• cümə, 26 Aprel, 10:34
  • Baku Bakı 12°C

Nə üçün məhz Azərbaycan? Hesabat

25.05.13 09:03 1615
Nə üçün məhz Azərbaycan? Hesabat
«İnsan Haqları Uğrunda» İctimai Birlik «Qızıl balıq diplomatiyası» adlı hesabat açıqlayıb. Hesabatda 2010-cu ildə bir sıra beynəlxalq və yerli təşkilatların iştirakı ilə formalaşan qrupunun antiAzərbaycan fəaliyyəti ilə bağlı ciddi müzakirələrə yol açacaq mülahizələr yer alıb. Hesabatın mahiyyətini əks etdirən məqamları ixtisarla təqdim edirik.
“Qızıl balıq diplomatiyası”nın açılışı
2010-cu ildə 10-dan artıq beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda ifadə azadlığının müdafiəsi məqsədilə Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupu yaratdılar. Həmin qrup bu problemin milli hökumətlər və beynəlxalq təsisatlar qarşısında aktuallaşdırılması üzrə səylərin birləşdirilməsi üçün QHT koalisiyası idi. Bu qrupa Britaniyanın “Article 19” və “İNDEX on Censorship”, ABŞ-ın “Freedom House” və Jurnalistləri Müdafiə Komitəsi, Norveçin “Human Rights House” Fondu, Danimarkanın “Media Diversity İnstitute” təşkilatı, beynəlxalq təşkilatlardan isə “Human Rights Watch”, WAN-İFRA (Beynəlxalq Naşirlər və Redaktorlar Assosiasiyası), İPİ (Ümumdünya Mətbuat İnstitutu), Beynəlxalq Jurnalistlər Federasiyası və “Sərhədsiz reportyorlar” daxil idi.
Azərbaycanda ifadə azadlığının müdafiəsi məqsədilə belə bir tərəfdaşlıq qrupunun yaradılması ideyası daha çox 2007-2008-ci illərdə çoxsaylı jurnalistlərin həbsindən və bu problemin beynəlxalq təşkilatlarda, ilk növbədə isə Azərbaycanın 1999-cu ildən bəri üzvü olduğu Avropa Şurasında aktuallaşmasından doğmuşdu. İfadə azadlığı problemini aktuallaşdırıb gündəmə gətirmək üçün oxşar koalisiyalar (hərçənd ki, onlar öz fəaliyyətlərinin miqyasına və koalisiyada təmsil olunan təşkilatların sayına görə daha kiçik və əhəmiyyətsiz idilər) paralel olaraq digər problemli ölkələr, məsələn, Rusiya, Belarus, İtaliya, Xorvatiya və s. üzrə də yaradılmışdı. Tərəfdaşlıq qrupunun fəaliyyəti əsasən Açıq Cəmiyyət İnstitutunun London ofisi tərəfindən dəstəklənirdi.
Tərəfdaşlıqdan lobbizmə
Lakin əsas vəzifəsi yalnız fundamental dəyərlərin, o cümlədən ifadə azadlığının müdafiəsi (bunu 2010-cu ildə qəbul olunan proqram xarakterli Bakı bəyannaməsi də göstərir) olan bu qrupun fəaliyyəti sonradan ayrı müstəviyə - siyasi lobbiçilik müstəvisinə sürüşdü. Beynəlxalq tərəfdaşlıq qrupu faktiki olaraq Azərbaycan hökumətinə siyasi təzyiq göstərilməsi prosesinə cəlb olundu. Bu qrup öz səylərini bir ölkənin Avropanın siyasi qurumlarında gözdən salınmasına yönəltdi və Azərbaycan dövlətinə qarşı faktiki olaraq məqsədyönlü lobbiçilik fəaliyyətini həyata keçirməyə başladı.
Bu qrupun fəaliyyətinin siyasi çalarları özünü alman deputat Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar” adı verilən məşhur məruzəsinin müzakirəsi zamanı əyani şəkildə göstərdi. Əslinə qalsa, adı cənab Ştrasserin siyahısında yer alan şəxslərin əksəriyyətinin Azərbaycanda ifadə azadlığının pozulması probleminə heç bir aidiyyatı yox idi. Buna baxmayaraq Beynəlxalq tərəfdaşlıq qrupu AŞ PA-dakı Almaniya nümayəndə heyətinin təşəbbüsü ilə başladılan siyasi layihənin lobbiçiliyi prosesinə qoşuldu.
Görünür, Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyətindəki bu açıq-aşkar dəyişikliyin nəticəsi idi ki, əvvəllər bu qrupa daxil olan təşkilatların çoxu lobbiçilik səylərindən faktiki olaraq məsafə saxlamağa başladılar. Lobbiçilik fəaliyyəti azsaylı təşkilatların ümidinə qaldı.
Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyətindəki bu dəyişiklik ona gətirib çıxardı ki, orada təmsil olunan təşkilatların çoxu aktiv fəaliyyətdən geri çəkildi. Bu sırada 2010-cu ildə Azərbaycan üzrə Beynəlxalq tərəfdaşlıq qrupunun yaradılmasının əsas təşəbbüskarı olan Danimarkanın “İnternational Media Support” (mətbuata dəstək üzrə beynəlxalq qeyri-hökumət təşkilatıdır) təşkilatını, həmçinin Ümumdünya Mətbuat İnstitutunu, Beynəlxalq Jurnalistlər Federasiyasını, Jurnalistləri Müdafiə Komitəsini və ifadə azadlığının müdafiəsi, hökumətlər tərəfindən təqib olunan jurnalist və bloqqerlərin hüquqlarının qorunması uğrunda fəaliyyət göstərən digər qurumları göstərmək olar.
Bir çox təşkilatlar, o cümlədən ABŞ-ın “Human Rights Watch”, Norveçin “Human Rights Foundation” təşkilatı, “Article XIX” və sonradan bu qrupa qoşulan hüquq müdafiə təşkilatı “Amnesty İnternational” alman deputat K.Ştrasserin məruzəsinin AŞ PA-da qəbul olunması məqsədilə Avropa parlamentarlarına təzyiq göstərməyə yönəlik lobbiçilik fəaliyyətini bir sıra siyasi motivlərin təsiri və Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə davam etdirirdilər. Bu koalisiyanın azərbaycanlı tərəfdaşları üç yerli QHT idi - Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, İnsan Haqları Klubu və Media Hüququ İnstitutu.
Avropa Şurasına üzv ölkələrdə yüzlərlə siyasi məhbus ola-ola Beynəlxalq tərəfdaşlıq qrupunun hədəf kimi yalnız Azərbaycandakı vəziyyəti seçməsi faktını yoxsa başqa necə izah etmək olar?!
Bu təşkilatların çoxu Avropa Şurasının praktiki olaraq yalnız bir ölkəsindəki vəziyyəti tənqid etməyi özlərinə hədəf seçmişdi. Özündə hüquq müdafiəçilərinin bütöv dəstəsini birləşdirən bu QHT koalisiyası ildə dörd dəfə xüsusi missiya ilə AŞ PA-ya yollanır. Onlar bu səfərlər zamanı üzərlərinə qoyulmuş yeganə bir vəzifənin icrası ilə - ipə-sapa yatmayan, ikili standartları rədd edən deputatların “beynini yumaqla” məşğul olur, bu zaman yalnız “Avropa Şurasının yeganə problemli ölkəsi olan” avtoritar Azərbaycandakı vəziyyətdən söz açırlar.
“Qızıl balıq diplomatiyası”nı yürüdən bu şəxslərin məntiqinə görə, Avropa Şurasının üzvləri arasında hakimiyyəti qüdrətli oliqarxlar tərəfindən qəsb edilmiş avtoritar ölkələr daha yoxdur. Bu QHT-lər avropalı parlamentarlarla görüşlərində Rusiyadakı siyasi məhbuslar problemini müzakirə etmirlər. Türkiyə həbsxanalarında 120 jurnalistin və bloqqerin olmasına göz yumurlar. Timoşenko problemini inkar edirlər. Macarıstanda jurnalistlərin təqib olunmasından danışmırlar. Rumıniyadakı despotik dövlət kriminalı sistemini inkar edirlər. Fransada prezidentin dostlarının strateji KİV-ləri dinc yolla zəbt etməsi barədə danışmaqdan imtina edirlər. Almaniya həbsxanalarında etnik zəmində baş verən qətl və işgəncə hallarını uydurma hesab edirlər. Ermənistanda dinc nümayişçilərin güllələnməsi və siyasi edamlar isə onların nəzərində poliarxik demokratiyanın dirçəlməsi deməkdir. Qitənin yalnız bir ölkəsinə uzun illər ərzində bu qədər qeyri-sağlam maraq və diqqət göstərməyi başqa nə cür izah etmək olar?!
Alman diplomatik maşını tərəfindən sırınan qətnamə layihəsinin əleyhinə səs vermiş AŞ PA deputatlarının ölkələrindən olan hüquq müdafiəçiləri də tez-tez bu missiyaya qoşulurlar. Və öz ölkələrində bu deputatlara qarşı qəribə “ifşaedici kampaniyalar” aparılır. Onlara xor baxırlar, onları gözdən salırlar, hədələyirlər. Onlara Azərbaycanın tənqidə məruz qaldığı qətnamələrin əleyhinə bir daha səs verməməyi məsləhət görürlər. Hər halda AŞ PA-dakı Beynəlxalq tərəfdaşlıq qrupunun fəaliyyət təcrübəsi boyunca Azərbaycandan başqa hansısa bir ölkədə insan haqları məsələsi üzrə hələ heç bir xüsusi missiya qeydə alınmayıb.
Obyektiv mövqedən çıxış edən beynəlxalq təşkilatların çoxunun mövqeyinə görə, Ermənistanda kriminal-avtoritar rejim bərqərar olub və bu rejim öz repressiv aparatını fundamental siyasi azadlıqların boğulmasına yönəldib. Amma elə həmin “European Stability İnitiative” tədqiqat institutundan olan müəlliflərin qonşu Ermənistan (Azərbaycan bu ölkə ilə müharibə vəziyyətindədir) barədəki məruzəsini təhlil etmək kifayətdir ki, “kürü diplomatiyası” hesabatının böhtançı və məkrli xarakter daşıdığına əmin olasan.
“Balkan mənşəli” alman analitikləri Ermənistan barədəki hesabatı hazırlayarkən daxili siyasi problemlərə nəzər yetirməkdən nümayişkaranə şəkildə qaçıblar. Onlar yalnız Ermənistan-Azərbaycan münaqişəsinin xarakteri və nəticələri məsələsi üzərində dayanıblar. Azərbaycanı az qala linç edən müəlliflərin fikrincə, Ermənistan böyük iqtisadi gələcək vəd edən “Qafqaz pələngi”dir. Bununla yanaşı hesabat müəllifləri Ermənistandakı daxili siyasi böhranlar, erməni parlamentinin gülləboran edilməsi, 2008-ci il prezident seçkiləri zamanı dinc nümayişçilərə atəş açdıran indiki prezident Sərkisyanın hərbi xuntasının törətdiyi cinayətlər, builki prezident seçkilərində müxalifətçi namizədin güllələnməsi və total saxtakarlıqların baş verməsi kimi gerçəklikləri nədənsə görməzliyə vurur və onların üstündən sakitcə və ciddi-cəhdlə ötüb keçirlər. Tədqiqatçıları Ermənistanla bağlı yalnız iki strateji məsələ - Dağlıq Qarabağ münaqişəsi və erməni-türk sərhədlərinin açılması maraqlandırır. Araşdırmaçıları Avropa siyasətindəki ən çox korrupsiyalaşmış erməni lobbiçiliyinin yaranmasının təbiəti, mahiyyəti, məğzi də nədənsə heç maraqlandırmır. Hətta əksinə, Ermənistandan fərqli olaraq Azərbaycan hesabat müəlliflərinin maraq və diqqətini siyasi məhbuslar məsələsinə dair AŞ PA-dakı dinləmələr zamanı alman deputatlarının fəal hücumları kontekstində cəlb edir.
Berlinli siyasətçilərin maraqlarının girovuna çevrilən bu araşdırmaçılardan ötrü Azərbaycan yalnız qeyri-obyektiv “demokratik tədqiqatlar” poliqonudur. Tədqiqatların özünə gəldikdə isə “kürü diplomatiyası” hesabatı çox səthidir, korrupsiya ittihamları heç bir halda əsaslandırılmayıb. “Tədqiqatçıların” irəli sürdüyü bu ittihamların birinin də arxasında konkret fakt dayanmır. Bu isə Azərbaycan hökumətinin məsələyə adekvat reaksiyasına və məhkəmə iddiası ilə çıxış etməsinə səbəb ola bilər və olmalıdır. Sual yaranır: Avropada bu qədər tanınan nüfuzlu bir institut əlində heç bir aydın dəlil-sübut olmaya-olmaya, ayrıca bir dövləti korrupsiyalaşmış diplomatiya yürütməkdə necə ittiham edə bilər?
Analitiklərin iradlarla dolu bu hesabatı yalnız Azərbaycanın müxalifət mətbuatının, AŞ PA-dakı “antiazərbaycan fraksiyası”nın Azərbaycanın Avropa Şurasına daxil olduğu gündən bəri mütəmadi olaraq səslənən tənqidi bəyanatlarının, həmçinin Azərbaycanın bulvar mətbuatında yer alan şayiə və uydurmaların icmalından başqa bir şey deyil. Bu hesabatda dəlil-sübut bazası və Azərbaycanda demokratiyanın Avropa dəyərlərinin Avropa Şurası ölkələrinin əksəriyyətində müşahidə edilən dərin böhranı ilə müşayiət olunan geriləməsinin səbəb-nəticə əlaqələrinə dair təhlil yoxdur. Bu isə həmin hesabatın birtərəfli mahiyyətini bir daha göstərir və onun antiazərbaycan çevrələrin lobbiçiliyi üçün ideoloji mayak olması təəssüratını yaradır.
Azərbaycanın seçilməsi
Beynəlxalq koalisiyanın öz potensialını sınaqdan çıxarması üçün model-poliqon kimi Azərbaycanın namizədliyinə donorlar icması və Qərb QHT-ləri tərəfindən 2010-cu ilin yanvarında keçirilən Nyu-York görüşündə qərar verilib. Beynəlxalq birliyin uzlaşdırılmış mövqeyinin olması vacib sayılan ölkələrin kifayət qədər təhqiramiz, alçaldıcı siyahısına Avrasiya (postsovet) məkanı ölkəsi kimi məhz Azərbaycan daxil edilmişdi. Böyük iqtisadi uğurlara nail olan, öz siyasi sistemində islahatlar aparmağa başlayan, Avropa Şurasının üzvü olan Azərbaycanın adı Tailand, Honduras, Yəmən, Pakistan, Filippin və Nigeriya kimi ölkələrin yer aldığı alçaldıcı siyahıya daxil edilmişdi. Azərbaycanın Avrasiya materikinin təmsilçisi kimi bu siyahıya daxil edildiyi həmin ildəcə Filippində 39 siyasətçi və jurnalist öldürülmüşdü (bu, hələ bir il üçün yekun rəqəm deyildi!). Pakistanda 5 belə qətl olmuşdu. Nigeriyadakı vətəndaş qarşıdurmasında faktiki olaraq hər bir jurnalist canlı hədəf kimi seçilmişdi. Honduras isə Ümumdünya Mətbuat İnstitutu tərəfindən dünyada jurnalistlərin işləməsi baxımından ən təhlükəli məkanlardan biri elan olunmuşdu. Və Azərbaycan belə ölkələrlə eyni sıraya qoyulmuşdu. Bu seçimin hansı meyar və standartlar əsasında aparılması isə hələ də aydın deyil.
Maraqlı olan məsələ digər faktdır. Azərbaycan ətrafındakı müzakirələr zamanı Belarusu da problemli ölkələr siyahısına daxil etmək təklifləri səslənib. Lakin bəzi rəylərə, özü də demək lazımdır ki, çox qəribə və əcaib rəylərə görə, Azərbaycandakı vəziyyət Belarusdakından daha pis sayılıb. Bu isə beynəlxalq təşkilatların mütləq əksəriyyətinin qiymətləndirmələrinə, reytinq göstəricilərinə və siyasi azadlıqlar indekslərinə ziddir. İri donorlar və transmilli QHT-lər Azərbaycanla bağlı qərarın qəbulu zamanı bu seçimin siyasi xarakter daşıdığını gizlətməmişdilər: “Azərbaycan regionun vacib ölkəsidir. Gürcüstanın “vesternizasiyasından” sonra Azərbaycan bizdən ötrü çox yüksək, hətta strateji əhəmiyyət daşıyır”.
Beynəlxalq missiyanın bizim ölkəmizə gələn yolunu məsələnin koalisiya liderləri tərəfindən məhz bu cür qoyuluşu açdı. Bu missiya sonradan lobbiçilik fəaliyyəti stixiyasına çevrildi.
Araşdırma ilə bağlı ətraflı şərhlərimizlə növbəti saylarımızda tanış ola bilərsiniz.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər