• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Nazirlik: Dekoderlərin qiymətinin süni qaldırılmasının qarşısını "Azərpoçt" vasitəsilə alırıq

05.11.16 13:47 824
Nazirlik: Dekoderlərin qiymətinin süni qaldırılmasının qarşısını "Azərpoçt" vasitəsilə alırıq
Əhalinin hər hansı məişət qurğuları ilə təmin olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid deyil. "APA-Economics" xəbər verir ki, bu barədə naziriyin yaydığı məlumatda deyilir.

"Uzun müddətdir ki, ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. "Azərpoçt" tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq "Azərpoçt" tərəfindən davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Bildirilir ki, analoq televiziya yayımından rəqəmli televiziya yayımına keçidin zəruriliyi yarandığından 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqında bu məsələlər müzakirə edilib və dünya ölkələrinin bu keçidə hazırlığı nəzərə alınaraq 2015-ci ildə rəqəmli yayıma tam keçilməsi və analoq yayımın dayandırılması üzrə bütün üzv ölkələr öhdəlik qəbul ediblər. Bu öhdəliyə görə, 2015-ci ildən sonrakı dövrdə davam edəcək analoq televiziya yayımı üçün informasiya təhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilələrə beynəlxalq səviyyədə baxılmır.

Azərbaycan ərazisində televiziyaların rəqəmli yayımlanması texnoloji prosesdir. Digər sahələrdə olduğu kimi, televiziya yayımında da son standartlar tətbiq edilməlidir. Bütün əhalinin televiziya proqramlarını vahid, yüksək keyfiyyətdə izləməsi təmin olunmalıdır.

Azərbaycanda rəqəmli televiziya yayımına keçid prosesi 2004-cü ildən başlamışdır. Bir neçə il test yayımı aparılaraq 2011-ci ildən bütün respublika ərazisində rəqəmli yayım şəbəkəsinin qurulması başlayıb. 2014-cü ildə şəbəkənin qurulması başa çatdırılmış və ilk olaraq həmin ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası ərazisində analoq yayım tam dayandırılaraq rəqəmli şəbəkəyə keçirilib.
Bütün bu dövr ərzində, əsasən də son bir neçə ayda ictimaiyyət daim məlumatlandırılıb. Milli Televiziya və Radio Şurasının müvafiq qərarına uyğun olaraq noyabrın 1-dən Bakı və Abşeron ərazisində, dekabrın 1-dən isə respublikanın digər ərazilərində analoq yayımın dayandırılması barədə əhali məlumatlandırılıb.
banner

Oxşar Xəbərlər