“Nə evimi ala bilirəm, nə də pulumu” ARAŞDIRMA

“Nə evimi ala bilirəm, nə də pulumu” ARAŞDIRMA

İqtisadiyyat
08 Noyabr 2012, 15:43 2877
«Ötən ilin mayında “Akkord”un “Uğur-3” layihəsindən kreditlə mənzil alanda, mənzili bu ilin mayında təhvil verəcəklərini dedilər. Mən də düşündüm ki, mayda təhvil verərlər sentyabracan təmir edərəm və ailə qurub içərisinə yığışaram. May ayı yaxınlaşanda binaya baxmağa getdim, hələ hazır deyildi. Sonra sentyabr dedilər. Sentyabr da gəlib keçdi. İndi dekabra deyirlər».

Bu sözləri bizimlə söhbətində “Akkord” tərəfindən aldadıldığını hesab edən Nərmin (ad şərtidir) dedi: “Səhvimiz onda oldu ki, müqavilə imzalayanda binanın nə vaxt təhvil veriləcəyi barədə heç nə olmamasına fikir vermədik. Çünki ev alanda adam sevincli olur, çox şeyə fikir vermir. Amma sözlə dedilər ki, mayda təhvil verəcəyik”.

“Qaz çəkmək üçün pul istəyirlər”
Ramin deyir ki, mənzili olmadığına görə toyu da gələn ilə təxirə salıb: “Buna görə toyum gələn ilə qaldı. Eşitdiyimə görə, “Akkord” alıcılarına “Etalon” layihəsini 2010-cu ildə təhvil verəcəyini desə də, hələ də layihə tamamlanmayıb. Bizim də binanın 2-3 ilə təhvil veriləcəyindən qorxuram. Kreditlə götürdüyümə görə nə evi qaytara bilirəm, nə də pulumu geri ala bilmədiyimə görə başqa yerdən ev ala bilirəm”.

Təəssüflər olsun ki, tikinti şirkətləri tərəfindən aldadılan yüzlərlə belə vətəndaş var. Vətəndaşların inamından sui-istifadə edən şirkətlər isə onları şirnikləndirərək binanın yaxın vaxtlarda təhvil veriləcəyini deyir, hətta qazlaşdırmanın da olacağını bildirirlər. Mənzili aylarla, hətta illərlə gec təhvil verəndən sonra isə yeni problem başlayır. Bu dəfə ev sahibi illərlə mənzilinə nə vaxt qaz veriləcəyini gözləyir. Qaz olmadığından elektrikdən istifadə edən mənzil sahibləri hər ay, xüsusilə qışda 80-100 manat arası işıqpulu verməli olurlar. Raqif də hündürmərtəbəli binalardan mənzil alan vətəndaşlardandır. “Saz” MTK-nın Yeni Yasamalda ucaltdığı binalardan 4 il bundan əvvəl mənzil alıb. Deyir ki, 4 ildən bəridir ki, hər il qazın veriləcəyini deyirlər. Amma bunu reallaşdırmırlar. Bir ara dedilər ki, mənzilin hər kvadratına 1 manat 50 qəpikdən pul yığın, çəkək. Bu da məsələn, bizim mənzildə 600 manat edir. Çox pul etdiyindən camaat razılaşmadı”.

“Dövlətin inzibati müdaxiləsinə ehtiyac var“
Sözügedən məsələlərlə bağlı ötən saylarımızda qəzetimizə açıqlama verən Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı 2008-ci ildən bu yana yarımçıq qalmış binaların sayı və yaxud tikintinin normativ müddətinin uzadılması ilə bağlı problemlər həddən artıq çox olduğunu bildirdi: “Apardığımız araşdırmalar göstərir ki, 2006-2007-ci illərdə bir bloklu 16 mərtəbəli binanın tikintisinin normativ başa çatdırılma dövrü 18-24 ay idisə, hazırda bu müddət orta rəqəmlə götürsək 2,5-3 dəfəyə yaxın uzanıb. Bu da istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır”.

R.Osmanlının sözlərinə görə, müqavilədə çox vaxt tikintinin başa çatdırılma dövrü konkret göstərilmir: “Məhkəməyə müraciət etdikdə tikinti şirkəti deyə bilər ki, binanın nə zaman təhvil veriləcəyi ilə bağlı deyil, tikib təhvil verməklə bağlı müqavilə bağlamışam. Açıq qalan bu məsələ şirkət yetkililərinə imkan verir ki, yazda vətəndaşlara mənzilin payızda, qışda veriləcəyini, qışda isə yazda, yayda veriləcəyi desinlər. Fikrimcə, problemin həlli qaydaları yalnız dövlətin inzibati müdaxiləsi nəticəsində baş tuta bilər. Əks halda istehlakçı ilə tikinti şirkətləri arasında aparılan istənilən müzakirələr, mübahisəli məqamlar nəticəsiz qalacaq və qalır da”.
Müsahibimiz müqavilədə vaxt göstərilibsə, vətəndaşın gecikməyə görə məhkəməyə müraciət edib haqqını tələb edə biləcəyini dedi: “Burada mülki qaydada məsələnin həllindən əlavə, cinayət tərkibi yaradan nüanslar, yəni xuliqanlıq elementləri, yaxud vətəndaşların etibarından sui-istifadə edib, onun pulunu almaq məsələsi var. Məhz buna görə deyirəm ki, məsələyə dövlət tərəfindən müdaxilə olunmalıdır. Fikrimcə, dövlətin müdaxiləsi olmadan hansısa istehlakçının böyük bir tikinti şirkəti ilə mübarizə aparmaq imkanı məhduddur. Bu, kütləvi xarakter daşıyarsa, məsələn, 50-60 sakin sözü bir yerə qoyub eyni vaxtda tikinti şirkəti ilə mübarizəyə qalxarsa, bunun nəticəsi ola bilər. Amma 3-5 sakin problemin həlli üçün çalışırsa, fikrimcə, nəticəsiz qalacaq”.

“Olacaq, amma bir qədər gözləyin”
R.Osmanlı binaların qazlaşdırma məsələsindən də danışdı: “Bu da müqavilədə açıq qalan məsələlərdəndir. Müqavilədə binanın qazla, suyla, elektrik enerjisi ilə təchiz edilməsi əks olunur. Bina su, elektrik enerjisi ilə təchiz olunsa da, qaz təchizatı olmur. Tikinti şirkətinə müraciət edəndə ki, müqavilədə qaz təchizatı məsələsi var, şirkət yetkililəri cavab verirlər ki, “biz deməmişik ki, siz mənzilinizə daşınan kimi qaz təchizatı olacaq. Olacaq, amma bir qədər gözləyin”. Məhkəməyə müraciət etdikdə isə müqavilədə o bəndlər açıq qaldığından məsələnin hüquqi müstəvidə həlli bir qədər problem yaradır”.

Müsahibimiz vətəndaşları mənzil alarkən diqqətli olmağa səslədi: “İlk növbədə müqavilənin bütün müddəalarını yaxşı-yaxşı oxumalı, eyforiyaya qapılıb o dəqiqə evi almağa qərar verilməməlidir. Evi almağa qərar verəndən sonra isə binanın tam hazır olması əsas götürülməlidir. Bu, problemin birinci həllidir. Yəni bina yarımçıqdırsa, yeni tikilməyə başlayıbsa, burada problem çox ola bilər. Binanın təhvil verilmə, qazlaşdırılma, kommunal təchizat vaxtı müqavilədə dəqiq göstərilməlidir”.

Məsələ ilə bağlı gün ərzində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin də münasibətini öyrənməyə çalışdıq. Amma şirkətin mətbuat xidmətinin yerində olmadığını dedilər.
Lalə