Nə olursa-olsun, ədəbiyyat, kino, teatr ölməyəcək
Danil Həbibrəhman oğlu Salihov Tatarıstanın ən məşhur yazıçılarından
biridir. O, otuzdan çox pyesin müəllifidir. Onun pyesləri əsasında tamaşalar
səhnəyə qoyulub və onlar dərin tamaşaçı sevgisi qazanaraq Rusiyanın bir çox
teatr repertuarlarını bəzəyir. Bu, heç də
təsadüfi deyil. "Qadın deyil, iblisdir", "Atamın qızıyla
evlənəcəyəm", "Yolda dayanacaq", "Qəribə adam",
"Güllə", "Bəyazid" pyesləri ən çox oynanılan səhnə
əsərləridir. Bu gözəl yazıçı həm də Tatarıstan Yazıçılar Birliyinin sədridir.
– Necə oldu ki, vokal
sənətindən dramaturgiyaya keçid etdiniz?
– Musiqi məktəbinə qəbul üçün çox böyük konkurs vardı. Buna baxmayaraq,
mən qəbul olundum. Sadə kənd uşağı idim. Daha çox xalq mahnılarını sevirdim.
Amma səsim opera səsidir. O vaxtlarsa opera teatrları Tatarıstanda bir o qədər
də inkişaf etməmişdi. Elə tamaşaçılar da operanı çox da sevmirdi. Amma mən
istəyirdim ki, İlham Şakirov kimi oxuyum, onun kimi tanınım, sevilim. O, çox
gözəl ifaçıdır. Və mən düşünməyə başladım: tutalım vokalçılığı bitirdim, bəs
sonra? Kazanda filarmoniya var. Orda xorda oxuya bilərəm, amma istəmirəm.
Belə-belə fikirlər məndən əl çəkmirdi. Oxuduğum musiqi məktəbi Q.Kamal adına
Tatarıstan Dövlət Akademik Teatrına yaxın idi. Bir dəfə yanından keçəndə divara
vurulmuş elanı gördüm. Rejissor Marsel Səlimcanov Teatr Məktəbinin aktyorluq
kursuna qəbul elan edib. Səlimcanov SSRİ Xalq artisti idi. O vaxtlar belə ad
almaq, xüsusuilə də, avtonom respublika vətəndaşının belə ad alması olduqca
mürəkkəb bir iş idi. O, nəhəng istedad
idi. Və mən payızda ora daxil oldum. Oxudum, orda da işləməyə başladım. İki il çalışandan
sonra K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrına dəvət aldım.
İşləyəndə hamıya, hər şeyə diqqət edirdim. Aktyorlar rol davası edəndə, təyinat
gedəndə mən tamaşadakı, əsərdəki əskikləri düşünürdüm. Düşünürdüm ki, mən bunu
belə yox, belə yazardım, bunu tamamilə çıxarardım, bunu əlavə edərdim. Elə-elə
düşüncələrə dalıb, bir gün özüm yazmaq qərarına gəldim. Bütün düşüncələrimi
toplayıb yazdım. Qələmə aldığım üç pyes ard-arda tamaşaya qoyuldu.
Düzü, bu, elə də rahat başa gəlmədi. Mən çətinliklərlə üzləşdim.
Əvvəlcə pyesimi tamaşaya qoymaq istəmədilər. Həmişə hər yerdə pis adamlar olur.
Əngəl olmağa çalışanlar vardı. Lakin tətildən qayıdanda teatrın rejissoru dedi
ki, yay uzunu qırx pyes oxumuşam, sənin əsərini çox bəyənmişəm. Pyesini
tamaşaya qoyuram. Sabahdan məşqə başlayırıq. Sonra da bir-bir pyeslərim
tamaşaya qoyulmağa başladı. Elə olurdu ki, hər il tamaşaya qoyulan
premyeralardan biri mənim pyesim olurdu. İndiyə qədər otuzdan çox pyesim
səhnələşdirilib. Rusiyanın, Tatarıstanın, Dağıstanın bir çox teatr səhnələrində
əsərlərim oynanılıb. Hətta Rusiya Federasiyası Mədəniyyət Nazirliyi mənim iki pyesimi satın almışdı. Bu, mənim üçün
böyük uğur idi.
– "Bəyazid” pyesinizdə yazıçı öz pərisi ilə danışır, onunla məsləhətləşir.
Sizcə, Pəri – ilham pərisi var?
– Əlbəttə, var. Yaradıcı
insan İlham pərisiz yaza bilməz. Bu, mümkün deyil. Bilirsiniz ki, əvvəllər
senzura, müəyyən qaydalar vardı: nəyi yazmaq olar, nəyi yazmaq olmaz məsələsini
onlar müəyyənləşdirirdi. Bəzən yazıçı fikirlərini üstüörtülü, ötəri yazırdı.
Çox çətin idi. Yazıçı bəzən özü-özü ilə ziddiyyətə düşürdü, qarşı-qarşıya
dayanırdı. Müxtəlif səbəblərdən yazıçı istədiyini tam yaza bilmirdi. Bax onda pəri
yazıçının qarşısına keçir, niyə ürəyindəkini yox, beynindəkini yazdığına görə
məzəmmət edir. "Bəyazid”də də eynən o cürdür. Pəri, Bəyazidi müəyyən şeyləri
ürəyindən keçən kimi yox, ağlında emal edib yazdığı üçün danlayır.
– "Bəyazid”də qəhrəman hey keçmişini xatırlayır. İtirdiyi övladlarını,
xanımı Xatirəni xatırlayır. Demək olar ki, əsər boyu onu xatirələri müşayiət
edir. Siz necə, keçmişinizi çoxmu xatırlayırsınız? Ümumiyyətlə, xatirələr sizin
üçün nə anlam daşıyır, yoxsa, ancaq gələcəyə baxırsınız?
– Xatirələrsiz insan
olarmı? Olmaz! İnsan gələcəyə doğru addımladıqca, etdiyi səhvləri təkrarlamamaq
üçün keçmişini yada salmalı, səhvlərini başa düşməlidir. Kənddə atam-anam hələ
sağ idi, amma şəhərə oxumağa gələndə heç nəyim yox idi. Çox çətin idi. Amma
məqsədim vardı, ona görə möhkəm idim. Evim-eşiyim də yox idi. Kirayədə
qalırdım. İndi oturub həmin günləri xatırlayıram. Atamı, anamı, tələbəlik
illərimi xatırlayıram. Kövrəlirəm. Bəzən gözümdən yaş da axır (kövrəlir).
– Qəhrəmanınız Bəyazidi yazıçı
kimi narahat edən məsələlərdən biri də gələcəkdə bugünkü əsərlərin oxunub-oxunmayacağıdır? Hey
düşünür: "Onlar kiməsə lazım olacaqmı? Kimsə onların yolunu davam
edəcəkmi?" Bəyazid sizin yazıçı qəhrəmanınızdır. Bəlkə də, elə siz
özünüzsünüz. Bəs sizcə, sizi və dövrümüzün digər yazıçılarını gələcək nəsillər
oxuyacaqmı? Ədəbiyyat kiməsə lazım
olacaqmı?
– Bilirsinizmi, kino meydana çıxanda dedilər ki, teatr sənəti batdı,
daha heç kimə lazım olmayacaq. Amma teatr ölmədi. O, tamam başqa şeydir, başqa
aləmdir. Yaşayır, yaşayacaq!
Biz dəmir pərdələr
arxasında böyüyürdük, dünyadan xəbərimiz yox idi. Sərhədlər açılandan, SSRİ
dağılandan sonra xaos yarandı. Hər şeyə maraq artdı. Birdən-birə informasiya
axını gəldi üstümüzə. İndi telefon, planşet, kompüter dövrüdür. Uşaqların
kitaba, teatra marağı azdır. Amma yenə də nə olursa-olsun, ədəbiyyat, kino,
teatr ölməyəcək. Gələcək nəsillər bunu sevəcək. Tatar xalqı teatral xalqdır.
Tatar seyrçisi səs-küylü, coşqun, qaynar səhnələri sevir. Tamaşalar o cür
olanda anşlaq olur. Məsələn, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan”ı bu gün
də bizdə – Tatarıstan teatrlarında tamaşaya qoyulur, həm də çox sevilir.
İnsanlar fərqlidir.
Kimlərsə komediya sevir, kimlərsə faciə. Hərə bir cürdür. Bir dəfə teatrda
səhnəyə hansısa komediya qoyulacaqmış. Görünür, camaat gülmək həvəsindəymiş.
Lakin aktyorlardan xəstələnən olub, səhnəyə çıxa bilməyib. Həmin gün direktor
səhnəyə çıxıb tamaşaçılardan üzr istəyir və bu gün səhnədə həmin komediyanın
yox, "Bəyazid”in oynanılacağını elan edir. Bəziləri əvvəlcə narazı olsalar da,
tamaşa bitdikdən sonra çox məmnun qaldıqlarını və gözəl əsər olduğunu
bildiriblər.
– "Qəribə adam” pyesinizdə baş qəhrəman kordur. Sizcə korluq nədir?
– Orda qız anasından
soruşur ki, ana, sənin ən xoşbəxt günün hansı olub? Anası da istehza ilə deyir
ki, sənin kor atana ərə getdiyim gün. Bax, insanlar əlinin altında,
böyür-başında olan xoşbəxtlikləri, gözəllikləri, sevincləri bəzən görə
bilmirlər. Nəsə böyük xoşbəxtliklər axtarırlar. Amma həyat o qədər gözəldir
ki... Hər şeydə bir gözəlik tapmaq olar, görmək olar. Əgər istəsək. Baxın, indi
gözdən əlil insanlar zərrə boyda işığa həsrətdirlər. Əslində, bütün bu
gözəllikləri görə bilməyən insanlar kordur, onlar yox.
– Tatarıstanda indiki zamanda yazıçı əməyi ilə yaşamaq mümkündürmü?
– Bu gün yəqin ki, yox.
Əvvəllər dramaturqlar aldığı qonorarla normal dolanırdılar. Qonorarlar yüksək
idi. Elə mən də əsərlərimə görə yaxşı pul alırdım. Amma indi qonorarlar ya
yoxdur, ya da olduqca azdı. Onunla dolanmaq mümkün deyil. Mütləq yazıçı başqa
işlə də məşğul olmalıdır. Yəni ayrı gəlir yeri olmalıdır.
– Siz uğurlu yazıçısınız.
Sizcə bu uğurun sirri nədədir?
– Yazıçının geniş dünyagörüşü olmalıdır. Mütləq olmalıdır. Həm kənd
həyatına, həm şəhər həyatına, adət-ənənələrə, müxtəlif həyat tərzlərinə bələd
olmalıdır. Mən kənddə doğulub böyümüşəm, şəhərdə oxuyub püxtələşmişəm. Kənddə
də, şəhərdə hər cür tipaj, hər cür obraz
var. Mən həmişə onları diqqətlə izləmişəm. Sözlərinə, hərəkətlərinə, xüsusiyyətlərinə
fikir vermişəm. Bunları yaddaşıma yığa-yığa sonralar məndə süjetlər, obrazlar
yaranmağa başlayıb. Məncə, elə budur mənim uğurumun sadə sirri.
– K.Tinçurin adına Dram
Teatrında bir müddət aktyorluq etmisiniz. Sizcə, necə aktyor idiniz,
tamaşaçıların rəğbətini, sevgisini qazana bilmişdiniz?
– Özümü tərifləmək kimi çıxmasın, yaxşı aktyor olmuşam. Həmişə də
xarakterik obrazlar yaratmışam. Tamaşaçılar məni seviblər. Buna görə çox şadam.
Hətta "Biz kənd uşaqları” tamaşasına dostlarımı dəvət etmişdim, onlar səhnədə
məni tanımamışdılar. Mən hər zaman tamaşaçıların sevgisini duymuşam. Nə yaxşı
ki dramaturgiyaya aktyorluqdan gəlmişəm. Çünki mən yazanda bütün obrazları
ayrı-ayrılıqda oynaya-oynaya yazıram. Onları hiss edirəm. Hiss etməsəm,
oynamasam yaza bilmərəm. Həm də yazacağım pyesi əvvəlcədən kinolent kimi
görürəm. Onu tam şəkildə gözümdə canlandırandan sonra yazıram.
– Bəs daxilinizdə bu proses
necə gedir. Necə bilirsiniz ki, artıq bu əsər hazırdır. Onu yaza bilərəm?
– Yazacağım hansısa əsər məni rahat buraxmır. O qədər beynimdə,
ürəyimdə qaynayır, qaynayır, qaynayır ki... Axır tam hazır olanda yazıram.
Məsələn, "Arvad deyil, iblisdir” pyesimi bir gecəyə – əvvəl qaralamada yazdım,
sonra ağartmaya köçürdüm. Köçürəndə heç bircə vergülü də dəyişmədim. O pyesim
səkkiz teatrda səhnələşdirilib. Pyeslərimin redaktəsini də özüm edirəm. Yazanda,
bircə sakitlik istəyirəm. Əsasən də gecələr yazıram. Zəhmətimi isə həyat
yoldaşım çəkir. Tez-tez qəhvə dəmləyib gətirir. Yazı vaxtı qəhvə içməyi
sevirəm.
Söhbətləşdi: Xanım AYDIN