• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Nə İvanişvili, nə də Saakaşvili

12.04.19 19:59 456
Nə İvanişvili, nə də Saakaşvili
Hakim "Gürcü arzusu”nın sıralarında parçalanma günbəgün güclənməkdədir. Belə getsə, növbəti seçkilərdə partiya çox ciddi problemlərlə üzləşə bilər. Bu dəfə hakim partiyanın sıralarını paytaxt sakrebulosunun (şəhər meriyası) iki deputatı tərk edib. Halbuki, onlar vaxtilə hakimiyyətin ən sadiq tərəfdarları kimi ad çıxarmışdılar. Onlar Gürcüstanın himninin müəllifi, şair David Maqradzenin "Gürcüstanı müdafiə et” hərəkatına qoşulublar.
Sabah adıçəkilən hərəkatın qurultayı keçiriləcək və onun nəticələri hərəkatın üçüncü siyasi mərkəz olub-olmayacağını üzə çıxaracaq. Gürcü nəşrlərinin yazdıqlarına görə, artıq bunun üçün sosial sifariş var. Sonuncu prezident seçkilərində "Gürcüstanı müdafiə et” hərəkatı hakimiyyətin tərəfində çıxış edib və Salome Zurabişvilini müdafiə edib. David Maqradze bunu sadəcə "Vahid Milli Hərəkat”a olan əsəbindən etdiyini bildirib. Lakin indi elədir ki, "Gürcü arzusu” da ümidləri puç edir. Çox güman ki, gürcü siyasətində şairin meydana atılmasında Ukrayna amili, daha doğrusu, komik siyasətçi Vladimir Zelenskinin qəfildən peyda olub uğurlu nəticə əldə etməsi rol oynayıb. Gürcü himninin də müəllifi üçüncü siyasi mərkəzi formalaşdırmaq niyyətindədir. Bununla da o nə indiki, nə də ki əvvəlki hakimiyyəti qəbul etməyən təbəqənin dəstəyini qazanmağa çalışır. Bu layihənin uğur qazanacağına inananlar çoxdur.
Çoxları hesab edir ki, ölkənin iki əsas qüvvəsi – "Vahid Milli Hərəkat” və "Gürcü arzusu” arasında münasibətlər artıq barışmaz haldadır. Hansısa bir siyasi dialoq barədə danışmaq belə mümkün deyil. Məsələn, aprelin 9-da baş verən hadisələri götürək. Bəlli olduğu kimi, 1989-cu il aprelin 9-da Tbilisidə keçirilən aksiya zamanı sovet əsgərləri dinc sakinlərə qarşı qətliam törətmişdilər. O zamandan bəri hər il aprelin 9-u xatirə günü kimi qeyd olunur. Bu dəfə də keçirilən tədbir zamanı həm müxalifət, həm iqtidar nümayəndələri milli birlikdən bəhs ediblər. Lakin belə əhval-ruhiyyə cəmi bir neçə saat çəkib. Hakim partiyanın sədri Bidzina İvanişvili "İmedi” televiziyasının efirində ölkədəki vəziyyətə qiymət verərkən problemlərin həlli yolları barədə fikirlərini bölüşüb. Bu çıxış isə iki siyasi qüvvə - "Gürcü arzusu” və "Vahid Milli Birlik” arasında qarşılıqlı etimadın indikatoru rolunu oynayıb. Mahiyyət etibarilə oliqarx yeni bir şey söyləməyib. Bu səbəbdən də "Gürcü arzusu” nümayəndələrinin tənqidlərinə tuş gəlib. B.İvanişvili bəyan edib ki, indiki hakimiyyət yaxşı işləyir – bunun nəticəsidir ki, əhali güzəştli proqramlardan yararlanmağa müvəffəq olub. Bura artıq təkcə səhiyyə deyil, digər sahələr də aiddir. Lakin daha yaxşı da işləmək olar. Etiraf edib ki, ölkədə atmosfer ağırdır və bunun yaşanmasında əvvəlki hakimiyyətin günahı var: "Onların əks-təbliğatı və yalanları vəziyyəti gərginləşdirir. Mütəmadi olaraq "Rustavi-2” telekanalının efirində hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirirlər”. Onun sözlərinə görə, cəmiyyəti reallığa qaytarmaq üçün müəyyən addımlar atılmalıdır: "Halbuki, müxalifət iddia edir ki, ölkədə vəziyyət fəlakət həddindədir”. İqtisadiyyatda problemlərin olduğunu etiraf edən İvanişvili onların qlobal təsirlər nəticəsində yarandığını vurğulayıb. Bildirib ki, yeddi illik hakimiyyətləri belə Mixail Saakaşvili rejiminin qoyub getdiklərini aradan qaldıra bilməyib və ardınca onları volyuntarist yanaşmada ittiham edib. Oliqarx əlavə edib ki, Mixail Saakaşvili hakimiyyətinin günahı üzündən baş verən 2008-ci il müharibəsinin fəsadlarından da qurtulmaq mümkün olmayıb. Hüquqi sahədə də problemlərin yaranmasında əvvəlki hakimiyyəti ittiham edib. Bildirib ki, "əvvəlki rejim prokurorluğu, məhkəmələri özünə tabe etdirib, kadrlarını hər yerə yerləşdirib. Bu gün də onların təmizləyib qurtarmaq mümkün deyil”.
Nəhayət, İvanişvili əhalinin informasiyalaşdırılmamasının səbəblərini açıqlayıb. Bildirib ki, bunun səbəbi telekanalların keyfiyyətsiz verilişlər, serial və filmlər efirə verməsindədir. "Əgər belə davam edərsə, biz çox tezliklə düşüncəsiz, heç nəyə yaramayan bir cəmiyyət əldə edəcəyik”, - deyən partiya lideri əlavə edib ki, vəziyyətlə yaxından maraqlanacaq. Bildirib ki, gürcü kino sənayesinin gücləndirilməsi üçün əlindən gələni edəcək.
Bu müsahibdən sonra isə tərəflər bir-birinin üzərinə sözün əsl mənasında hücuma keçib. Hakim partiya müsahibədə az qala bütün bəlaları aradan qaldırmağın yollarının əks olunduğunu bəyan edib. Müxalifət isə əksinə, bildirib ki, yeddi illik hakimiyyət problemləri həll etmək üçün xeyli müddət idi. Amma çıxış yolları əvəzinə, əvvəlki hakimiyyət tənqid edilir. Məhz belə bir durumda "gürcü Zelinski” olmağa iddialı David Maqradze peyda olub. Bu şəxs hələ bir neçə il bundan əvvəl siyasi proqramını belə təqdim etmişdi – antik müdrikliyi, xristian mənəviyyatı, klassik təhsil və azad şəxsiyyət”. O, 2011-ci ildə "yeni gürcü konservatimzi” konsepsiyasının müəllifi kimi tanınır.
Gürcü ekspertlərin qənaətincə, həqiqətən də cəmiyyətdə əvvəlki və indiki hakimiyyətdən narazı qüvvələr yaranır. Yeni qüvvə qismində isə şair çıxış edə bilər və əsas odur ki, iqtidar partiyasından olan narazılar ona qoşulub. Prosesin isə davam edəcəyi istisna edilmir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər