• cümə axşamı, 25 aprel, 14:06
  • Baku Bakı 23°C

Nazarbayevdən yeni təşəbbüs

25.09.19 19:20 578
Nazarbayevdən yeni təşəbbüs
Qazaxıstan paytaxtında Avrasiya ölkələrinin parlament rəhbərlərinin növbəti toplantısı bir sıra mühüm ideya və təkliflərin səslənməsi ilə yadda qala bilər. Əgər səslənən təklif və ideyalar qəbul olunarsa, bu, terrorizmə qarşı mübarizəyə ciddi töhfə vermiş olacaq. Toplantıda dünya problemləri və onların həlli yolları müzakirəyə çıxarılıb. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev (Elbaşı) açılış nitqində diqqəti dünya təhlükəsizliyi məsələlərinə yönəldib. Elbaşının çıxışında ən önəmli hissə terror təşkilatları və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmalarının vahid dünya siyahısının hazırlanması ilə bağlı təşəbbüs olub. Nazarbayev həmçinin (elektron kriptopulqabılardan istifadə etməklə) narkotiklərin internet vasitəsilə satışı məqsədilə qanunverici sədd tətbiq etməyə çağırıb. Elbaşı həm də dünya iqtisadiyyatının yeni rəqəmsal, süni intellektual eraya, dövrə keçidi üçün hüququ bazanın yaradılmasının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, parlament cəmiyyəti daxilində sıx birləşmə və qanunverici trenddə birgə fəaliyyətin effektivliyinin artırılması zəruridir. Hüquqi aktların harmonizasiyasının üzərinə böyük işlər düşdüyünü qeyd edən Nazarbayev hesab edir ki, terrorizmin ümumi təyinatı, terror, ekstremist təşkilatların, beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaların vahid siyahısının yaradılması zəruridir. Nazarbayev çıxışına ölkənin bu illər ərzində əldə etdiyi nailiyyətlərdən bəhs etməklə başlayıb sözlərini qlobal problemlərlə başa çatdırıb. Diqqəti Çin, Rusiya və Birləşmiş Ştatlar arasındakı etimadsızlıq problemlərinə, nüvə silahı sınaqlarına, sanksiyaların tətbiqinə, eləcə də, terrorizm məsələlərinə yönəldib.
Onun ardınca çıxış edən Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə ikili standartlardan əl çəkilməsinin vacibliyindən danışıb və dünyadakı mövcud problemlərin hüquq çərçivəsində həllinin vacibliyini dilə gətirib. Onun qənaətincə, onilliklər ərzində qlobal təhlükəsizlik sahəsində əldə olunan razılaşmalar hazırda öz qüvvəsini itirib. Neqativ nəticələr planetin hər bir sakinin həyatında öz təsirini göstərə bilər: "Biz sülhü qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Belə bir vəziyyətdə susub qalmaq yolverilməz və təhlükəlidir. Biz ölkələrimizin vətəndaşları qarşısında məsuliyyətliyik. Münaqişələrin güclənməməsinə, humanitar fəlakətlərə, xalqların yoxsullaşmasına və dövlətlərin məhv olmasına yol verməməliyik”.
Spiker əlavə edib ki, parlament sədrlərinin görüşlərinin formatı, miqyası böyüyüb və artıq bura Avropa və Asiya ölkələri də cəlb edilib.
Çin Xalq Respublikasının nümayəndə heyətinin də dünyada mövcud vəziyyətlə bağlı mövqeyi dəqiq müəyyən olunub. Onlar bəşəriyyətin gələcəyi üçün beynəlxalq münasibətlərin yeni tipinin formalaşdırılmasını təklif edirlər. Bura qarşılıqlı hörmət, ədalət, əməkdaşlıq və ümumi uğur daxildir. Çin parlamentinin sədri Li Çjançjou qeyd edib ki, onlar heç bir halda başqalarının maraqlarına zidd, xüsusən də öz mənfəəti naminə qonşularının əleyhinə olan addımlar atmayacaqlar. Onun qənaətincə, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurulması istiqamətində addımları sürətləndirmək gərəkdir: "Bunlar beynəlxalq dövlətlərarası münasibətlərin əsasında qurulmalıdır. Bütün ölkələrin seçdikləri müstəqil yola, bir-birinin həlledici maraqlarına hörmətlə yanaşılmalı və narahatçılıqları başa düşülməlidir. Həyatda laqeydlik mümkünsüzdür, tərəfdaşlıq ruhunda yaşamalı və problemlərlə bağlı birgə razılıq yolu ilə ümumi dil tapılmalıdır. Avrasiya ölkələri səylərini birləşdirməli və dialoqu genişləndirməli, sülh və əmin-amanlıq işində etimad, sabitlik və çiçəklənməyə əsaslanmalıdırlar”.
Rusiya Dumasının spikeri bildirib ki, bir ölkədə fəaliyyəti qadağan edilən təşkilat başqa bir dövlətin ərazisində sərbəst fəaliyyət göstərir. Bununla terrorizmə qarşı effektiv mübarizə apara bilmərik. Bu səbəbdən də terrorizmə qarşı mübarizədə model qanunlar təklif etmək gərəkdir. O qeyd edib ki, qanunvericilik terror təşkilatlarının vahid siyahısını hazırlamağa imkan verməlidir.
Xatırladaq ki, KTMT Şurası hələ 2016-cı ildə terror təşkilatlarının vahid siyahısını hazırlamağı təklif edib. 2018-ci ildə V.Volodin KTMT PA-nın toplantısında yenidən bu məsələni qabardıb. Nəticədə belə bir siyahının yaradılması barədə qərar qəbul edilib. Rusiya nümayəndə heyətindəki mənbənin "Kommersant”a verdiyi məlumata görə, bu mövzu KTMT PA-nın noyabrın 5-də Yerevanda keçiriləcək toplantısında mümkün mövzulardan biri olacaq.
Yeri gəlmişkən, tədbir Qazaxıstanın birinci prezidenti N.Nazarbayevin Avrasiya ideyasının 25 illiyinə həsr olunub. Nur-Sultan şəhərində keçirilən "Böyük Avrasiya: Dialoq, Etimad, Tərəfdaşlıq” mövzusundakı tədbir Avrasiya ölkələri parlament spikerlərin sayca dördüncü iclasıdır. Avropa və Asiyanın 50-dən çox ölkəsinin parlamentariləri Avrasiya məkanının təhlükəsiz və stabil inkişafının təmin edilməsi yollarını müzakirə ediblər. Tədbir iştirakçıları qanunverici təcrübə mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi üzrə perspektiv istiqamətlərin müəyyən edilməsi üçün imkan qazanıblar. Azərbaycan tərəfindən tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov iştirak edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər