• şənbə, 27 Aprel, 00:33
  • Baku Bakı 14°C

Nazir: "Xəzərdə sabitliyin möhkəmləndirilməsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmətə əsaslanmalıdır"

05.12.17 14:10 1816
Nazir: "Xəzərdə sabitliyin möhkəmləndirilməsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmətə əsaslanmalıdır"
"Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb edir".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu xarici işlər naziriElmar MəmmədyarovXəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən müşavirəsində deyib.
Nazir ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizminin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.
O, Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.
E. Məmmədyarov beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlərin sahilyanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam etdiyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olunub ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.
E. Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
banner

Oxşar Xəbərlər