Nə düşünürsənsə, onu da yaşayırsan
"İnsanın beyin gücü o qədər
möhtəşəmdir ki, istəsə, ondan istifadə edərək,
özünü komaya da sala bilər, ən ağır xəstəliyə qalib də gələr.
Sadəcə beynin gücünü işə salmaq kifayətdir”. Bu sözlər türk sinir
problemləri mütəxəssisi Mehmet Yavuza məxsusdur. Həkimin beyin gücü ilə bağlı
fikirlərini diqqətinizə çatdırırıq.
-
Ət daşıyan qatar təmizlik üçün stansiyada
dayanır. İşçilər vaqonları təmizləməyə başlayır. İşçinin biri vaqonları təmizləyərkən,
digər işçi vaqonun boş olduğunu düşünür və qapını kilidləyir. Qatar hərəkət edir. Növbəti stansiyada dayanarkən
işçinin içəridə donaraq öldüyü məlum olur. Lakin mütəxəssilər
görür ki, qatarda soyuducu işə salınmayıb və içəridəki temperatur tam
normaldır. İçəridə qalan işçi bunu bilmədiyinə görə, donaraq öləcəyini düşünüb.
Beyin ona gedən informasiyanın bütün şərtlərinə əməl edib və bədəni donmağa
hazırlayıb.
Nevroloq deyir ki, hər hadisədə
beynimizi daim müsbətə fokuslamalıyıq: "Bəzi insanlar var ki, söhbət edərkən
"çoxu 3-4 il yaşayaram”, yaxud xəstələnən kimi "bu dəfə
öləcəyəm” deyirlər və özlərinə ölüm vaxtı müəyyən edirlər. Halbuki, hansı yaşda
olursan-ol, heç vaxt "bir ayağım çuxurdadır”, "torpaq məni gözləyir”
kimi ifadələr işlətməməlisən.Çünki şüuraltın sənin verdiyin əmrlərlə hərəkət
edir və bədənini ona hazırlayır, bunu həyata keçirməyə çalışır. Şüuraltı bizi
idarə edən gücdür. Şüur kimi bizə sual verməz. Tələblərimizi biz fərqində
olmadan yerinə yetirər. Əslində, insanların qəfildən öldüklərinin tez-tez
şahidi olur, bir insanın təqaüdə çıxdıqdan sonra öldüyünü görürük. Onların
hamısı həyat məqsədi olmayan, dünyadakı işlərinin bitdiyini zənn edən, bununla
da həyat enerjilərinə son qoyan insanlardır. Bundan əlavə, "oğlumun, qızımın
toyunu görmədən ölməyim, yaxud bunu yaşamadan ölməyim” kimi ifadələr də çox təhlükəlidir.
Çünki o hadisə həyata keçdikdən sonra şüuraltı dünyadakı missiyasının tamamlandığına inanır və ölməyin gərəkdiyini düşünür”.
Həkim şüur və şüuraltının fərqlərini
izah etmək üçün nümunə verir: "Əgər şüuraltımız bağdırsa, şüurumuz bağbandır.
Günlərlə və həftələrlə bağınızda toxum əkdiniz. Ən əsası, əkdiyiniz
toxumları görməyəcəksiniz. Yaxşı və ya pis məhsul almağınız əkdiyiniz toxumlardan
asılıdır. Yaxşı məhsul alırsınızsa, yaxşıdır, ancaq pis məhsul alırsınızsa,
bunun səbəbini başa düşə bilməyəcəkiniz. Çünki artıq hansı toxum əkdiyinizi
unutmusunuz. Şüuraltı şüur kimi tələsmir, çox səbirlidir. Pis toxum əkmisinizsə,
vaxt gəldikdə, siz hiss etmədən acı meyvələrini sizə daddıracaq. Buna görə
düşüncələrinizi idarə etməlisiniz.
Bir çoxumuzun başına gəlib. Məsələn,
sabah səhər 8-də çox vacib görüşümüz var. Əgər bu saatda mütləq oyanmalıyam deyə,
düşünürsünüzsə, zəngli saata ehtiyac olmadan oyanırsınız. Çünki şüuraltı öz
saatını qurur.
Şüuraltımız bəzən bizimlə
danışır. Bəzən hisslərimizi dinləyərək hərəkət edirik, bəzən yox. Bir çox
hallarda, bir hadisə baş verərkən "içimdən bir səs bunu dedi” kimi ifadələr işlədirik.
Bu, şüuraltının səsidir. Məsələn, kimsə təyyarəyə minmir və o təyyarə
qəzaya uğrayır. Həmin şəxsi dinlədikdə, "içimdəki
səs minmə dedi, qulaq asdım və xilas oldum”
deyir.
Şüuraltını pozitivə çevirmək
Şüuraltı öz inancına uyğun
nüansları maqnit kimi özünə çəkir. Məsələn, pul qazanmağın çətin olduğuna
inansanız, çətin şərtlərdə pul qazanmağınıza kömək edəcək təcrübələr
yaşayacaqsınız. Çünki şüuraltı inanclarınızı yerinə yetirir. Şüursuz olaraq,
fikirləşdiyiniz inancları dəyişdirdikdə, hər şey dəyişir. Biz şüur gücümüzdən
fikri qəbul etmək üçün, şüuraltımızdan isə nəticələrini özümüzə cəlb etmək üçün
istifadə edirik. İşdən çıxarılan şəxsin reallıqda işinə son verən müdiri deyil,
özüdür. Çünki o insan zehnində işlədiyi yerlə bütün bağlarını qoparır və işdən
çıxarılma prosesini başladır. Heç vaxt "mən
bunu edə bilməyəcəyəm, imtahandan keçməyəcəyəm, qalib gələ bilmərəm, iş tapa
bilmirəm, varlı ola bilmərəm, evlənə bilmərəm və ev tikə bilmərəm” kimi mənfi cümlələri işlətməyin. Çünki şüuraltı sizi dinləyir,
arzuzunuzu reallaşdıracaq qabiliyyətinizin olmadığını düşünür və sizə rəhbərlik
edir. "Mən bacarıram, həll edirəm" kimi müsbət düşüncələrdən istifadə
etsəniz, şüuraltınız da buna inanacaq. Beləliklə, sizinlə bərabər həyata keçirməyin
yollarını axtaracaq. Məsələn, uşaqlıqdan zəngin olmağın pis bir şey olduğu,
varlıların yalnız haram pul qazanmaqla varlandığı, hətta zəngin olmaq istəsə də, məqsədlərinə çata bilməyəcəyinə
dair yanlış inancı olan bir insan heç vaxt varlı olmaz. Çünki şüur proqramında
yer alan bu saxta inanc virusu şüuraltında qəbul edilir və zənginlik imkanları
sənə görə təhlükli olduğu üçü şüuraltında nəzərə alınmır”.
Həkimin sözlərinə görə, məhz mənfi
düşüncələr xəstəliklərin də sağalmasının qarşısını alır: "Daim xəstə olduğunu
söyləyən bir insan heç vaxt xəstəliklərdən qurtula bilməz. Hər yerdə kimsə
ondan pul istəməsin deyə pulum yoxdur deyən, özünü imkansız kimi göstərən insan
gec-tez pulsuz qalacaq. Çünki şüuraltı pulunun olmadığını düşünür və pul
qazanmaq üçün qarşısına çıxan imkanları məhv edir.
İnsanlara kömək edən, səxavətli
davranan, şükr edərək hər şeyim var, deyən insanlarda isə pul tükənmir, əksinə
artır. Çünki şüuraltı onun zənginləşməsi üçün hər fürsəti təmin etməyə çalışır.
Adam olmayacağımız, boş-boş gəzdiyimizlə
bağlı ailəmizdən
tez-tez tənqidlər eşidirik. Uşaq olarkən
fərqində olmadan beynimizə yeridilən təlqinlər bizi o insana çevirir. Şüur nəyə
inanırsa, şüuraltı ona fokuslanır. Amerikalı məşhur basketbolçu bütün
atışlarını beynində xəyal edərək atdığını bildirir. Golfçular da ilk atışı
beyində canlandırdıqlarını deyirlər. Məlumatlar hisslərimiz və düşüncələrimizlə
şüuraltımıza işlənir. Əlaqənin nə vaxt qurulduğu isə sirr olaraq qalır. Bir
sevdiyiniz qohumunuz ağlınıza gəlir. Ona zəng edərkən o da "səni düşünürdüm” - deyə təəccüblənir. Bu,
şüuraltılar arasındakı telepatik ünsiyyətdir.
Hər şeyi istəməyin
Şüuraltı zibil qutusu deyil.
Şüuraltının təmizliyinə diqqət yetirin. Bir dostunuzla dalaşdığınızda,
düşünərək, nə özünüzü, nə də onu cəzalandırın. Onunla ittiham etmədən, sakit tərzdə
danışın. Bu zaman neqativ enerjini şüuraltına getmədən məhv edirsiniz. Səhv etdikdə, "kaş ki”lərlə özünüzü yormayın və şüuraltınızı məşğul
etməyin. Səhvinizi düzətlməyə fokuslanın”.
Həkimin sözlərinə görə, hətta
ötən əsrlərdə xəstəliklər belə, şüuraltı ilə müalicə olunurdu: "Qədim dövrlərdə
ruhanilər xəstələrinə dərman və yuxuda ikən hipnotik təkliflər verirdilər. Xəstəyə
yuxu zamanı mələklərin onu ziyarət
edəcəyi və sağalacağı bildirilirdi. Belə inandırıcı təkliflər tez-tez işləyirdi
və xəstələr sağalırdılar. Bu gün müasir psixoanalistlər və terapevtlər
şüuraltının universal gücündən psixoloji terapiya seanslarında istifadə edirlər.
Müalicəyə inanmaq müalicənin ən azı yarısıdır.
Psixoanalistlərin illərdir tətbiq etdiyi terapiya seansları insanın şüuraltını
tanımasına, zəif cəhətlərini öyrənməsinə və özünü tapmasına kömək edir.
Pozitiv düşünmək kainata müsbət
enerji verir, mənfi düşüncə isə mənfi enerjini yayır. ABŞ-ın məşhur tibbi
araşdırma mərkəzi olan Mayo Clinic tərəfindən edilən bir araşdırmada, piylənmə
problemi olan və arıqlamaq istəyən insanlar iki qrupa ayrılır. Birinci qrupa
müxtəlif məşqlər və hərəkət fəaliyyətləri tövsiyə olunur. Digər qrupdan həmişə zəif olmaq və daim zəiflədiyi barədə düşünmələri istənilir. Bir aydan sonra fəaliyyət qrupu ilə düşüncə qrupu arasında
heç bir fərq olmur. Araşdırmada iştirak edən bütün şəxslərin 1-3 kq
arıqladıqları müəyyən edilir. Bu araşdırma, şüura düşüncə ilə təsir etməyin
mümkün olduğunu göstərir. Şüuraltı özünü tənzimləyir və orqanizmi istədiyinizə
görə idarə edir.
1840-cı illərdə Dr. Bengal
Esdaille 400-dən çox əməliyyat həyata keçirir. Bunlara amputasiya, xərçəng
toxumalarının çıxarılması, göz, qulaq və burun əməliyyatları daxildir. Kimyəvi
anesteziya metodları o dövrdə hələ tapılmadığı üçün o bütün
əməliyyatlarını zehni anesteziya ilə həyata keçirirdi.
Əməliyyatdan əvvəl həkim xəstələrinin heç bir ağrı hiss etməyəcəyi barədə açıq
və güclü təkliflər verir ki, şüuraltı ağrı hiss etməməsi üçün
proqramlaşdırılsın. Əməliyyatlar günün şəraitinə görə steril olmayan mühitlərdə
aparılsa da, əməliyyatdan sonra infeksiya və yan təsirlər müşahidə edilmir.
Çünki o, xəstələrini şüualtının gücü ilə qoruyurdu”.
Sonda yazını Mahatma Qandinin
fikirləri ilə tamamlayırıq: "Söylədiklərinizə diqqət yetirin, düşüncələrə çevrilər...
Düşüncələrinizə diqqət yetirin, duyğularınıza çevrilər... Duyğularınıza diqqət
yetirin, davranışlarınıza çevrilər... Davranışlarınıza diqqət yetirin, vərdişlərinizə
çevrilər... Vərdişlərinizə diqqət yetirin, dəyərlərinizə
çevrilər... Dəyərlərinizə diqqət yetirin, xarakterinizə çevrilər...
Xarakterinizə diqqət yetirin; qismətinizə çevrilər”.
Aygün ƏZİZ