• cümə, 29 Mart, 01:51
  • Baku Bakı 7°C

“Nə qədər sağam, rejissorlar məndən istifadə etsinlər” - Fotolar

06.04.19 10:00 2590
“Nə qədər sağam, rejissorlar məndən istifadə etsinlər” - Fotolar
Onunla söhbətimiz maraqlı keçdi. Çünki heç bir kompleksi yoxdur, rahat insandır, istənilən mövzuda sərbəst danışır. Qonağımız istedadlı aktyor Natiq Fərzəliyevdir. Biz onu "Bala başa bəla”, "Yarımştat” televiziya tamaşalarından daha yaxşı tanıyırıq. Gənc Tamaşaçılar Teatrında biri-birindən maraqlı obrazları ilə də teatrsevərlərin qəlbində xüsusi bir taxta sahibdir. İndi isə Bakı Uşaq Teatrında yeni bir tamaşa üzərində çalışır. Müsahibimizlə keçmişə səyahət etdik, amma günümüzün problemlərindən də danışdıq.Boyunun kiçik olması ilə diqqət çəkən aktyor bildirir ki, onun əkiz tayı olan bacısının boyu 1 metr 80 santimetrdir. Hətta yarızarafat, bacısının onun payına sahib çıxdığını da deyir.

- Natiq bəy, simanız tanınır, tamaşaçılar arasında xeyli populyarsınız. Bu da hər aktyora qismət olmur.
- Əlbəttə ki, bu, mənim uğurumdur. Tamaşaçılar tərəfindən sevilməyin özü də bir şansdır. Gənc ikən "Karvan” qrupunun "Polismen” klipində çəkildim. Ondan sonra istedadlı rejissor Şərif Qurbanəliyevin "Bala başa bəla”, "Yarımştat” teletamaşalarında çəkilmək mənə uğur gətirdi. O illər bu tamaşalar ancaq bir kanalda nümayiş olunurdu. Bu qədər kanallarımız yox idi. İndi kanallarımızın sayı çoxdur, amma tamaşaçılar öz kanallarımıza baxmırlar.
- Televiziyanın dadı-duzunun məhz həmin tamaşalarla getdiyinimi iddia edirsiniz?
- Gərək səmimi danışaq, bəlkə də o dövrdə yalnız bir telekanal fəaliyyət göstərirdi, ona görə hər şeyin ən gözəlini, yaxşısını seçməyə çalışırdılar. Özəl kanalları da qınamlı deyil, onlar sponsorların hesabına fəaliyyət göstərirlər, reytinqə görə çalışırlar. O televiziya tamaşaları indi çəkilmir. Mən kanallarımıza ancaq xəbər saatlarında baxıram. Nə qədər əyləncə və ucuz şouya baxmaq olar? Bir verilişə qonaq kimi dəvət olunuruq, fasilə zamanı deyirlər ki, kiməsə söz atın, qalmaqal yaradın. Axı mən bu işin adamı deyiləm. Niyə mən qalmaqal yaratmalıyam? Deyir onda sponsor pul vermir, reytinq düşür. Belə bir vəziyyətdə efirdə iştirak edirsən, pis adam olursan, etmirsən də unudulursan. Bayramlarda da ki, əvvəllər aktyorlar dəvət alırdı, bayram üçün tamaşalar, səhnəciklər hazırlanırdı. İndi bayram günləri də efirə müğənniləri dəvət edirlər. Müğənnilər həm oxuyur, həm də tamaşalarda rol alırlar, aktyorlara da ehtiyac qalmır.
- Sizcə, niyə bayram günlərində hazırlanan şənliklərə ancaq müğənniləri dəvət edirlər?
- Əsas səbəb maliyyənin başında dayanır. Aktyoru dəvət edəndə ona müəyyən məbləğdə pul ödənilir. Elə buna görə də üstünlüyü müğənnilərə verirlər.
- Bəlkə müğənninin verdiyi reytinqi aktyor verə bilmir? Səbəb bu ola bilərmi?
- Təbii ki, bu gün gündəmdə olan məhz onlardır. Biz öz işimizlə məşğuluq. Tamaşalarımız oynayır, seriallara dəvət alanda gedib çəkilirik.
- Bəs bu gündəmi yaradan kimlərdir?
- Özləri.
- Necə?
- Aralarında süni qalmaqallar yaradırlar. 5 dəqiqənin içində bir qalmaqal yaradıb, olurlar məşhur, reytinqlərdən düşmürlər.
- Cahangir Novruz son müsahibəsində "bu gün ərsəyə çıxmaq, məşhur olmaq istəyənlərin çoxunun xisləti iyrəncdir” deyib. Onun fikirləri ilə razısınızmı?
- Bu gün sənəti ilə məşhur olanlar var? Varsa da, onlar barmaqla sayılası qədərdir. Ömrünü teatra həsr edən, bu yolda canını fəda edən insanlar, bu məşhurluğu çətinliklər bahasına əldə etsələr də, bəziləri yüngüllük etməklə və ya başqa əməllərlə, sosial şəbəkələrin hesabına bir saniyədə tanınırlar.
- Hər aktyorun yaradıcılığının dönüş nöqtəsi var. Misal üçün, Valeh Kərimov uzun müddət teatrda çalışdı, ancaq tamaşaçılar onu Moşu obrazına görə tanıdılar. Bəs sizin yaradıcılığınızın dönüş nöqtəsi kimi hansı obrazınızı göstərə bilərik?
- Hələ yaradıcılığım qabaqdadır (gülürük). Mən bu fikirlə razılaşmıram, çünki canlandırdığım bütün obrazlarım mənim üçün dəyərlidir. Hər birində özümdən oraya nələrsə əlavə etmişəm. Canlandırdığım obrazları biri-birindən ayır edə bilmərəm... "Tıq-tıq xanım” tamaşasında Xan obrazını canlandırıram. Uşaqlar o tamaşanı çox sevir, hətta məni şəhərdə görəndə ya Xan, ya da Şirxan deyə səsləyirlər. Yaxud da "Onun iki qabırğası” tamaşasındakı professor obrazım daha məşhurdur.
- Həmin obrazı xatırlayıram. Bu gün o gülüş də qalmayıb. Niyə sizi komediya janrında çəkilən filmlərdə, seriallarda görmürük?
- Bu gün insanların zövqü korlanıb. Adi bir şit hərəkətə gülmək dəbdədir. Hər şey peşəkar səviyyədə olmalıdır. Əgər tamaşaçını güldürmək istəyirsinizsə, bunun ucuz gülüşlə etməyin tərəfdarı deyiləm. Təbii ki, hər şey rejissordan asılıdır. Əgər peşəkar rejissor olarsa, bu, qəbul olunacaq. Heç zaman yüngül, şit hərəkətlərin tərəfdarı olmamışam və xoşlamıram da, ona görə də siz bu layihələrdə məni görmürsünüz.
- Vaxtilə Azərbaycanın tanınmış sənətkarları ilə çalışıbsınız və indi də çalışırsınız. Sözün əsl mənasında sənətkar dediyiniz insanların çoxu dünyada yoxdur. Onların boşluğunu hiss edirsinizmi? Nəsillərin əvəzlənməsi sizcə, uğurlu bir prosesdirmi?
- Nəsillərin əvəzlənməsi təbiidir, bu, hər zaman olub və olacaq da. Bizim sənətimizin intibah dövrü məhz o köhnə sənətkarların zamanında oldu. Hələ ki, susqunluqdur. Bu gün istedadlı gənclərimiz çoxdur. Təbii ki, köhnə sənətkarların yeri görünür. Bu gün Səyavuş Aslanı, Hacıbaba Bağırovu, Yaşar Nurini, Nəsibə Zeynalovanı kim əvəz edə bilər?
- Natiq Fərzəliyevin yolu teatrdan təsadüfən düşüb, yoxsa bu sənət sizin uşaqlıq arzunuz olub?
- Məktəb illərində - 4-cü sinifdə oxuyanda dərnəyə yazıldım. Orada dram, rəqs, kamança dərsləri alırdım. Rayonun bütün tədbirlərinin aparıcısı idim. 7-ci sinifdə oxuyanda Yevlaxda Xalq Teatrında çalışırdım və maaş da alırdım. Sonra sənədlərimi İncəsənət Universitetinə verdim və qiyabi təhsil aldım.
- Sizi yeni tamaşada görə bilərik?
- Yazıçı Samir Sədaqətoğlunun bir hekayəsi var, istəyirəm ki, onu mono-tamaşa kimi hazırlayım. Bu hekayə boyu kiçik olan bir insanın dramından bəhs edir. Cəmiyyətin bu cür insanlara reaksiyası, münasibəti və sair bu hekayədə əks olunub. Sonda bu insan cəmiyyətin təzyiqindən bezərək özünü asır. Mən bu hekayəni mono-tamaşa kimi işləmək istəyirəm, ancaq bu sonluqla deyil. Həyatda insan mübariz olmalıdır. Əgər çalışıb mübarizə aparsaq, mütləq qalib gələcəyik.
Köhnə tamaşalarım var ki, onlarda da oynayıram. Bakı Uşaq Teatrı ilə müqaviləli şəkildə işləyirəm, bir tamaşa üzərində çalışırıq. Bu ayın sonuna kimi təhvil verəcəyik. Maraqlı, kiçik bir komediyadır.
- Cəmiyyət boyu kiçik olan insanları necə qarşılayır?
- Normal və qeyri normal.
- İstəyərəm bu sualıma Natiq Fərzəliyev kimi cavab verəsiniz.
- İndi mənim üçün insanların reaksiyası adiləşib. Tək mənə deyil, digər fiziki qüsurlu insanlara baxıb gülmək bir acizlikdir. Məsələn, yoldan keçən insanlar əli ilə səni göstərir. Yaxud da kiçik yaşlı bir uşaq valideynlərinə səni göstərərək deyir ki, ona bax, valideyn də övladına nəyisə izah etməkdənsə, başlayır var gücü ilə gülməyə. Düzü, indi mənə belə hadisələr təsir etmir. Ancaq uşaq yaşlarımda böyük kompleks yaşayırdım. İnsanlardan qaçmağa çalışırdım, depressiyaya düşürdüm ki, mənə baxıb gülür. Ancaq zamanla öyrəşirsən, həyatdır, insanın başına hər iş gəlir. Mən istəyirəm ki, bunların hamısını mono-tamaşa kimi hazırlayıb göstərim. Bu, cəmiyyətə bir mesaj olsun. Mən təkcə insanlara Natiq Fərzəliyevi göstərmək istəmirəm. Bu tamaşa ilə fiziki qüsurlu insanların gündəlik yaşantılarını, çəkdiyi iztirabları onlara göstərməyə çalışacağam. Bəlkə bundan sonra insanların münasibəti dəyişər. Allah hərəni bir cür yaradıb. Əsas, insanın həyata baxışı, daxili aləmi, gördüyü işidir.

- Rejissorlar sizinlə çalışmağa maraq göstərirlər?
- Bizim bu gün barmaqla sayılası qədər peşəkar teatr rejissorlarımız var. Ötən gün onlardan birini - Rövşən Almuradlını itirdik. Çox istəyərdim ki, rejissorlar kimlərinsə himayəsinə keçməsin və kənar şəxslərin sözləri ilə oturub-durmasınlar. Çünki onların sayı çox azdır.

- Yəni deyirsiniz ki, sizin potensialınızdan yetəri qədər istifadə edilmir?
- Bu, bir az kobud səslənir. İstəyirəm ki, mənim nə gücüm, potensialım varsa, onu teatrda ortaya qoyum. Hazırda teatrımızda 3 tamaşanın məşqləri başlanılıb və mən heç birində yoxam.
- Səbəb?
- Aktyorların sayı çoxdur. 70 nəfərə yaxın adam var. Onların hamısına da obraz vermək mümkün deyil.
- Yaşlı nəsil aktyorlardan istifadə edilirmi?
- İstifadə edilir, amma elə adam var ki, ona uyğun rol yoxdur. Gərək bunların hamısını rejissor nəzərə alsın. Rejissor nəzərə almalıdır ki, mənim truppamın bu tamaşanı oynamağa gücü çatar, yoxsa yox. Hər şey vaxtında olanda yaxşı olur. İstərdim ki, nə qədər sağam, rejissorlar məndən istifadə etsinlər. Sonra heyfslənməsinlər.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər