• cümə axşamı, 28 mart, 23:00
  • Baku Bakı 13°C

Nazirlik sığortaedənlərin rüblük hesabatlarının təqdim olunma formaları barədə məlumat yayıb

11.04.17 15:45 1055
Nazirlik sığortaedənlərin rüblük hesabatlarının təqdim olunma formaları barədə məlumat yayıb
Cari ilin aprelin 1-dən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. "Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları"na əsasən sığortaedənlər uçota alındığı qurum yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq orqanlarına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF-nin müvafiq orqanına təqdim edilməlidir. Sığortaedənlər rüblük hesabatlarını Fondun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. "Elektron imza və elektron sənəd haqqında" qanuna əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.
Məlumata əsasən, rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ("e-imza" və "Asan imza") ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir.
Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilib.
Hesabları elektron qaydada təqdim edə bilməyən sığortaedənlər rüblük hesabatlarını kağız formasında hazırlayaraq poçt vasitəsi ilə DSMF-nin müvafiq orqanlarına göndərə bilərlər.
Ətraflı məlumat almaq üçün sığortaedənlər DSMF-nin müvafiq orqanlarında təşkil olunmuş yardım masalarına müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər