• cümə axşamı, 18 aprel, 11:40
  • Baku Bakı 12°C

Nazir qızının gənclik illəri – Mən gənc olarkən

14.04.14 09:26 9989
Nazir qızının gənclik illəri – Mən gənc olarkən
Müsahibəyə gedəndə düşünürdüm ki, söhbətimiz quru alınacaq. Həmsöhbətimizin böyüdüyü mühitdən, orta məktəb, universitet illərindən həvəslə danışacağını gözləmirdim, sözün doğrusu. Amma tam əksinin şahidi oldum. Gövhər xanım o qədər səmimi, təvazökar idi ki, onunla söhbətləşməkdən zövq aldıq. Beləliklə, müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, “Qızıl qələm” mükafatı laureatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır.
Onu da qeyd edək ki, müsahibimizin atası Baxşəli Baxşəliyev 18 il - 1970-ci ildən 1987-ci ilə qədər Sovet Azərbaycanında maliyyə naziri olub. Nazir olana qədər isə nazir müavini kimi çalışıb. Demək, həmsöhbətimizin yeniyetməlik, gənclik illəri atasının nazir olduğu illərə düşüb. Nazir qızının gənclik illəri ilə yaxından tanış olaq…
“Orta məktəbdə axşam şənliklərinə qatıla bilmirdim”
Ailədə 2 qardaş, 4 bacı olublar. Müsahibimiz Bərdədə dünyaya gəlib və 5-6 yaşına qədər orada yaşayıb. Sonra Bakıya köçüb bir neçə ay o vaxtkı Poluxin küçəsində balaca bir həyət evində məskunlaşıblar. Daha sonra dövlət tərəfindən Montində atasına mənzil verilib və ailəlikcə oraya köçüblər. G.Baxşəliyeva uşaqlığının ilk illərindəki müəyyən xatirələri kəsik-kəsik xatırlayır: “Yadımdadır, Bərdədə olanda nənəm hansısa dini bayramda məni özüylə İmamzadə məscidinə aparmışdı. Qadınlar şərbət paylayırdılar”.
Bakıya köçəndən sonra əvvəlcə 39, sonra 212 saylı məktəbə gedən G.Baxşəliyeva həm orta, həm də ali təhsilini rus bölməsində alıb. Deyir ki, balaca vaxtı dəcəllik etmək heç ağlından belə keçməyib: “Ümumiyyətlə, atam bizə qarşı çox tələbkar olub. Həmişə bizim beynimizə yeridib ki, “düşünməyin ki, atanız nazirdir, bunlar müvəqqətidir. Siz yalnız zəhmətiniz nəticəsində nəyəsə nail ola bilərsiniz, oturun çalışın”. Bizi zəhmətsevərliyə, təvazökarlığa atam öyrədib. Atam mühafizəkar ailə başçısı, əsl müsəlman kişisi idi. Təsəvvür edin, rus məktəbində oxuyurdum, bayram olanda sinif yoldaşlarım hamısı axşam şənliyinə gedirdi, bircə mən onlara qatılmırdım. Çünki atam qoymurdu. Deyirdi ki, “sən heç vaxt unutma ki, müsəlman qızısan, onlar gedirlər-getsinlər, sən getməyəcəksən”. Sinif yoldaşlarıma qoşulmaq həvəsim olduğundan o vaxt atamdan inciyirdim. Amma illər keçəndən sonra başa düşdüm ki, bəlkə də atam doğru edirdi. Yəni bizim cəmiyyətdə xüsusilə qız uşaqları üçün sərbəstliyin həddi olmalıdır. Nə qədər avropalaşsaq, müasirləşsək də Azərbaycan cəmiyyətinin mentaliteti var. Qız uşaqları həmin mentalitetə uyğun tərbiyə edilməlidir. Anam da mühafizəkar idi, amma atam daha mühafizəkar idi. Biz həyatda əldə etdiklərimizə valideynlərimizin verdiyi tərbiyənin nəticəsində nail olmuşuq”.
Hətta həmsöhbətimiz dərslərinə o qədər məsuliyyətlə yanaşıb ki, deyir, imtahana üç qələmlə gedirmiş: “Deyirdim, birdən qələmin biri xarab olar, o birisindən, o da xarab olsa, digərindən istifadə edim”.
Skeleti görəndən sonra həkim olmaqdan vaz keçdim

Nazir qızının şərqşünas olmasının tarixçəsinə gəlincə, G.Baxşəliyevanın sözlərinə görə, atası çox istəyirmiş ki, o, həkim olsun. Amma Gövhər xanım iki ayağını bir başmağa dirəyib ki, şərqşünas olacaq. Əslində inad göstərməyinin səbəbi də vardı: “Böyük bacım və ondan sonrakı qardaşım Tibb Universitetində təhsil alırdılar. Bacım 2, ya 3-cü kursda oxuyanda məni də özü ilə universitetlərinə apardı. Universitetin eksponatlar muzeyində, skeletlərin, xəstə orqanların saxlanıldığı yerdə oldum. Onları görəndən sonra başa düşdüm ki, orada oxuya bilmərəm. Hələ bu azmış kimi, bacım evə sümüklər gətirir, onlarla dərslərini öyrənirdi. Mənə danışırdı ki, morqa gedir, meyit üzərində dərs keçirlər. Bu cür şeyləri hamının ürəyi götürə bilməz. Açığını deyim, mən belə şeylərdən qorxdum. Gördüm ki, bu peşə mənə uyğun deyil. Üstəlik, şərq aləminə vurğunluq, humanitar elmlərə marağım da çox idi və sənədlərimi indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verdim və 1972-ci ildə sözügedən fakültənin ərəb dili bölməsinə daxil oldum”.
“Müəllimlərin güzəştinə ehtiyacım yox idi”

Orta məktəbdə nə qədər məsuliyyətli idisə, universitetdə də məsuliyyəti ilə müəllimlərinin hörmətini qazanır: “İnstituta imtahan verəndə o vaxt mənimlə eyni vaxtda adını çəkmək istəmədiyim başqa bir nazirin oğlu da imtahan verirdi. Birdən komissiya üzvlərindən biri nazir oğlunun yanına gəlib stolun altındakı “şparqalka”ları çıxardı. Deməyəsən, köçürməyə cəhd edirmiş. Ancaq oğlanı otaqdan çıxarmadılar ki, imtahana hazırlaşsın. Bir qədər sonra onu sualları cavablandırmaq üçün çağırdılar. Bir dənə suala belə cavab verə bilmədi, “2” yazıb salondan çıxardılar. Sonra məni çağırdılar. Bütün sualları cavablandırdım. İmtahanda oturan ağsaçlı, ağbirçək bir müəllimə, səhv etmirəmsə, tarix müəlliməsi idi, dedi ki, “o nazir oğlu, bu da nazir qızı, niyə bu yaxşı cavab verir, o yox”.
Müəllimlərinin nazir qızına hörmət etməsinə, dərslərində güzəştə getməsinə gəlincə, G.Baxşəliyeva deyir ki, heç vaxt hansısa müəllimdən güzəşt gözləməyib və buna ehtiyacı olmayıb: “Həmişə oxumağa maraq göstərmişəm. Orta məktəbdə olduğu kimi, ali məktəb illərində də elə gün olmayıb ki, dərsə, imtahana hazırlıqsız gedim. Bəzən imtahanqabağı gecə də yatmırdım və həmişə də “5” alırdım. Əksinə, atamın nazir olması bəzən mənə maneçilik törədirdi. Daim kimlərsə xahişlə müraciət edirdi. Xahiş bir olar, iki, üç olar, onlarla xahiş olurdu və bu, məni narahat edirdi”.
“Gecikəcəyim qorxusu ilə imtahana saat yarım tez getmişdim”

Millət vəkili deyir ki, ərəb dili ilə bağlı kitabların əksəriyyəti şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri, böyük alim, bu sahənin Azərbaycanda yaradıcısı Ələsgər Məmmədova məxsus idi: “5-ci kursda ərəb dilindən son imtahanı verirdik. İmtahana vaxtından 1.5 saat tez gəlmişdim ki, birdən gecikərəm. Kafedranın qarşısında durub əlimdə kitab imtahana hazırlaşırdım. Ələsgər müəllim məni görüb kafedraya çağırdı. İmtahan sualları olan siyahını əlinə alıb mənə xeyli sual verdi və hamısını cavablandırdım. Çox məmnun qaldı. Çünki maraqlı idi ki, biz dərsləri yaxşı qavrayaq. Bunun üçün dərsdə çox zəhmət çəkirdi, dərsləri həmişə çox canlı keçirdi. Bəzən nəyisə öyrətmək üçün hətta eyni məsələni dəfələrlə təkrarlayırdı. Əmin olmaq istəyirdi ki, biz qavramışıq, ya yox. Buna görə də mənim bütün suallara cavab verməyimə çox sevindi. Amma demədi ki, “get, sənə qiymət qoyuram”, dedi, “imtahana da girərsən”. İmtahanda da yenidən biletimə düşən bütün sualları cavablandırıb “5” aldım.
“Bilirdik ki, atam onsuz da “yox” deyəcək”
Atasının nazir, mühafizəkar ailə başçısı olması Gövhər xanımın tələbəlik illərini də qadağalarla keçirməsinə səbəb olur. Çünki həmsöhbətimizin qrup yoldaşları ilə bayramlar bir tərəfə qalsın, gəzməyə belə getməyə icazəsi yox idi: “Bacılarımla bilirdik ki, heç deməyə də ehtiyac yoxdur, atam onsuz da “yox” deyəcək. Buna görə hara getmişik, atamın imkanı varsa, özü aparıb, imkanı olmayıbsa evdə oturmuşuq. Hər yay Moskvaya ezamiyyətə gedəndə, yayda məzuniyyət götürəndə getdiyi ölkələrə bizi də aparırdı”.
Müsahibimizin ilk maaşına gəlincə, deyir ki, ali məktəbi bitirəndə 1977-ci ildə AMEA-nın Şərqşünaslıq İnstitutunda baş laborant kimi çalışmağa başlayıb. İlk maaşını da burada alıb. Miqdarı yadında qalmasa da, ailə ənənəsinə uyğun olaraq nənəsinə hədiyyə alıb.
Oğlan hamballıq da edə bilər, amma...
Yuxarıda da qeyd etdiyimiz kimi, G.Baxşəliyeva bir neçə vəzifəni çiyinlərində daşıyır. Bir oğul övladı olan müsahibimizlə qadınların Azərbaycan cəmiyyətində, ailədə yerindən danışdıq. G.Baxşəliyeva deyir ki, qadın üçün ilk növbədə ailə üstünlük təşkil etməlidir: “Əgər qadının karyerası ailənin dağılmasının hesabına başa gəlirsə, bu, düzgün deyil. Qadının uşağı varsa, o, ilk növbədə ailəsini, uşağını rahat etməlidir. Bəzən olur ki, karyeranın hesabına uşağa ayrılan diqqət azalır. Əgər ana uşağı dünyaya gətiribsə, dayəsi olsa belə, unutmamalıdır ki, heç kim ananın yerini verə bilməz. Amma qadının potensialı, imkanı, enerjisi çoxdursa, istedadı, savadı imkan verirsə, karyerası, işi ilə də məşğul ola bilər və həyat yoldaşı da bunu başa düşməlidir. Elə olur ki, qadının ailəsi ya yoxdur, ya da olub, dağılıb, bu zaman qadın istədiyi vaxt istədiyi sahəyə yönələ, karyera pillələrində rahat şəkildə irəliləyə bilir”.
Millət vəkili oğlanlardan daha çox qızların oxumasının tərəfdarıdır: “Atam da həmişə deyərdi ki, qızı elə böyütmək lazımdır ki, gələcəkdə heç kimdən asılı vəziyyətə düşməsin, oğlan, lazım gələrsə, hamballıq da edə bilər, amma qızın əlində bir sənəti olmalıdır. Həyatdır, bilmək olmaz necə olacaq, özünə bir parça çörək qazana bilməlidir. Mən də söhbətlərimdə həmişə analara bunu deyirəm. Ailə qız uşağını həyata hazırlamalıdır. Ailə qurmadan öncə qıza ali təhsil olmasa da, bir peşə verilməlidir”.
“Mən kişiyəm, istədiyimi edə bilərəm”
G.Baxşəliyevanın fikrincə, bu gün cəmiyyətdə qadının yeri çox yüksəkdir: “Bizim cəmiyyətdə ali təhsilli qadınlar, həkim, müəllimə alimlər çoxdur. Hələ Sovetlər dönəmindən məqsədyönlü şəkildə qadının inkişafına böyük diqqət yetirilib. Müstəqillik dövründə də Heydər Əliyev qadınların cəmiyyətdəki roluna xüsusi diqqət yetirib və onların irəli çəkilməsinə şərait yaradıb. Ümummilli lider qadınların kişilərlə bərabər dövlət idarəçiliyində iştirakı ilə bağlı sərəncam imzalayıb, onun dövründə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb. Hər seçkidən seçkiyə parlamentdə qadınların sayı artır, bir çox icra hakimiyyəti orqanlarında qadınlar müavin təyin olunur”.
Bütün bunlara baxmayaraq, müsahibimiz xalqımızın mental cəhətdən böyük bir hissəsinin şərqli olduğunu xatırlatdı: “Kiçik bir hissə ya Avropa, ya da rus mədəniyyəti təsirini daha çox hiss edir. Amma bir çox kişilər zahirən müasir olsalar da, yüksək mədəniyyətdən danışsalar da, cəmiyyətdə daha çox liberal dəyərlərin tərəfdarı olduqlarını bəyan etsələr də, ailələrində “mən kişiyəm, istədiyimi edə bilərəm, sən isə qadınsan, oturub dözməlisən” psixologiyası ilə yaşayırlar.
İnstitut direktoru hesab edir ki, bu cür problemləri aradan qaldırmaq üçün ailə münasibətlərində mədəniyyətin artırılması istiqamətində təbliğat aparılmalıdır: “Orta məktəblərdə hansısa fənnin içərisində ailə münasibətləri, ailə mədəniyyəti keçilməlidir. Uşaqlara orta məktəbdən ailə mədəniyyətini aşılamalıyıq. Qeyd etdiyim kimi, kişilərin əksəriyyəti mental cəhətdən şərqlidir, qadınlar isə müasir dövrdə yaşadıqlarını tam mənada hiss etmək istəyirlər. Bu zaman ziddiyyət alınır. Qadınlar kişilərin zahirən müasir olub, daxilən şərqli mentalitetində olmaları ilə barışmaq istəmirlər. Buna görə də boşanmaların sayı get-gedə artır. Bu istiqamətdə vaxtında iş görülməlidir”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər