Nazirlik ilə “Bakı Metropoliteni” arasında Anlaşma Memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin
tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə
genişləndiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə BMT-nin "Əlilliyi olan
şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə
alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial
infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin
diqqətdə saxlandığını, hazırda imzalanan Memorandumda da bununla bağlı əməkdaşlıq
istiqamətlərinin əksini tapdığını deyib.
A.Əliyev sosial mövzularda geniş ictimai məlumatlandırma, təşviqat
işlərinin aparılmasında da birgə layihələrin nəzərdə tutulduğunu diqqətə
çatdırıb.
«Bakı Metropoliteni» QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin
nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro
infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi
üçün ardıcıl işlər aparıldığını qeyd edib. H.Məmmədov bu işlərdə metro
infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi məsələsinin
ön planda saxlandığını bildirib. O, imzalanan Memorandumun bu sahədə və sosial
mövzularda əhalinin məlumatlandırılması prosesində "Bakı Metropoliteni” QSC və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa əsas yaratdığını qeyd edib.
Sonra A.Əliyev və H.Məmmədov Memorandumu imzalayıblar.
Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata
keçirəcəyi "Müyəssər Metro” adlı sosial
xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin metrodan rahat və maneəsiz
istifadəsi ilə bağlı digər layihələrin hazırlanması və həyata keçirilməsi, Nazirliyin
hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində
əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.
Gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün
müştərək işçi qrupunun yaradılması da sənəddə nəzərdə tutulub.