• şənbə, 20 Aprel, 12:20
  • Baku Bakı 23°C

Nazir Aleks Azar: Biz pandemiya üzərində nəzarəti itirmək həddindəyik

29.06.20 11:45 427
Nazir Aleks Azar: Biz pandemiya üzərində nəzarəti itirmək həddindəyik
ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar bildirib ki, ABŞ pandemiya üzərində nəzarəti itirmək həddinə yaxınlaşır, çünki ölkədə infeksiyaların sayı 2,5 milyonu keçib və bəzi ştatlarda bu göstəricilər sürətlə artmaqda davam edir.
AZƏRTACxəbər verir ki, CNN telekanalının efirində çıxış edən nazir xəbərdarlıq edib: "Əgər amerikalılar məsuliyyətsiz hərəkət etsələr, sosial məsafəni gözləməsələr, maskalardan istifadə etməsələr, müvafiq gigiyena normalarına əməl etməsələr, virus sürətlə yayılacaq”. O qeyd edib ki, bugünkü vəziyyət iki ay əvvəlki vəziyyətdən fərqlənir. Əgər təcili olaraq müvafiq tədbirlər görülməsə, sonra pandemiya üzərində nəzarəti bərpa etmək gec olacaq.
Cons Hopkins Universitetinin iyunun 28-i üçün olan məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların ümumi sayı 2.530.587 nəfərə çatıb, 125.630 ölüm halı qeydə alınıb. ABŞ bu göstəricilər üzrə dünyanın digər ölkələrini qabaqlayır.
Son həftələrdə Florida, Texas və Arizona ştatlarında təsdiqlənmiş yoluxma hallarının sayının kəskin artması qeydə alınıb. Yoluxmaların ümumi sayına görə, Texas Amerika ştatları arasında dördüncü yerə "yüksəlib” – şənbə günü 5747 yoluxma halı qeydə alınandan sonra bu ştat üzrə testləri müsbət nəticə vermiş insanların ümumi sayı 143.371-ə çatıb. Bu ştatda xəstəxanalara yerləşdirilmiş pasiyentlərin sayı da rekord həddə çatıb. Şənbə günü 5523 pasiyent xəstəxanalara yerləşdirilib. Floridada bazar günü 8577, şənbə günü isə rekord sayda – 9564 yeni yoluxma qeydə alınandan sonra xəstələrin ümumi sayı 141.075 nəfərə çatıb.
Hər iki ştatın administrasiyaları cümə günü barların və restoranların bağlanması barədə sərəncam veriblər. Florida ştatının Brovard və Mayami-Deyd dairələri iyulun 3-dən 5-dək çimərliklərin bağlanmasını elan ediblər.
banner

Oxşar Xəbərlər