də Tiflisə mühacirət etməyə məcbur etdi. Lakin bolşeviklər onu burada da rahat buraxmadılar. Onun yaşayış yeri, hərəkət marşrutu müəyyənləşdirildi və iki muzdlu erməni terrorçu- Aram Erkanyan və Misaq Qriqoryan tərəfindən dəhşətli şəkildə qətlə yetirildi. F.Xoyskinin dəfn mərasimini Tiflisdə İran konsulluğu onun adına layiq həyata keçirir və onu həmvətəni M.F.Axundzadənin yanında, müsəlman qəbiristanlığında torpağa tapşırırlar.
Qızı 18 yaşlı Tamara bütün varlığı ilə atasının dəfn mərasiminə can atsa da, bu gediş "tilsim”ə düşür. Tiflisə getmək üçün ona Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport lazım idi. Bir çox qapıları döyən və "yox” cavabı alan Tamara, nəhayət, Azərbaycan Hərbi İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynovun qəbuluna gəlir. 26 yaşlı Mirzə sarışın, mavi gözlü Tamaranın gözəlliyi qarşısında hər şeyi unudur və bolşevik hökumətinin düşməni olan Cümhuriyyət liderinin qızına vurulur. Mirzə Davud bu sevginin ona çox baha başa gələcəyini bilsə də, inadından dönmür və Tamara ilə ailə həyatı qurur, onlar 17 il xoşbəxt ömür sürürlər. Amma Mirzə Davudun bu "xəyanət”ini Şura hökuməti unutmur. 1937-ci ildə cütlük Moskvada eyni gündə həbs edilib. M.D.Hüseynov 1938-ci ilin 21 martında güllələnib, Tamara xanım isə 10 il (bəzi mənbələrdə 19 göstərilir) müddətinə sürgün edilib. Möcüzə nəticəsində sürgündən sağ qayıdan Tamara xanım, 1955-ci ildən sonuna Bakıya gəlib. Uzun illər Nazirlər Kabinetində çalışan Tamara xanım, Mirzə Davuddan sonra heç kimlə ailə həyatı qurmur və 1990-cı ildə, tək-tənha yaşadığı birotaqlı mənzilində vəfat edib.
F.Xoyski Yevgenya adlı rus qızı ilə ailə həyatı qurub. Yevgenya Fətəli ilə Azərbaycana gəldikdən sonra İslamı qəbul edir və elə öz arzusu ilə Fətəli həmin gündən onu Ceyran adlandırır. Bu izdivacdan onların bir qızı, iki oğlu dünyaya gəlir. Cümhuriyyətçilərin düşməni olan bolşevik məmuru ilə ailə həyatı quran Tamara xanım taleyi barədə məlumat verdik. Qardaşı Ənvər isə 1935-ci ildə Moskvada əməliyyat olarkən dünyasını dəyişir. Bu müəmmalı ölüm Tamara xanımı ömrünün sonuna kimi düşündürdü. Bilmədi ki, bu, əcəlin işi oldu, ya kimlərinsə sifarişi... Murad da 1930-cu illərdə çox böyük əzablar çəkdi. Heç yerdə işə götürülməyən baş nazirin oğlu sürücülük edərək bir parça çörək qazanırmış. Nəhayət 1955-ci ildən sonra Bakıda Murada iş tapılır. O, şəhər nəqliyyat idarəsində işləyir və 1973-cü ildə dünyasını dəyişir.
"Bizim də yaşamaq, azad yaşamaq haqqımız var!” - söyləyən Fətəli xan Xoyski və onun amal yoldaşları azadlıqlarını da, xoşbəxtliklərini də millətin hüququ, istiqlalı, hürriyyəti uğrunda qurban verdilər. Bu gün biz də tarixi bir varis olaraq, onların ruhlarını şad etmək üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər