• cümə axşamı, 25 aprel, 11:43
  • Baku Bakı 14°C

“N!DA”çı gənclərin əfv müraciəti təqdir olunur

12.07.14 09:27 1152
“N!DA”çı gənclərin əfv müraciəti təqdir olunur
2013-cü ilin martında Azərbaycanda kütləvi iğtişaşlara cəhdə görə “N!DA” Vətəndaş Hərəkatının 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6-8 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin həbsindən bir müddət sonra 7 il müddətinə azadlıqdan məhrum edilən hərəkatın üzvü, Bakı İstintaq Təcridxanasında saxlanılan Bəxtiyar Quliyev iyunun 2-də kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb. Mayın 29-da B.Quliyevin öz xətti ilə yazılan və imzalanan bəyanatda “N!DA”çı gənc “təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını” qeyd edib və “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib: “Mən bu gündən etibarən “N!DA” Vətəndaş Hərəkatı üzvlüyündən imtina edirəm. Mənim bu addımıma səbəb həbsdə olduğum dövrdə özüm özümü tapmağım, təxribatçı qüvvələrin yanlış fikirlərini həyata keçirdiyimi dərk etməyimdir. Aidiyyəti orqanlardan tələb edirəm ki, siyasi məhbus anlayışını mənim üzərimdən götürəsiniz”.
Bu bəyanatın ardınca “N!DA”çı gəncin daha bir müraciəti yayılıb. Dövlət başçısı İlham Əliyevə “Mənim prezidentim!” deyə müraciət edən B.Quliyev səhv etdiyini anladığını bəyan edərək, ondan bağışlanmasını istəyib. O, yanlış fikirli insanların təxribatlarına uyaraq öz gəncliyinə və ailəsinin nüfuzuna zərər gətirdiyini, özünü sağlam gənclikdən təcrid etdiyini vurğulayıb. Bildirib ki, bundan sonrakı davranışlarında sağlam ruhla ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycana layiqli vətəndaş olmağa çalışacaq. “N!DA”çı gənc Prezident İ.Əliyevə ünvanladığı açıq məktubun sonunda söz verib ki, ona göstərilən etimadı doğrultmağa hər zaman mücadilə edəcək, respublikamızın çiçəklənməsi, xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində aparılan siyasəti dəstəkləyəcək, ölkə başçısının görmək istədiyi gəncliyin ön sıralarında olmaq üçün tam səmimiyyətlə əmək sərf edəcək. Məktubun sonunda B.Quliyev yanlış insanların təxribatlarına uyaraq etdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini bir daha diqqətə çatdırıb.
B.Quliyevin atası Səməndər Quliyev də oğlunun prezidentə müraciət etməsi xəbərini təsdiqləyib. O, müraciətin yayılmasından iki gün öncə B.Quliyevlə görüşdüyünü xatırladaraq, söhbət əsnasında oğlunun həm “N!DA”dan, həm də vəkillərindən imtina etməsi barədə fikir söylədiyini bildirib.
Hələ o zaman “N!DA”çı gəncin bu addımına münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə B.Quliyevin Prezidentə müraciət etməsini onun cəmiyyət qarşısında səhvini boynuna alması kimi qiymətləndirib. Deputat deyib ki, bu gün məhkum olan gənc səhv yolda olduğunu etiraf etməklə təəssüflənir, səhvini etiraf edir və digər gəncləri də eyni səhvi etməkdən çəkindirir. Onun sözlərinə görə, bu gəncin məktubu həm də onu göstərir ki, radikal müxalifətin onları təhrik etdiyi “N!DA” hərəkatı gəncləri səhv yola çəkir. A.Mirzəzadə digər gənclərin də gələcəkdə belə müraciətlər etməsini mümkün sayıb. Qeyd edib ki, siyasi baxışlardan asılı olmayaraq, gənclərin öz səhvini etiraf etməsi, düz yola çıxması müsbət hal kimi qiymətləndirilməlidir.
YAP-çı deputatın söylədiyi fikirlər az keçməmiş öz təsdiqini tapdı. İyunun 23-də “N!DA” Vətəndaş Hərəkatının həbsdə olan daha bir üzvü Elsevər Mürsəliyevin müraciəti yayılıb. Müraciət Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum E.Mürsəliyev tərəfindən cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, “Azadlıq” qəzetinin baş redaktoruna, AXCP sədri Əli Kərimliyə, “N!DA” Vətəndaş Hərəkatına və Mətbuat Şurasına ünvanlanıb. Müraciətdə E.Mürsəliyev “N!DA” Vətəndaş Hərəkatından və AXCP üzvlüyündən imtina etdiyini bəyan edərək, “Azadlıq “ qəzetində “vicdan məhbusları” adlandırılan siyahıdan şəklinin çıxarılmasını tələb edib: “Gənc olduğum üçün cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm. Bu mənim şəxsi düşüncəmdən irəli gələn bir müraciətdir”.
Bu günlərdə isə “N!DA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü, gənc fəal Şahin Novruzlu əfv müraciəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Ş.Novruzlu əfv müraciətində məhkum olmağı həyatında ən böyük səhv sayıb. O, bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi dövlət başçısından xahiş etməklə yanaşı, insanpərvərlik və humanizm prinsiplərinə söykənərək əfv olunmasını rica edib. Ş.Novruzlu indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmadığını, bundan sonra da heç bir siyasi təşkilatın üzvü olmayacağını xatırladaraq, həyatının qalan hissəsini dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağına söz verib.
Ş.Novruzlunun atası İbrahim Novruzlu da oğluna hər hansı təzyiq edilmədiyini diqqətə çatdırıb. Eyni zamanda o, oğlunun əfv müraciəti yazacağını əvvəlcədən gözlədiyini söyləyib.
Həbsdə olan “N!DA”çıların dövlət başçısına əfv üçün müraciətlərinə münasibət bildirən Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə bütün gənclərin azadlıqda olmasını arzulayıb. O, ümid edib ki, Prezident bu müraciətlərlə bağlı öz imkanlarından istifadə edərək zəruri addım atacaq. Deputatın bildirib ki, əgər həbsdə olan gənclər səhvlərini anlayıblarsa, əfv üçün müraciət ediblərsə, bu təqdirolunası haldır və onların azad edilməsi çox gözəl olardı.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər