• şənbə, 20 Aprel, 13:24
  • Baku Bakı 23°C

Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı

08.02.17 11:30 11734
Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı
2016-cı ildə görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb. Trend-in məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin hesabatında deyilir. Belə ki, piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 %-dən 29 %-ə, audio-video məhsul bazarında 90 %-dən 65 %-ə, proqram təminatında 96 %-dən 75 %-ə düşüb.
Hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb, ölkəmizdə plagiata qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər görülüb. Agentliyin 960 nömrəli "Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası” il ərzində müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olub, onların qaldırdıqları problemlərin həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülüb.
Bəs görəsən piratçılığın ölkəmizdə bu qədər geniş yayılması hansı səbəbdən qaynaqlanır? Bunun qarşısını tam şəkildə necə almaq olar? Bu sahədə hansı tədbirlər həyata keçirilir? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
"Altun” kitab nəşriyyatının direktoru Rafiq İsmayılov hesab edir ki, piratçılığın yayılmasının bir neçə səbəbi var: "Problemin kökündə kitab sektorunun sivil şəkildə formalaşmaması faktoru dayanır. Əsas səbəblərdən biri də nəşriyyat qiyməti ilə mətbəə qiyməti arasindakı fərqdir. Kitab müəllif və nəşriyyatın əqli mülkiyyəti hesab olunur. Ona görə də nəşriyyat və müəllif buraxdığı kitaba istədiyi qiyməti qoya bilir. Sözsüz ki, bu qiymətə həmin kitabın mətbəə xərcindən başqa digər xərclər də daxildir. Məsələn, müəllifin, dizayner, redaktorun qonorarı kimi xərclər də kitabın maya dəyərinə daxildir. Ancaq kitab bazarında fəaliyyət göstərən bəzi işini bilməyən və sadəcə kitab satışı ilə məşğul olan piratlar fikirləşir ki, mətbəədə kitabı qat-qat aşağı qiymətə çap etmək olar. Ona görə də onlar bu qanunsuz yola əl atırlar. Lakin əhalidə də buna ikili yanaşma var. Bir çoxları fikirləşir ki, bizə nə lazımdır, ucuz kitab. Nəşriyyatın buraxdığı kitab bahadır və ona niyə o qədər pul verək? Ancaq oxucular nəşriyyatın yuxarıda qeyd etdiyim əlavə xərclərini nəzərə almırlar. Bu səbəbdən də piratçılıq geniş yayılır”.
R.İsmayılov problemin həlli yollarından da söz açdı: "Azərbaycan Respublikasının Müəlliflik Haqqında qanununda da bu haqda xüsusi bənd var. Eyni zamanda Azərbycan müəllif hüququ ilə bağlı beynəlxalq konvensiyaya da qoşulub. Bu kimi tədbirlər belə halların az da olsa qarşısının alınmasını təmin edir. Ancaq bununla belə, günümüzdə xeyli pirat kitablar satışa buraxılır. Bir kitabın satışı bir ildə min nüsxəni keçdikdə, onun dərhal pirat nüsxəsi də çıxır. Amma yenə də qeyd edim ki, müəllifin və nəşriyyatın gəliri yalnız kitabdan asılıdır. Bəzən bir kitab üzərində aylarla, illərlə iş gedir. Əgər hansısa pirat intellektual əməyə məhəl qoymadan, onu üzündən köçürüb mətbəədə çıxarırsa, bu həm nəşriyyata, həm də müəllifə böyük zərbə vurmuş olur. Belə demək olarsa, müəllif öz əziyyətinin bəhrəsini görə bilmir. Hesab edirəm ki, qanun və aidiyyatı qurumlar bunun qarşısını almalıdırlar. Əlbəttə, bu, müəyyən qədər də maarifləndirmə işindən asılıdır. Lakin piratçılıq sırf oğurluq olduğuna görə qanun pozuntusu hesab olunur. Ona görə də maarfiləndirmə işindən başqa hüquq-mühafizə orqanları daha kəskin tədbirlər həyata keçirməlidirlər. Düşünürəm ki, qanun da bir qədər sərtləşdirilməlidir”.
