• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

Nazarbayevin vasitəçiliyi nəticə verəcəkmi?

24.12.14 10:15 1039
Nazarbayevin vasitəçiliyi nəticə verəcəkmi?
Ukrayna böhranı səbəbindən sanksiyalarla üz-üzə qalan Rusiya vəziyyətdən çıxış yolları axtarmaqdadır. Qərbin və ABŞ-ın sanksiyaları ucbatından milli valyuta - rubl ağır günlərini yaşayır. Bundan əlavə, neftin qiyməti günbəgün aşağı düşür ki, bu da Rusiya iqtisadiyyatını acınacaqlı bir duruma salıb. Bu səbəbdən də Moskva nəyin bahasına olursa-olsun vəziyyətdən çıxmaq üçün yollar aramaqdadır. Bu yol isə təbii ki, Ukrayna böhranının həllindən keçir. Son günlərin ən aktual mövzusu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ukraynaya səfəridir. Əksəriyyət bu qənaətdədir ki, qazax prezidentinin Kiyevə səfərinin təşəbbüskarı elə Rusiya tərəfi özüdür. Moskva Qərbin yox, özünün yaxın müttəfiqlərinin vasitəçiliyi ilə Ukrayna ilə münasibətləri normallaşdırmağa çalışır. Bu prosesin necə başa çatacağını isə zaman göstərəcək. Moskva ümid edir ki, sağlam düşüncəli insanların Kiyevlə danışıqlara cəlb edilməsi vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Ukrayna ekspertləri isə Belarus və Qazaxıstan liderlərinin aktivliyini hər iki dövlətin “geosiyasi partiya” yaratmaq istəyi ilə izah edirlər.
Beləliklə, Kiyevdə olan Qazaxıstan prezidenti Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arseni Yatsenyuk ilə görüşüb. Bundan əvvəl isə Nazarbayevin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqları olub. Səfər ərəfəsində Nazarbayev bəyan edib ki, ölkəsi Rusiya ilə Ukrayna arasında gedən münaqişədə neytral mövqe tutur. Özünü isə obyektiv menecer adlandıraraq heç bir tərəfi müdafiə etmədiyini və nizamlanma prosesinə öz töhfəsini verə biləcəyini söyləyib. Qazax lider ukraynalı həmkarı ilə görüşdə Poroşenkonin ünvanına komplimentlər də söyləyib. O bildirib ki, keçirilən seçkilər Ukrayna xalqının uğurudur və bu münasibətilə onu təbrik edir. O isə öz növbəsində Nazarbayevə Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyinə görə təşəkkür edib. Tərəflər bir-birinin ünvanına təriflər yağdırdıqdan sonra iki ölkə arasında iqtisadi məsələlər üzrə dövlətlərarası komissiyanın tam şəkildə işini bərpa etməsi, hərbi-texniki əməkdaşlığa və Ukraynaya Qazaxıstandan kömür nəqlinə dair razılaşma əldə olunub. Sonuncu məsələ - kömür nəqli Ukrayna üçün hava-su kimi gərəkdir. Ölkənin qaz və kömür nəqlinə çox ciddi tələbatı var. Astana həmçinin Ukraynanın şərqində yaşananların sülh yolu ilə həllinə yardımçı olmağa da hazır olduğunu bəyan edib. Nazarbayev bildirib ki, Minsk razılaşmasında çox ciddi məsələlər öz əksini tapıb. O, Ukrayna, Rusiya və Avropanı qarşıdurmadan çəkinməyə çağırıb. “Sanksiyalar heç bir yerə çıxışı olmayan yoldur. Bizim ölkələrimiz arasında münasibətləri bərpa etmək gərəkdir” - deyə o bildirib.
Qazaxıstan keçmiş sovet respublikalarından ikinci dövlətdir ki, Ukrayna münaqişəsinin nizamlanmasına cəlb edilir. Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko belə bir təşəbbüslə çıxış edib. Rəsmi Moskvanın mövqeyinə gəldikdə, Kreml Qazaxıstanın münaqişənin nizamlanması prosesinə cəlb edilməsini pozitiv qiymətləndirir. Dövlət Dumasının MDB işləri üzrə komitə sədri Leonid Sluçki bildirib ki, Nazarbayev kimi sağlam düşüncəli insanların prosesə vasitəçi qismində cəlb edilməsi sülh prosesi üçün gözəl şansdır. Ukraynalı siyasətçilər və politoloqlar isə hesab edirlər ki, Lukaşenko və Nazarbayev Ukraynanı özlərinin Qərbə çıxışında bir vasitəçi kimi görürlər və bu səbəbdən də özləri vasitəçi qismində çıxış edirlər. Politoloq Aleksey Poltorakov isə hesab edir ki, Belarus və Qazaxıstan prezidenti özlərinin geosiyasi partiyasını yaratmaq istəklərini nümayiş etdirirlər: “Onların Kiyevə gəlişi müstəqil xarici siyasət yürütməyə can atmaları ilə izah edilməlidir. Belarus Rusiya və Ukrayna üçün ümumi bir meydançaya çevrilmək istəyir. Bir növ mini ATƏT rolunu oynamaq istəyir. Qazaxıstan isə göstərmək istəyir ki, Avrasiya İqtisadi Birliyindəki rolu ilə razı deyil və bu səbəbdən də mövqeyini gücləndirmək istəyir”. Onun qənaətincə, Nazarbayev şərq üslubunda oynayır: “Kiyevdən Moskvaya getməklə Rusiya rəhbərliyinin qazax kömürünün Ukraynaya daşınması ilə bağlı mövqeyini öyrənməyə çalışır.
Yeri gəlmişkən, Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin iştirakı ilə sülh danışıqlarının növbəti raundu dekabrın 24-ü və 26-da Minskdə baş tutacaq. Ukrayna prezidenti Pyotr Poroşenko bu barədə açıqlama verib. Görüş barədə razılıq telefon danışığı zamanı əldə edilib. Telefon danışığı Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında olub. Pyotr Poroşenkonun dediyinə görə, liderlər atəşə son qoymaqla bağlı növbəti addımın atılmasının vacibliyini vurğulayıblar. Tərəflər Minskdə təmas qrupunun yeni görüşünün mümkün qədər tez baş tutmasının zəruriliyini qeyd ediblər. Həmçinin bildirilib ki, dekabrın 19-da Donetsk separatçıları ilə Kiyev nümayəndələrinin “Skype” konfransı faktiki nəticələr verməsə də, bu istiqamətdə işlərin sürətlənməsinə kömək edib. Dövlət başçıları tərəflərin sərhəd xətlərinin müəyyənləşdirilməsi, ağır texnikanın geri çəkilməsi, əsirlərin mübadiləsi və zərərçəkmiş regionlarda əhaliyə humanitar yardımın göstərilməsi kimi məsələlərə dair fikir mübadiləsi aparıblar. “Həmsöhbətlər Minsk razılaşmasının bütün müddəalarının yerinə yetirilməsi, o cümlədən atəşkəs, qoşun və ağır silahların geri çəkilməsi və bütün girovların azad olunmasın vacibliyini qeyd ediblər”- deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər