• çərşənbə axşamı, 19 mart, 13:30
  • Baku Bakı 8°C

Nazirlik sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib

16.02.19 15:00 438
Nazirlik sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verməkdədir.
Təkcə son bir ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə isə 6 min 654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib və cari ildə azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Eyni zamanda, müharibə əlillərinə 265, ümumilikdə isə 6 min 144 avtomobil təqdim edilib. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 min 268 şəhidin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub. Onlardan 3 min 758 şəhid üzrə 5 min 144 vərəsəyə həmin ödənişlər verilib.
AZƏRTACxəbər verir ki, bu məlumatlar son günlər sosial şəbəkələrdə müharibə veteranlarına sosial müavinətlərin verilməsində ədalətsiz yanaşmanın mövcudluğu barədə səslənən əsassız fikirlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi münasibətində əks olunub.
Məlumatda bildirilir ki, müharibə əlilləri və şəhid ailələri pensiya və ya sosial müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri ilə də təmin olunmaqdadırlar. Ötən dövrdə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılıb və ölkə başçısının 2019-cu il 30 yanvar tarixli bu sahədə olan son Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat məbləğinə çatdırılıb.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanlar, bu döyüşlərdə şəhid olanların ailələri, müharibə əlilləri digər sahələrdə də dövlətin daimi qayğısı ilə təmin olunurlar. Eyni zamanda, cari ildə əməkhaqları və pensiyaların əhəmiyyətli şəkildə artırılması üçün müvafiq sənədlərin imzalanması da sosial sahəyə dövlətin və dövlət başçısının xüsusi qayğısının əyani təzahürüdür.
Bununla belə dəfələrlə bu istiqamətdə məlumat və izahat verilməsinə baxmayaraq, son günlər sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarda görülmüş işlərə kölgə salınaraq guya müharibə veteranlarına ədalətsiz yanaşmanın mövcud olduğu barədə cəmiyyətdə yanlış rəy yaratmağa yönələn fikirlər səslənməkdədir.
Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilib.
Ölkə başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilib. Hazırda müavinətin məbləği 55 manat təşkil etməklə 52 min nəfər şəxsə aylıq əsaslarla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanın 1.1.7-ci yarımbəndinə uyğun olaraq ödənilməkdədir.
2007-ci il 22 yanvar tarixli 514 nömrəli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilib.
2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur.
Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə 11 manat məbləğində əlavə nəzərdə tutulub.
Qeyd olunanlarla yanaşı, son zamanlar ölkənin sosial-iqtisadi inkişaf imkanlarına uyğun olaraq bu sahədə qanunvericilik ciddi şəkildə təhlil olunaraq, sosial müavinətlərin unifikasiyası və təkmilləşdirilməsi yönündə müvafiq işlər görülüb. Bu prosesin davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə islahatların aparılması qarşıdakı dövrdə də nəzərdə tutulub.
Son olaraq vətənpərvərliyini, dövlətçiliyə sadiqliyini keçdikləri həyat yolu ilə sübut etmiş Qarabağ müharibəsi veteranlarını əsassız iddialar üzərində hökumətə qarşı mənfi fikirlərə kökləyən, açıq şəkildə etiraza təhrik edən bəzi şəxslərə bu cəhdlərindən uzaq olmağı, dövlət qurumlarına qarşı qeyri-etik davranışlardan çəkinməyi tövsiyə edir, ölkə rəhbərinin başçılığı altında hökumətin gördüyü işlərə kölgə salmağın, eyni zamanda, vətənə sevginin təkcə maddi meyarlarla ölçülməsinin yolverilməz olduğunu onların diqqətinə çatdırırıq.
banner

Oxşar Xəbərlər