Nazirliyin xidmət rəisi və Aparat rəhbərinin müavini işdən çıxarılıb

Nazirliyin xidmət rəisi və Aparat rəhbərinin müavini işdən çıxarılıb

Cəmiyyət
30 Oktyabr 2013, 14:29 1162
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir.

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, Aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad ediliblər.

Xidmət rəisi Asəf Əliyev APA-ya açıqlamasında işdən getməsi ilə bağlı xəbəri təsdiqləyib. O, işdən öz ərizəsi ilə çıxdığını deyib: “Dünən işdən azad olunmaq barədə ərizə ilə müraciət etmişdim. Bu gündən isə işə getməmişəm. İşdən azad olunmaq üçün hər hansı bir ciddi səbəb və ya söhbət olmayıb. Sadəcə, nazirliyə yeni nazir təyin olunduqdan sonra yeni təyinatlar olacaq. Mən də bir qabaqlayıcı mövqe tutaraq öz ərizəmlə işdən çıxmaq istədim”.

A.Əliyev qeyd edib ki, gələcəkdə işi ilə bağlı müəyyən təkliflər alıb və bir müddət istirahət etdikdən sonra yeni işlərə başlayacaq.

Aparat rəhbərinin müavini Elnur Camalxanov da APA-ya açıqlamasında öz ərizəsi ilə işdən azad olunduğunu deyib. Onun sözlərinə görə, biznes fəaliyyətindən rəsmi qurumda işə başlayıb və bundan sonra da bu fəaliyyətini davam etdirəcək: “Nazirlikdə işlədiyim müddətdə biznes fəaliyyətimi müəyyən müddətdə dondurmuşdum. Amma bundan sonrakı qərarım belədir ki, sırf biznes fəaliyyəti ilə məşğul olacağam”.

Bir neçə gün öncə nazirliyin aparat rəhbəri vəzifəsindən çıxarılaraq Maliyyə İdarəsinin rəis müavini təyin edilən Elnur Kələntərovun nazirlikdən uzaqlaşdırılması ilə bağlı xəbərə gəlincə, o, əlavə şərh vermək istəməyib. E.Kələntərov APA-ya açıqlamasında hazırda məzuniyyətdə olduğunu deyib.