İT mütəxəssisi Namət Məmmədzadə deyir ki, qiymətlərə nəzarət etməklə bu problemin qarşısını almaq olar: "Piratçılıq birmənalı olaraq hər zaman qiymət problemindən qaynaqlanır. Proqram təminatı sahəsində isə məhsulun lisenziyalı olmağı insanları pirat məhsullardan istifadə etməyə məcbur edir. Bu lisenziyların baha olması problemi daha da dərinləşdirir. Düzdür, insanlarda da bu məsələyə ikili yanaşma var. Bir çoxları daha çox pulsuz məhsullara meyillidirlər. Heç kim lisenziya üçün ödəniş etmək istəmir. Hesab edirəm ki, qiymətləri nizama salmaq və düzgün şəkildə maarifləndirmə işi aparmaqla problemi müəyyən müddət ərzində öz həllinə qovuşdurmaq olar”.
Bəstəkar, aparıcı, müğənni Murad Arif bizimlə söhbətində bildirdi ki, piratçılığın qarşısını almaq mükündür: "Mən İsveçin Stokholm şəhərində yaşadığım müddətdə müşahidə etdim ki, bu sahədə necə güclü nəzarət var. Əgər orada internet üzərindən öz kompüterinə mahnı yükləsən, kompüterin İP ünvanı vasitəsilə 10 dəqiqə sonra evinə polis gələ bilər. İnkişaf etmiş ölkələrin hər birində bu belədir. Pirtaçılıq ən çox internet vasitəsilə yayılır. Lakin pirtaçılığın qarşısını almaq mümkünsüz bir şey deyil. İstənilən mahnının yüklənməsini yoxlamaq olur. Problemin qarşısını almaq üçün sənətçilərlə işləmək lazımdır. Əslində mən belə dşünürəm ki, piratçılığın qarşısını almaq çox asandır. Fikrimcə, bunun üçün xüsusi qurum yaradılmaldır”.
M.Arif bəzi məqamlara da diqqət çəkdi: "Necə olur ki, bizim 10 minlərlə pul xərcləyib yazdırdığımız mahnılar disklərdə albomdan qabaq satılır. Mən hələ özüm albom buraxmamışam. Amma hansısa musiqi dükanına girsən, orada mənim albomum var. İnternetdən şəkil yükləyib "albom”un üstünə vururlar. Mənim əmək sərf tediyim mahnılarım pirat albom şəklində satılır. Bunun üçün də tədbir görmək olar. İcazsəiz heç bir satış obyekti fəaliyyət göstərmirsə, deməli onların fəaliyyətinə də nəzarət etmək və çox asanlıqla bunun qarşısını almaq olar. Əgər Azərbaycanda MP3 saytların bağlanması haqda qərar çıxsa, pulsuz heç kimin mahnılarını kompüterə yükləmək olmayacaq. Bunu idarə edən bir qurum yaransa, məsələni bir həftə ərizndə həll etmək olar. Əslində buna bizim də çox ehtiyacımız var. Çünki biz əziyyət çəkirik, amma heç nə sata bilmirik. Bu da müğənniləri toy biznesinə məcbur edir. Həmin "albom”lar yalnız bir dükanda satılmır və bu bir şəbəkədir. Tək əldən səs çıxmaz deyiblər. Mən tək heç nə edə bilmərəm. Tutaq ki, məhkəməyə vermək istəsəm belə, kimi verim? Bu dəqiqə disk alan demək olar ki, yoxdur. Piratçılıq ən çox internet üzərindən həyata keçirilir. Misal üçün, mənim rəsmi youtube kanalım var. Heç kim oradan icazəsiz heç nə götürə bilməz. Çünki youtube həmin mahnının müəllifliyini qoruyur. Kim nəsə yerləşdirmək istəsə belə, mənə müraciət edir. Bu da onu göstərir ki, deməli, piratçılığın qarşısını almaq mümkündür. Eləcə də mahnıların pirat disklər şəklində satışının qarşısını da almaq olar”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər