• çərşənbə axşamı, 19 mart, 12:13
  • Baku Bakı 8°C

Nazir müavini: Ürək-Cərrahiyyə Mərkəzində 5000-ə yaxın ürək əməliyyatı keçirilib

27.05.17 16:44 1006
Nazir müavini: Ürək-Cərrahiyyə Mərkəzində 5000-ə yaxın ürək əməliyyatı keçirilib
Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və mayın 26-da başlayan tədbir sabah yekunlaşacaq.
Tədbirdə çıxış edən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev deyib ki, Cəmiyyət tərəfindən hər iki ildən bir may ayında Heydər Əliyevin anadan olması münasibətilə beynəlxalq konqres keçirilir.
Onun sözlərinə görə, konqres çərçivəsində gənc həkimlər üçün yüksək səviyyədə kurslar keçirilir, təcrübələr bölüşdürülür.
K.Musayev əlavə edib ki, konqres çərçivəsində keçirilən sessiyalarda dünyanın 10-dan çox ölkəsindən mütəxəssislər, yerli həkimlər, ümumilikdə 400-dən çox kardioloq, ürək-damar cərrahı iştirak edərək kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ən son nailiyyətləri müzakirə edir.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda ürək cərrahiyyəsi sahəsində işlərin hələ sovet dövründən aparıldığını söyləyib: "Ürək cərrahiyyəsinin ənənələri Azərbaycanda 60-cı illərdən başlayıb. Heydər Əliyev istər sovet vaxtı, istərsə də müstəqillik dövründə hakimiyyətdə olduğu zaman səhiyyənin inkişafı ilə bağlı çox ciddi addımlar atıb”.
Nazir müavini qeyd edib ki, 2012-ci ildən bu günə kimi Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində yaradılan Ürək-Cərrahiyyə Mərkəzində 5000-ə yaxın ürək əməliyyatı keçirilib, onun 30 faizi uşaqların üzərində aparılıb. O, bu gün dövlətin belə xəstələrə qayğı göstərmək imkanının olduğunu da söyləyib.
Konqres sessiyalarla öz işini davam etdirir.
banner

Oxşar Xəbərlər