Nazirlikdə Caydev Sinqx ilə görüş olub
Gənclərin əmək
bazarına çıxışının dəstəklənməsi məqsədilə BMT İnkişaf Proqramı ilə birgə icra
olunan "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinə ABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəal dəstəyi USAİD-lə aktiv məşğulluq tədbirlərinin
təşkili sahəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas
yaradıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev USAİD-in
missiya direktoru Caydev Sinqx ilə nazirlikdə keçirilən görüşdə bildirib.
Görüşdə ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil də iştirak edib.
S.Babayev Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf
kursunun uğurlarından biri kimi, ölkəmizdə gənclər arasında da işsizliyin səviyyəsinin əhəmiyyətli şəkildə azaldığını vurğulayıb. O, gənclərin
əmək bazarına inteqrasiyasına şərait yaradılması üçün həyata keçirilən aktiv məşğulluq
tədbirlərini, beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində birgə icra olunan
layihələri qeyd edib.
Nazir dövlət
başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən
"2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”,
dövlət məşğulluq orqanlarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni xidmət
modelinin formalaşdırılması və məşğulluq xidmətlərinin keyfiyyətinin
artırılması üçün aparılan islahatlar barədə məlumat verib. "Azərbaycanda
İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin önəmini diqqətə
çatdıran S.Babayev bildirib ki, USAİD-in
dəstək verdiyi layihə çərçivəsində təşkil olunan təlimlərdə SYSLAB (Yenilik və
Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərə müasir iş
axtarma bacarıqları öyrədilir. Təlimləri bitirən gənclərin artıq əksəriyyəti
qazandıqları bu bacarıqlar hesabına münasib işlərlə təmin olunublar.
C.Sinqx USAİD-in
gənclərlə bağlı layihələrə, gənclərin əmək bazarına daxil olmaları məqsədilə
aparılan işlərə həmişə dəstək verməyə hazır olduqlarını, bu sahədə gələcəkdə də
birgə işlərin davam etməsinin məqsədəuyğun ola biləcəyini deyib.
Görüşdə gənclərin
məşğulluğunun artırılması sahəsində USAİD-lə əməkdaşlığın gələcək istiqamətləri
müzakirə olunub. Əmək, məşğulluq, sosial müdafiə sahələrində ictimai nəzarət
mexanizminin təşkili, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində
görülən işlərə dair fikir mübadiləsi də aparılıb.