• cümə axşamı, 28 mart, 16:41
  • Baku Bakı 16°C

Nazir: Azərbaycan BMT-nin qlobal səviyyədə gənclər siyasətinə dəstək çağırışına cavab verən ilk ölkə olub

01.02.17 13:50 813
Nazir: Azərbaycan BMT-nin qlobal səviyyədə gənclər siyasətinə dəstək çağırışına cavab verən ilk ölkə olub
Yanvar 30-dan etibarən Nyu-Yorkda BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu öz işinə başlayıb.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu "Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub. Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shavanın dəvətilə gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır. Forumda problemin çoxtərəfli həllinə dəstək məqsədilə milli, regional və qlobal səviyyələrdə gənclərin inkişafı üçün innovativ yanaşmalar və təşəbbüslər təşviq ediləcək. Eyni zamanda, forumda insanlar, planet, sülh və rifah mövzusunda kollektiv fəaliyyət üçün ideya və təşəbbüslər də əsas müzakirə istiqamətlərindən olacaq.
Forumda çıxış edən A.Rəhimov Azərbaycanda dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən Dövlət Proqramlarının, sərəncamların imzalandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Pan Gi Munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə olub.
O qeyd edib ki, Forumun əsas mövzuları olan insanlar, planet, sülh və rifaha gəldikdə isə biz müxtəlif Dövlət Qurumları və QHT-lər ilə birlikdə bu istiqamətlər üzərində uzun zamandır ki, ciddi işlər aparırıq. Gənclərin global cəmiyyətdə öz sözlərini deməsi, onların müxtəlif sahələri əhatə edən fikir və təşəbbüslərini realizəsi önəmli faktorlardandır. Nazir region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığını qeyd edib. Bu mövzunun davamında A.Rəhimov Azərbaycanın tarixi şəhəri olan Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçildiyini bildirib və 2016-cı ildə Gəncə şəhərində 150-dən artıq yerli və beynəlxalq layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Nazir sonra bildirib ki, dünyada iqtisadi problemlərin yaşanmasına baxmayaraq, ötən il ərzində tərəfimizdən 1008 gənclər layihəsi həyata keçirilib ki, onların da böyük əksəriyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulub: "Gənclər sahəsində görülən işlər haqda danışarkən, qeyd etməliyəm ki, Prezident yanında Gənclər Fondu tərəfindən son 5 ildə 3341 layihə dəstəklənib".
Çıxışının sonunda nazir Azərbaycanın istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə gənclərin inkişafı və gənclərə yönəlik layihələri dəstəkləyəciyini xüsusi olaraq diqqətə çatdırıb.
BMT-yə səfəri çərçivəsində A.Rəhimov BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı xanım Cihan Sultanoğlu tərəfindən məmnunluq bildirilib. Bununla yanaşı, nazir Gürcüstan və serbiyalı həmkarları ilə də görüşüb. Görüş zamanı hər iki ölkənin gənclər sahəsində həyata keçirilən layihələr, eyni zamanda qarşıda duran planlar haqda müzakirələr aparılıb.
A.Rəhimov Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib. Rəsmilər iki ölkə gənclərinin əməkdaşlığını, gənclər festivalını, Rusiya-Azərbaycan gənclər forumunu, eyni zamanda AMOR-un hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördüyü yüksək fəaliyyəti müzakirə ediblər.
Səfərin sonunda nazir A.Rəhimov BMT-nin baş katibinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb. BMT nümayəndəsi Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi layihələrin önəmindən danışıb və Azərbaycana BMT-nin gənclər sahəsinin inkişafı istiqamətində həyata keçrdiyi layihələrə verdiyi yüksək dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Forum çərçivəsində nazirlərin dəyirmi masa görüşü də baş tutur ki, burada hər bir ölkədə gənclər sahəsinin inkişafı istiqamətində görülən işləri təqdim edir. BMT-nin İqtisadi və Sosial Şurasının hər il keçirilən Gənclər Forumu gənclərin fikir, təklifləri və innovasiyaları vasitəsilə BMT səviyyəsində siyasi müzakirələrə töhvə vermək imkanı yaradan bir tədbirdir. Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir. BMT-nin mənzil qərargahında imzalanan sənədə əsasən, 2014-ci ilin oktyabr ayında Bakıda ilk dəfə olaraq Gənclər siyasəti üzrə Qlobal Forum keçirilib. Forumun sonunda 2017-ci ilin iyul ayında çağırılacaq Yüksək Səviyyəli Siyasi forumda müzakirələr üçün yekun sənədlər hazırlanacaq.
banner

Oxşar Xəbərlər