• şənbə, 20 Aprel, 10:50
  • Baku Bakı 14°C

Nə yaxşı ki...

09.12.16 16:47 4774
Nə yaxşı ki...
1999-cu ildə fəaliyyəti bərpa olunmuş "Kaspi” qəzeti bu illər ərzində bir çox gənclərə özlərini realizə etmələri üçün geniş meydan verib.

Onlardan biri də mənəm - Xəyalə Rəis. 6 il əvvəl "Kaspi”nin rəhbərliyi həftədə bir dəfə olmaqla, qəzetin 2 səhifəsinin "Teatr” əlavəsi kimi hazırlanmasını teatrşünas Vidadi Qafarovla mənə həvalə etdi. Əvvəlcə 2 səhifə ilə yola başlasaq da, zamanla səhifələrin sayı da artdı. Çox sevinirdik. Artıq bizim də sözümüzü deməyə bir meydanımız yaranmışdı.

Beləliklə, hələ tələbə olmağıma baxmayaraq, "Kaspi” ilə əməkdaşlıq etməyə başladım. Hər məqalə və ya resenziya yazdıqca, jurnalist kimi püxtələşirdim. Səhərin açılmasını səbirsizliklə gözləyirdim ki, gedib qəzet alım, yazımı təkrar oxuyum. Universiteti bitirdikdən sonra qəzetdə mədəniyyət müxbiri kimi işə götürüldüm. O gündən "Kaspi"də fəaliyyət göstərirəm. "Kaspi” mənim üçün yaradıcılıq baxımından böyük tramplin oldu. Maraqlıdır ki, ailə xoşbəxtliyimi də məhz burada tapdım. Hazırda özümü "Kaspi”nin bir parçası hesab edirəm.

Fikrimcə, əsas məqam odur ki, biz işimizi sevirik və buna yalnız iş kimi baxmırıq. Hər bir insan işini sevərək görərsə, o zaman nəticə də gözəl alınar. "Kaspi” hər birimizin ikinci ailəsidir desəm, şübhəsiz, yanılmaram. Bu baxımdan, özümü şanslı hesab edirəm. Biz gənclər üçün sevindirici haldır ki, yolumuz 3 əsrdir başıdik, qürurla addımlayan "Kaspi”dən keçir.
Baş redaktorun müavini Məğrur Əli Polad gənclərin gündəlik fəaliyyətdə güvənli məsləhət ünvanı, əsil təcrübə mənbəyidir. Jurnalistlərə ən çox tövsiyə etdiyi isə, öz yazılarının redaktə olunmuş variantını hər səhər qəzetdə oxumaq, bədii ədəbiyyata hər zaman vaxt ayırmaq, söz bazasını daim genişləndirməyə çalışmaqdır.

Redaktorumuz deyir ki, "Kaspi”nin onun üçün böyük mənası var: "Kaspi mənim üçün çox şey deməkdir. Onlardan üçünü qeyd etmək istəyirəm. İlk növbədə, "Kaspi” bir tarixdir. 1881-ci ildən nəşr edilən, artıq 3 əsrin qəzeti olan "Kaspi” - Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov və digər aydınlarımızın imzası ilə bütövlükdə parlaq bir Azərbaycan səhifəsi, tariximizin özünəməxsus stenoqramıdır.

Daha sonra, "Kaspi” Azərbaycan və rus dillərində gündəlik qəzet buraxılışları, Azərbaycan, rus və ingilis dillərində internet saytları, "Ədəbiyyat”, "Gənclik”, "Teatr” əlavələri ilə birlikdə daim və yorulmadan dövlətimizin, xalqımızın və eləcə də cəmiyyətimizin maraqlarından çıxış və ona xidmət edən maarifçi, operativ, dolğun və əhatəli mətbuat orqanıdır.

Nəhayət, "Kaspi” mənim üçün istedadlı, çalışqan və mehriban kollektivinin hər bir üzvü özünəməxsus, eyni zamanda, hər bir əməkdaşı "Kaspi” bütövlüyünü tamamlayan, 6 ildir fəaliyyət göstərdiyim, hər gecə 1-ci səhifəsinə kimi hazırladığım, saytının yaranan gündən redaktoru olduğum iş yerim, həyatımın davam edən bir parçasıdır. Bu yubiley günündə haqq dünyasına qovuşmuş sələflərimizi böyük ehtiramla xatırlayır və "Kaspi”yə daha neçə-neçə əsrin qəzeti olmağı arzu edirəm!”
Beynəlxalq siyasət yazarımız Azər Nuriyev deyir ki, heç vaxt həyatını "Kaspi”siz təsəvvür etməyib: "Kaspi” sənin üçün nə deməkdir” sualını ilk növbədə belə cavablandırmaq istərdim: "Kaspi” mənim üçün nə demək deyil ki? 16 ilə yaxın müddətdə çalışdığım qəzetə məni ilk növbədə bağlayan onun kollektivi, mehriban mühiti olub. Hesab edirəm ki, hər bir insan hansı sahədə çalışırsa-çalışırsan, işini sevməli və ürəkdən görməlidir. Sözün doğrusu, əvvəllər başqa qəzetlərdə çalışan həmkarlarla rastlaşanda, "sən hələ ordasan” sualının cavabında bir qədər duruxub qalırdım. Axı adətən jurnalistlər bir yerdə çox qərar tutmur, tez-tez iş yerlərini dəyişmələri ilə tanınırlar. Səmimi deyim ki, bu müddət ərzində müxtəlif yerlərdən iş təklifləri də almışam. Amma hər dəfə qalmaq qərarı vermişəm. Və açığını deyim ki, peşman olmamışam. Qəzetimizə arzularım nə ola bilər - ilk növbədə, çap mətbuatının yaşadığı çətin dövrdən alnıaçıq çıxmağı, maddi çətinlik görməməyi arzulayıram. Bir də, bu qəzet necə ki, mənə doğma olub və onsuz həyatımı təsəvvür etməmişəm, yerdə qalan "Kaspi”çilərə də onu arzulayıram”.
"Gənclik” əlavəsinin redaktoru Lalə Musaqızı gənc xanım əməkdaşlarımızın baş məsləhətçisidir. O deyir ki, "Kaspi” onun üçün yalnız maaş aldığı, səhərdən axşama kimi çalışdığı iş yeri deyil: "Bura həm də ailəm, dostlarım kimi doğmadır mənə. Xəstələnəndə evdə ailə üzvlərim qayğıma qaldığı kimi, "Kaspi”dəki ailəmdən də o qayğını görürəm. Dara düşəndə dostlarımı yanımda gördüyüm kimi, "Kaspi” ailəsi də dar günlərimdə yanımda olur. Sevincimi evdə bölüşdüyüm kimi, "Kaspi” ailəsində də bölüşməyi sevirəm. Çünki sevincimə sevinəcəklərinə əminəm”.
Parlament müxbirimiz Rufik İsmayılov isə deyir ki, "Kaspi” kollektivinin üzvü olana qədər bir neçə mətbuat orqanında çalışıb: "2012-ci ildən etibarən "Kaspi” qəzetində müxbir vəzifəsində işləməyə başlamışam. Bütövlükdə çalışdığım hər bir media qurumuna təcrübə məktəbi kimi baxmışam, hər gün yeni nə isə öyrənməyə, peşəkarlığımı daha da artırmağa cəhd etmişəm. Bu gün də "Kaspi”də öyrənir, necə deyərlər, ideoloji cəbhənin əsgəri kimi Azərbaycan xalqına və onun dövlətçiliyinə xidmət etməyə çalışıram”.
Qəzetimizdin iki Aygünü var. Çox zaman müsahiblər redaksiyaya zəng edəndə, biz özümüz də onları səhv salırıq. Ona görə də onları soyadları ilə çağırırıq.
Qəzetimizin sosial yazarı Aygün Əzizin özünəməxsus yazı tərzi var. "Gənclik qəzeti”ndə maraqlı müsahibləri ilə tanınan əməkdaşımız deyir ki, ilklər heç zaman unudulmur: ""Kaspi” də mənim ilkimdir. 2012-ci ilin noyabrı... Həmin vaxt "Kaspi” ilə mühazirələrdə, kitablarda deyil, real şəkildə ilk tanışlığım yarandı və o gün mənim həyatımın dönüş nöqtəsi oldu. "Kaspi” mənə təkcə iş təcrübəsi deyil, həm də yeni insanları tanıma şansı verdi. Mehriban, qayğıkeş, savadlı, təcrübəli dostlar tanıdım. Jurnalistikanın sirlərini 135 illik tarixi olan qəzetdə öyrəndim və öyrənməyə davam edirəm. Məncə, bir jurnalist üçün ən böyük xoşbəxtlik karyera yoluna milli mətbuatın banisi Həsən bəy Zərdabinin irsi olan qəzetdə başlamaqdır. "Kaspi” mənim uğurumdur, evimdir... Ən yaxın dostumdur. Darıxanda yazıram, sevinəndə yazıram... 3 əsrin qəzeti və dəyərli "Kaspi” kollektivi ilə birgə addımlamaq böyük xoşbəxtlikdir. Bayramımımız mübarək!”
2 ilə yaxındır ki, bizimlə çiyin-çiyinə çalışan iqtisadiyyat yazarı Aygün Asimqızı isə bildirir ki, ona görə, işini sevmək önəmlidir: "Heç kimə sevmədiyi bir işdə çalışmasını arzu etmirəm. Amma düşünürəm ki, işə olan sevgini həm də düşdüyümüz iş mühiti formalaşdırır. Bu cəhətdən, "Kaspi”ni gəldiyim gündən çox bəyənirəm. Mənə görə, işləmək hər gün yazımı bitirib, ayın sonunda maaş almaq demək deyil. Jurnalistikaya gəldiyim ilk gündən bu cür düşünmüşəm. Hesab edirəm ki, həm də iş mühiti öyrədici olmalıdır. Bu baxımdan, "Kaspi”nin iki ilə yaxındır mənim həyatımda öz rolu var. Başqa kollektivlərlə müqayisə edəndə, görürəm ki, burada mən işləməklə yanaşı, yeni nələrsə öyrənə bilirəm. Ən əsası, işimdən zövq aldığım bir kollektivdəyəm. "Gəlin ocağa gələr” misalını bizim redaksiyaya da aid etmək olar. Yeni gələn hər bir işçi sanki kollektivin köhnə bir parçası kimi geri qayıdır”.
Redaksiyanın utancaq qızı, siyasət yazarımız Şəfa Tapdıq bizimlə 5 ildir ki, birgə addımlayır: "Kaspi” mənim ilk iş yerimdir. İlk iş kollektivim, dostlarımsınız. Artıq 5 ildir ki, buradayam. Yaxşı ki, sizi tanımışam”.
Beləliklə, yubileyimiz öz yerində, yolumuzsa davam edir. 135 yaşın mübarək, əzizimiz "Kaspi”!
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər