• cümə axşamı, 28 mart, 14:33
  • Baku Bakı 16°C

Nazirlik dərman preparatlarının reklamına aydınlıq gətirdi

23.10.14 16:42 1181
Nazirlik dərman preparatlarının reklamına aydınlıq gətirdi
"Səhiyyə Nazirliyinin icazəsi olmadan dərman preparatları reklam edildikdə, nazirlik Milli Televiziya və Radio Şurasına da müraciət edir ki, bunu reklam edən kanallar haqqında tədbirlər görsünlər".
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, təkcə dərman şirkətləri deyil, televiziya kanalları haqqında da tədbirlər görülməlidir: “Çünki Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır. Əvvəllər dərman preparatlarının heç birinin reklamına icazə verilmirdi, ancaq reklam haqqında qanunvericilikdə düzəliş ediləndən sonra reseptsiz buraxılan dərman preparatlarının reklamına icazə verildi. Ancaq müvafiq icra hakimiyyəti orqanının, yəni Səhiyyə Nazirliyinin icazəsindən sonra buna icazə verildi”.
E.Ağayev bildirib ki, indi reklamların aşağı hissəsində “dərmanların əks təsiri də var” yazılan titr olur: “Əvvəllər bunu etmirdilər. Ancaq söz yox ki, istənilən dərmanın mənfi təsiri var və buna görə də Səhiyyə Nazirliyi məcbur edir ki, reklam zamanı əks təsirlər barədə məlumatlar da titrlərdə getsin.
Dərman preparatlarının içliklərinin tərcüməsi məsələsinə gəlincə isə E.Ağayev bildirib ki, əvvəllər Azərbaycanda dərmanların içlik vərəqələri nə dildə gəldi, yazılırdı: “Bu məsələ “Reklam haqqıda” qanunda da öz əksini tapdı, “Əzcaçılıq haqqında” qanunda düzəliş ediləndən sonra artıq ötən ildən bütün şirkətlər məcbur edilir ki, dərman preparatlarının içliyi Azərbaycan dilində olsun. Nadir hallarda içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir. Səhiyyə Nazirliyi tərəfindən aparılan monitorinq zamanı da içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının satışına qadağa qoyulur. Bu qadağa həmin dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilinə tərcümə olunmasına qədər davam edir”.
Nazir müavini əlavə edib ki, içlik vərəqələrinin dil üslubuna rast gəlinə bilər: “Səhiyyə Nazirliyində Dilçilik İnstitutunun əməkdaşları ilə görüşümüz olmuşdu. Nazirlikdə qeydiyyatdan keçməyən dərman preparatlarının içlik vərəqələrində səhvlər var idi. Amma Nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib. Hazırda bunun da yığcam formasını fikirləşirik, çünki bəzi içlik vərəqələri çox böyük həcmdədir. Burada istifadəçilər üçün artıq məlumatlar var. Düşünürük ki, həmin məlumatlar gələcəkdə içlik vərəqələrində olmasın. Çünki içlik vərəqələrindən təkcə xəstələr deyil, həkimlər də istifadə edirlər”.
banner

Oxşar Xəbərlər