• cümə axşamı, 25 aprel, 05:41
  • Baku Bakı 19°C

Nazir prezidentin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən danışdı

05.03.19 21:16 1151
Nazir prezidentin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən danışdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüşdə mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunaraq müvafiq tapşırıqlar verilib.
Dünən isə Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev bu görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransı keçirdi. Konfransda nazir son bir neçə ildə mədəniyyət sahəsində görülən işlərə aydınlıq gətirdi.

Ciddi təhlillər

Ə.Qarayev mədəniyyət sahəsində bütün işlərin sistemli şəkildə görüldüyünü qeyd etdi: "Son illər mədəniyyət sahəsində dayanmadan islahatlar aparılır. İslahatların aparılmasında əsas məqsəd müasir dövrdə Azərbaycan mədəniyyətinin yeni idarəetmə sistemini inkişaf etdirməkdir. Bu strateji xətdə bütün siyasi qərarlar və addımlar öz əksini tapır. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2017-ci ildən etibarən bütün sistem "15+ Bakı baş idarəsi” şəkilində idarə olunur. İslahatların başlanğıcını biz oradan götürməliyik”.
Nazir vurğuladı ki, islahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin azaldılması, hansısa şəbəkənin bağlanması deyil: "Kim belə düşünürsə, yanlır. Çünki sərəncamda sistemin yenidən qurulması, göstərilən xidmətlərdə keyfiyyətin artırılması, müasir tələblərə cavab verən yeni nəslə uyğun xidmətlərin qurulması tapşırığı əyani olaraq öz əksini tapıb. O vaxtdan etibarən biz ciddi təhlillərə başladıq. Bu təhlillər hələ də aparılır. Nazirliyə və digər dövlət orqanlarına müəyyən zaman verilib ki, bu islahatların beynəlxalq təcrübəyə uyğun aparılmasını təmin edək. Artıq ötən ilin ortalarında nazirliyin Avropa İttifaqı ilə imzaladığı xüsusi müqaviləyə uyğun olaraq Azərbaycanda mədəniyyət sahəsində iki illik islahatların aparılması ilə bağlı tvininq proqramı həyata keçirilir. Bu tvininq proqramları bütün regionların vəziyyətini təhlil edir”.

Keyfiyyətli xidmət arzusu

Mədəniyyət naziri "Kinematoqrafiya haqqında” qanunun hazırda Milli Məclisdə müzakirə olunduğunu bildirdi. Qeyd etdi ki, prezident "Nəşriyyat haqqında” da sənəd imzalayıb: "Biz çap olunmuş kitabın nüsxəsini kitabxanaya gətirəndə yalnız bir effekt verir. Bir də var ki, biz onun CD variantını gətiririk, birbaşa olaraq kitabxananın saytına daxil edirik. Belə olduğu halda kitabxananın oxucuları daha çox olacaq. Xırda-xırda atılan addımlar mədəni xidmətlərin müasirləşməsinə böyük bir təkan verir. Son illər Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən silsilə şəklində həyata keçirilən böyük layihələr cəmiyyətimiz üçün çox vacibdir. Çalışmalıyıq ki, bölgələrdən, kəndlərdən tutmuş böyük şəhərlərə qədər xidmətlərin səviyyəsi yüksək olsun. Hazırda simalarını dəyişdirən regionların, şəhərlərin, kəndlərin sakinlərinin tələbatları tamamilə fərqlidir. Bura internet, informasiya-texnologiyalarının inkişafı və s. daxildir. Gəlin baxaq, bu gün mövcud olan sistem buna cavab verirmi? Etiraf etməliyik ki, bizim elə kəndlərimiz var ki, orada dağıdılmış vəziyyətdə olan müəssisələr, işləməyən kitabxanalar mövcuddur. Bunlar hamısı acı bir gerçəklikdir. Minlərlə kitabxananı, ya da fəaliyyət göstərən 2500-dən çox kənd klubunu dövlətin hesabına bir ildə təmir edib yeni texnika ilə təchiz etmək mümkünsüzdür”.
Ə.Qarayev qeyd etdi ki, 10 il bundan əvvəl Azərbaycanda 4500 kitabxana olsa da, indi onlardan 2600-ü qalıb: "O kitabxanaların bəzilərinin xidmətləri, funksiyaları başqa təşkilatlara verildi. Biz funksionallığı daha mütəşəkkil şəkildə qurmağa nail olduq. Gələcəkdə də zəif, pis işləyən xidmətlər, öz işini lazımı səviyyədə qura bilməyən müəssisələr azalacaq, onların əvəzinə daha müasir avadanlıqla təchiz olunmuş yeni istiqamətlər düşünüləcək”.

Teatrlara töhfə

Nazir martın 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən də danışdı. Bildirdi ki, bu görüş mədəniyyət sahəsində tamamilə yeni bir mühiti formalaşdırdı: "Bu görüş mədəniyyət sahəsində lazımi islahatların aparılmasına bir təkan olacaq. Biz kino sisteminin idarə olunmasını müasir tələblərə cavab verən səviyyədə yenidən quracağıq. Bizdə hazırda özəl sektor vasitəsilə filmlər çəkilir, kinoteatrlar fəaliyyət göstərir. Amma biz gərək kinonun inkişaf etməsi üçün sistemli proqram tutaq. Zaman bu islahatların zərurətini ortaya çıxardı. Dünən imzalanmış sərəncama uyğun olaraq teatrların fəaliyyətinin dəstəklənməsi üçün onların bir neçəsinə xüsusi qaydada vəsaitlərin ayrılması nəzərdə tutulub. Bu, teatrlarda yaradıcı prosesin dayanmamasına prezidentin töhfəsidir. Yeni əsərlər, yeni tamaşalar hazırlanmalıdır. Teatrlarımız yeni avadanlıqlarla təchiz olunmalıdır. Teatrlarımızın əksəriyyəti artıq bərpa olunub. Hazırda İrəvan Teatrının bərpa işləri görülür. Prezidentin bu görüşündən sonra artıq yerlərdə də müəyyən proseslər başlayıb. Bir sözlə, cənab prezident mədəniyyət sahəsinə ictimaiyyətin diqqətini cəlb etməyə nail olub. Prezidentin bu görüşü bizə mədəniyyətin və mədəniyyət anlayışının Azərbaycan cəmiyyətinin daxilində önəmliliyini bir daha dərk etməyə imkan verir. Xalqımız mədəniyyətsiz yaşaya bilməz. Azərbaycan xalqının əsrlər boyu yaratdığı bu böyük, zəngin xəzinə heç vaxt bugünkü dövrlə məhdudlaşmamalıdır. Hər bir dövrün yeni nailiyyətləri, əlavələri və uğurları olmalıdır. Bu görüşün əsas nəticəsini cəmiyyət tərəfindən mədəniyyətə daha böyük həssaslıq, maraq yaratması kimi qiymətləndirirəm. Davamlı islahatların aparılmasında daimi dəstək verdiyi, bu sahəyə xüsusi diqqət göstərdiyi üçün bütün ictimaiyyət adından cənab prezidentə təşəkkürümü bildirirəm”.
Sonda Ə.Qarayev media nümayəndələrinin suallarını cavabladı. Qeyd etdi ki, YUĞ və Pantomima teatrlarının vəziyyəti onları narahat edir. İrəvan Teatrından sonra bu teatrların da məkanı ilə bağlı müəyyən işlər nəzərdə tutulub: "Doğrudur, hər iki teatra kirayə pulu verilir və dövlət büdcəsindən dəstək göstərilir. Ancaq bütün hallarda adlarını çəkdiyim teatrlar barədə düşünəcəyik. Pantomima Teatrının vəziyyəti lap pisdir”.

Növbəti görüşdə digər mədəniyyət xadimləri də iştirak edə biləcəklər

Nazirə xalq artisti Rasim Balayevin görüşdə iştirak etməməsi ilə bağlı sual da verildi. O cavab olaraq prezidentlə növbəti görüşdə digər mədəniyyət xadimlərinin də iştirak edə biləcəyini dedi: "Bu formatda keçirilən görüşdə hansısa mədəniyyət və ya incəsənət xadimləri kənarda qalıblarsa, onlardan üzr istəyirəm. Növbəti dəfə bu, mütləq nəzərə alınacaq. Xalq artisti Rasim Balayevə yaxşı münasibət bəsləyirəm və uzun illərdir ki, aramızda dostluq münasibətləri var. Ancaq prezidentlə görüşə bütün mədəniyyət və incəsənət xadimlərini dəvət etmək mümkün deyildi. Açıq söhbətin aparılmasına həmişə şərait var. Gələn görüşdə digər mədəniyyət xadimləri də iştirak edə biləcəklər. Çünki dövlət başçısı da belə görüşlərin keçirilməsində maraqlıdır".
"Parni iz Baku” kollektivinin fəaliyyəti ilə bağlı sualları cavablandıran nazir onlara efir qadağası qoyulmadığını dedi: "Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik".
Nazir bildirdi ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur:"Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar. Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayırsınlar”.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər