• cümə axşamı, 25 aprel, 08:41
  • Baku Bakı 14°C

Nazirliklərdən Qurban bayramı vədi: Yarmarkalar olacaq

18.09.14 17:23 1439
Nazirliklərdən Qurban bayramı vədi: Yarmarkalar olacaq
Qurban bayramına sayılı günlər qalıb. Hər il bayram günləri yaxınlaşdıqca, bazarlarda canlanma müşahidə olunur. Bir çox ölkələrdə iribuynuzlu heyvanlar arasında yayılmış nodulyar dermatit virus xəstəliyi Azərbaycanın da bir çox rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır. Bəs bütün bunlar bayram öncəsi qiymət artımına səbəb ola bilərmi? Bununla bağlı Lent.az aidiyyatı nazirliklərin mövqeyini öyrənib.
Qurban bayramı ilə bağlı yarmarkalar keçiriləcək

İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Lent.az-a açıqlamasında bildirib ki, qarşıdan gələn bayramla əlaqədar nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlarda keçirdiyi monitorinqləri daha da intensivləşdirəcək. “Hər il xüsusi günlərdə əhalinin ərzaq məhsullarına tələbatı artır. Nazirlik yanında Dövlət Xidməti belə günlərdə gücləndirilmiş iş rejiminə keçəcək”.
Şöbə müdirinin sözlərinə görə, Qurban bayramı ilə əlaqədar yarmarkalar təşkil ediləcək: “Hər il olduğu kimi bu il də Qurban bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının və diri heyvanların satış yarmarkaları təşkil olunacaq. Qurbanlıq heyvanların satışı ilə bağlı xüsusi yerlər ayrılacaq”.
“Azərbaycandakı heyvan bazarlarının bağlanması ət məhsullarının qiymətinin artmasına səbəb ola bilərmi?” sualına nazirlik sözçüsü belə cavab verib: “Monitorinqlərin intensivləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi və eyni zamanda yarmarkaların keçirilməsi qiymət artımı kimi problemin qarşısını alacaq”.
Baytarlıq Xidmətindən vətəndaşlara şad xəbər var

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli iribuynuzlu heyvanlar arasında yayılmış nodulyar dermatit virus xəstəliyi barədə son durumu açıqlayıb. O, Lent.az-a açıqlamasında qeyd edib ki, vəziyyət DBX-nin tam nəzarəti altındadır: “Nodulyar dermatit xəstəliyi Azərbaycanın 22 rayonunda qeydə alınıb. 2314 baş heyvan bu xəstəliyə yoluxsa da, 2003 baş heyvan müalicə olunub. Bu xəstəlikdən 24 baş heyvan tələf olub. Yəni narahatçılığa heç bir əsas yoxdur”.
Y.Xanvəlinin sözlərinə görə, iribuynuzlu heyvanlar arasında yayılmış xəstəlik Ağdaş, Cəlilabad, Biləsuvar, İmişli və Bərdə rayonlarında da mal-qara satışı bazarlarının müvəqqəti olaraq bağlanmasına səbəb olub. “Lakin Cəlilabad və Biləsuvarda artıq bu xəstəlik qeydə alınmadığına görə, həmin bazarların fəaliyyəti bərpa olunub”.
Mətbuat katibi onu da vurğulayıb ki, heyvan bazarları bağlanan rayonlarda iribuynuzlu heyvanlar arasında qeyd olunan xəstəlik aşkarlanmasa, həmin bazarlar fəaliyyətini bərpa edə bilər: “Havalar sərinləşərsə, Qurban bayramına qədər bu xəstəliyin tam aradan qalxma ehtimalı var”.
banner

Oxşar Xəbərlər