• cümə, 29 Mart, 00:58
  • Baku Bakı 7°C

Nazir Ramin Quluzadə 50-dək ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıb

04.10.20 12:28 388
Nazir Ramin Quluzadə 50-dək ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıb
Elm və Texnologiya Nazirlərinin 17-ci dəyirmi masası virtual formatda keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd böyük təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün elm, texnologiya və innovasiyaların inkişaf etdirilməsi istiqamətində atılacaq konkret addımlarla bağlı fikir mübadiləsinin aparılması olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib ki, dəyirmi masada çox sayda insan tələfatına səbəb olan COVID-19 pandemiyası və təbii fəlakətlərin mövcud bilik, təcrübə və məlumatların öncədən müəyyən olunması və qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılıb. Yaponiya, Avstraliya, Braziliya, Kanada, İsveçrə, Norveç, Rusiya, İran, İspaniya, Argentina, Tailand da daxil olmaqla, ümumilikdə 50-dək ölkənin nazirləri və nazir müavinlərinin qatıldığı beynəlxalq onlayn tədbirdə əsas etibarilə beynəlxalq tədqiqat və inkişaf üzrə əməkdaşlığın rolu, sosial elmlər və humanizmlə bağlı məsələlər müzakirə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tədbirdə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib. Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır. Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı və digər infrastruktur dağıdılaraq zərər görüb.
R.Quluzadə bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və bir yaralı müəllimin olması faktını böyük təəssüflə səsləndirib. Hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb.
Daha sonra nazir çıxışında koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqlar meydana çıxardığını bildirərək bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verib: "Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. COVID-19-la mübarizə və ölkədəki pandemiyanın təsirini minimuma endirmək üçün güclü strategiya qəbul edildi. Ölkənin elmi-texniki, texnoloji potensialı bu fəaliyyətin həyata keçirilməsinə cəlb edildi və müsbət nəticələr əldə olundu. Tərəfimizdən pandemiya zamanı görülən tədbirlər nəticəsində vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri ilə artan tələbata uyğun olaraq təmin edildi”.
O əlavə edib ki, pandemiya zamanı təhsil sahəsində distant təhsil texnologiyaları tətbiq olunub: "Bakının bəzi təhsil müəssisələrində istifadəyə verilmiş "Connected Schools” layihəsini həyata keçirdik. Pandemiya zamanı dövlət qurumları və tibb müəssisələri üçün vacib bir vasitə olan videokonfrans xidmətlərinin göstərilməsi məqsədilə "Connected Government” reallaşdırıldı”.
R.Quluzadə qeyd edib ki, Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir.

banner

Oxşar Xəbərlər