• cümə, 29 Mart, 12:24
  • Baku Bakı 14°C

“Nə istəyirsən de, ancaq təhqir etmə”

11.01.17 09:30 1986
“Nə istəyirsən de, ancaq təhqir etmə”
Ötən ilin may ayında Nizami Kino Mərkəzində aktyor, Stund up ustası Fərda Aminin (Xudaverdiyev) "Selfinaz” adlı şousu baş tutmuşdu. O gündən bu günə, çoxları həmin şoudan danışırdı. Son bir həftədə həmin şou "Youtube” kanalında nümayiş olunandan sonra isə mövzu yenidən gündəmə gəldi. Əsas məsələ konsertin "16+” olmasıdır. Konsertdə işlədilən "qurşaqdan aşağı” monoloqlar sosial şəbəkə fəalları arasında qıcıq yaradıb. Belə ki, onlar aktyorun ünvanına təhqirlər yağdıraraq, şounun gənclərin psixologiyasına pis təsir etdiyini yazırlar.
Bütün bunlardan sonra aktyor onu qınayanlar üçün öz sosial şəbəkə səhifəsində qısa bir video paylaşdı. Həmin videoda aktyor onu dəstəkləyənlərə deyil, tənqid edənlərə belə müraciət edib: "Sözüm mənə dəstək olanlara deyil, uğurumu həzm edə bilməyənlərə, məni tənqid edənlərədir. "Selfinaz” uzun müddətdən sonra "Youtube”a qoyuldu və Azərbaycan incəsənətinə 3-4-5 manatlıq dəstəyi olmayan 20 manatlıq "wi-fi” adamlarıevdə oturub pulsuz izləyəndən sonra sancılanmağa başladılar. Əslində may ayından bu yana hesablasaq, 9 ay keçib, sancılanmaqları normaldır. İnşallah, əlinizdə, ovcunuzda qalsın. Kimin əyninə olmadısa, desin, hər "razmer”i var. Dincəlin daha”.

Aktyorun bu fikirləri də təbii olaraq, tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Agentliklərdə, sosial şəbəkələrdə onu yenidən yıxıb-sürüdülər. Biz də məsələnin əslini öyrənmək üçün Fərda Aminin özü ilə əlaqə saxladıq.
- "Selfinaz” şounuzdan gözləntilərinizi ala bildinizmi? Tamaşaçı marağı planlaşdırdığınız səviyyədə oldumu?
- Şükürlər olsun ki, hər şey qaydasındadır. Gözlədiyimizdən də yaxşı nəticə aldıq. İnsanların Stund up-a olan marağı göz önündədir. Bu yöndə işlərimizi davam etdirəcəyik. Biz bu işi maddiyyata görə deyil, sevdiyimiz üçün görürük.
- Konsert "Youtube”-da paylaşılandan sonra 400 mindən çox baxış sayı qazanıb. Bu da o deməkdir ki, izləyicilərinizin sayı çoxdur.
- Min şükür, bir həftə ərzində 420 minə yaxın izlənmə var. Məşhur videolar arasında Top5-likdə öz yerini tutub. Bu baxış sayının çox olması məni çox sevindirir. Nəinki Azərbaycanda, hətta Azərbaycanın hüdudlarından kənarda da konsertim izlənilib və hətta rekord səviyyədə izlənmə var. Biz bu yükü üzərimizə götürmüşük. Bunu Azərbaycanda nümayiş etdirib layiqincə təmsil etdirmək niyyətindəyəm.
- Paylaşdığınız video ilə bağlı fikirlər heç də birmənalı olmadı. Sizi tənqidə dözümsüzlükdə günahlandırdılar...
- Tənqidə açıq olmayan adam səhnədə qala bilməz. Mən indiyə qədər nə olursa-olsun, kiməsə aqressiv cavab verməmişəm. Normalda izləyənlərin də rəylərini görürəm. Bəziləri də var ki, gözləyirlər, həmin şou "Youtube”-a düşsün və məni təhqir etməyə başlasınlar. Nə var, nə var, bu şou "16+”dur. Guya indiyə qədər "16+”luq heç nəyə baxmayıblar, ya da eşitməyiblər. Guya Cem Yılmaza oturub ayrı yerdə baxırlar? Ona da tək baxırlar da. Sənə necə rahatdırsa, elə də bax. Stund up-un mənası sərhədsiz deməkdir. Onun janrı budur. Bu konserti vermək üçün uzun müddət özümə məhdudiyyət qoydum, neçə illər gözlədim. Söyüşlü videolara baxış sayını görəndən sonra fikrimi dəyişdim. Bu gün-sabah biri çıxıb elə bir şou etsə, ondan sonra hər şey həmin insanın adına yazılacaq. 6 ildir bunun əziyyətini çəkirəm, niyə bu sahə mənim adıma yazılmasın? Bunu mən etmək qərarına gəldim, sağ olsunlar türklər, dəstək oldular. Yenə də qeyd edirəm – sözüm təhqir edənlərədir, sözümün də arxasındayam. Kim məni təhqir edibsə, o sözlər də onlara aiddir.
- Yuxarıda qeyd etdiyiniz göstəricilərdə sizə qarşı antitəbliğatın rolu nə qədərdir? Antireklam sizin reklamınız kimi oldu sanki...
- Nə istəyirlər-etsinlər. Yetər ki, məni təhqir etməsinlər. O gün paylaşdığım videonun sözləri də həmin o təhqir edənlərə idi. Bəzi jurnalistlər bunu başqa cür təqdim etdilər. Başa düşə bilmirəm, onlar nə etmək istəyirlər? Mən 20 ildir ki, səhnədəyəm. 20 ildir bütün tənqidlərə açıq olmuşam. Mənim o videodakı çıxışım ünvanıma təhqiramiz sözlər yağdıranlaradır. Mən də onlara beynimin imkan verdiyi qədər səliqəli, tərbiyəli formada, əxlaq normalarını gözləyərək söyüşsüz, sətiraltı sözümü göndərdim. Biz əvvəldən də bilirdik ki, tənqidlər olacaq. Çünki türk Stund up-çılarla dekorumuz bənzərdir. Dünyanın hər yerində mövzu eynidir. Qadın-kişi münasibətləri Türkiyədə başqa, Azərbaycanda başqa deyil ki? Hər ölkənin kişisi əsgərliyə gedib və orda başına müxtəlif hadisələr gəlib. Onun başına orda, mənimsə başıma burda əhvalat gəlib. Tənqidlər yalnız bu yöndədir ki, dekorlar, mövzular digərləri ilə bənzərdir. Bu layihə türklərin bir kommersiya addımı idi. Çox istəyərdim ki, bunu hər hansı bir azərbaycanlı etsin. Qurban olum sizə, etmədilər də. 2010-cu ildən bəri mənə heç kim dəstək olmadı. Bu işdə ancaq türklər dəstək oldu, mən də onların şərtlərini qəbul etdim. Axı mən içimdə olan bu arzuları gerçəkləşdirməli idim və Allahıma şükürlər olsun ki, gerçəkləşdirdim də.
- Sosial şəbəkələrdə sizi Cem Yılmazı yamsılamaqla ittiham edənlər də az olmadı.
- 2003-cü ildən çıxan bütün videolarımın hamısı "Youtube”da var. Qoy girib onların hamısını izləsinlər. Yaddaşlarını yeniləsinlər, görsünlər ki, 2003-cü ildə onlar Cem Yılmaz tanıyırdılarmı? İnsan əməyini bu qədər də aşağılamaq olmaz axı. Ən azından bu işdə xeyli əziyyət çəkirik. Mən Cem Yılmaz qədər zəngin deyiləm, onun qədər beynim rahat deyil. Ən azından, digər insanlar kimi mənim də problemlərim var. O problemlərə rəğmən, istəyirik ki, insanların üzü gülsün. Bunun da qarşılığında belə reaksiya görəndə, deyəsi heç bir söz tapmıram. Bu sahədə Azərbaycanda yaradılan normal şərtlər də bəllidir. Say olaraq biz türklərdən çox azıq. Orda bir işin qarşılığında qazanılan məbləğlər Azərbaycanda gözlə görülməyəcək qədərdir. Biz də son illərdə çəkildiyimiz filmlərdən 5-3 manat qazanırıqsa, onunla da ehtiyaclarımızı ödəyirik. Vəssalam! Heç bir insanın əməyini aşağılamaq, onu təhqir etmək olmaz. Əgər xoşun gəlmirsə, baxma, fikirlərini yaz, məsləhətlərini ver. Mən düşmən deyiləm ki? Nə edirsən-et, ancaq təhqir etmə. Hər kişi bir ailənin rəhbəri, bir nəslin nümayəndəsidir.
- Hər şeyin ilkində problemlər qaçılmazdır. Sizə elə gəlmirmi ki, bu ilk də problemsiz ötüşmədi?
- Vallah, bilmirəm. Cem Yılmazı Cem Yılmaz edən Türkiyədir. Onun tamaşaçıları, onu sevən insanlar, mətbuat nümayəndələridir. Bu işdə jurnalistlərin də rolu danılmazdır. Cem Yılmaz küçədə hər hansı mətbuat nümayəndəsinə iki kəlmə söz deyir, az qalırlar onu xəbərlərə qədər göstərsinlər. Çünki bunu edən jurnalistlərdir. Bilirlər ki, Cem Yılmaz onların sənətçisidir. Türkiyəyə bütün dünya baxır. Onlar öz sənətçilərini belə təbliğ edirlər, bizdə isə əksinədir.
- Əsas ittihamlardan biri də budur ki, hazırladığınız monoloqlarda "qurşaqdan aşağı” ifadələr, zarafatlar çoxdur. Əslində bu, Cem Yılmazda da var, amma nədənsə onda bu normal qəbul olunur. Sizdə isə...
- Yəqin ki, Receb Evedikin filmlərini izləmisiniz.

-Bəli.
- "Xoxan” filmi çıxmayana qədər Recep İvedikin filmi Azərbaycanda ən çox izlənmə rekordu qıran, izlənilənlər siyahısında idi. Niyə o filmdəki söyüşlər o qədər şişirdilmədi? Heç kim demədi ki, niyə bu filmi gətirib burada nümayiş etdirirsiniz. Bizim beynimiz söyüş üzərindən işləmir. Mən bunu hər dəfə sübut etmişəm. Ancaq bu da olmalıdır, bunu da mən etdim. İlklərə imza atmaq hər zaman çətin olur. Yetər ki, təhqir olmasın.
- Bir daha belə bir Stund up şousu göstərməyi düşünürsünüzmü?
- Mütləq olacaq. May ayında eyni vaxta, hətta iki gün Stund up şousu verməyi düşünürəm. Bunlar məni ruhdan salmır, əksinə, stimul verir. Mən sözümü demişəm, deyirəm də. Biz bu işi sevirik, kiminsə sözünə görə işimi dayandırmaq niyyətində deyiləm. Eyni zamanda, tənqidlərə də açığam. Tənqidlərdən nəticə çıxarırıq ki, bu səviyyəyə gəlib çatmışıq. Növbəti Stund up-a hazır olsunlar, gəlirik.
- Fərda bəy, insan dar və xoş gündə dostunu, düşmənini daha yaxşı tanıyır. Sosial şəbəkə fəalları sizi qınaq obyektinə çevirəndə, əsil dostlarınızı tanıya bildinizmi?
- Çox gözəl tanıdım. Bir insanı həyatda tanımırsansa, "Facebook”da daha yaxşı tanıyırsan. Bir də "Facebook”dakı dostdan sənə dost olmaz. Əslində məntiq olaraq da belə idi, ancaq bir neçə şəxsin paylaşımlarını gördüm, hətta mənim dostluğumda da var idilər. Mən onlara ismarış yazandan sonra başladırlar üzr istəməyə, dedilər ki, "sizi düz anlamadıq, başa düşmədik”. Sadəcə onlar layk yığmaq xatirinə ittiham etməyə başladılar. Allaha şükür ki, ağlım başımdadır. Bu gün-sabah 37 yaşım olacaq. Biz yaradıcılığımızı "Facebook” üzərində qurmamışıq ki...
- Bu sahədə davamçılarınız varmı?
- Bilmirəm. Varsa da, məndən sonra onlar üçün bu sahədə irəliləmək daha asan olacaq. Çünki mən artıq o cığırı açmışam. Mən Stund up-ı adını tanıtdırana, onu qəbul etdirənə kimi ömrümün 6 ili getdi. Ümid edirəm ki, məndən sonra gələn Stund up-çular üçün daha asan olacaq. Çünki artıq Stund up deyəndə məlum olacaq ki, söhbət nədən gedir. Amma onu da bilirəm ki, onlar da heç zaman mənə çox sağ ol deməyəcək.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər