• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

Nazarbayevdən yeni “inqilab” anonsu

12.01.18 09:30 974
Nazarbayevdən yeni “inqilab” anonsu
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsini dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasına daxil etmək üçün böyük layihələr həyat keçirmək niyyətindədir. Bu dəfə qazax lideri dördüncü sənaye inqilabı ilə bağlı xalqa müraciət edib. Təxminən 10 əsas məsələni özündə əks etdirən sənəd, 2018-ci ildə qarşıda duran məsələlərə həsr olunub. Ekspertlər hesab edirlər ki, prezidentin müraciəti bundan əvvəl elan edilən proqramları təkrar edir. Birinci plan "100 konkret addım” adlandırılmışdı və ölkənin sənaye-innovatik inkişafını nəzərdə tuturdusa, ikincisi, "Rəqəmsal Qazaxıstan” adını almışdı. Nursultan Nazarbayev müraciəti tam oxumayaraq, sadəcə, 10 əsas istiqamətləri xalqın diqqətinə çatdırıb: "Biz bu gün dördüncü sənaye inqilabı dövrünə, dərin və sürətli - texnoloji, iqtisadi və sosial dəyişikliklər dövrünə qədəm qoyuruq. Yeni texnoloji bölgü bizim işimizi köklü sürətdə dəyişəcək. Qlobal dəyişikliklər və çağırışlar bizi "Qazaxıstan-2050” strategiyasını qəbul etməyə sövq etdi. Biz dünyanın inkişaf etmiş 30 ölkəsinin sırasına daxil olmağı qarşıya məqsəd qoymuşuq”. N.Nazarbayev xatırladıb ki, neft erası sona çatıb və yeni, keyfiyyətli inkişaf modeli tələb olunur. Dövlət başçısı maliyyə sektorunun həddən artıq yükləndiyini elan edərək "pis” kreditlərdən yaxa qurtarmağın zəruriliyini bəyan edib. Təhsilin yeni keyfiyyəti barədə danışan prezident vurğulayıb ki, qazaxıstanlıların gələcəyi rus, ingilis, qazax dillərini yüksək səviyyədə mənimsəməkdən keçir. Əlavə edib ki, latın əlifbasına keçid isə bu məsələlərin həllinə gətirib çıxara bilər. O ki qaldı Avrasiya İqtisadi İttifaqına, qazax lideri bəyan edib ki, bunun SSRİ-nin yenidən yaradılması ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı tam olaraq iqtisadi layihədir: "İrrasional qorxuların əsiri olanlara gəlincə isə mən onlara 2011-ci ilin oktyabrında cavab vermişəm. SSRİ bərpa olunmayacaq. Bu, sadəcə, spekulyasiyalardır”. O, yanvarın 16-da ABŞ-a edəcəyi səfərə də toxunub. Səfər yanvarın 18-nə qədər davam edəcək. Nazarbayev Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, eləcə digər amerikalı rəsmilərlə görüşəcək. O, həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Beləliklə, Qazaxıstan liderinin ölkəsinin postneft dövrünə qədəm qoyması və yeni sənaye inqilabından bəhs etməsi, dünyanın 30 inkişaf etmiş ölkəsi sırasına daxil olmaq istəyi nədən xəbər verir? Ekspertlər bununla bağlı fərqli fikirdədirlər. Məsələn, Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli İnstitutunun postsovet tədqiqatları Mərkəzinin sektor müdiri Yelena Kuzmina hesab edir ki, prezidentin müraciəti Qazaxıstanda son 10-15 ildə aparılan islahatların məntiqi davamıdır. "Ən uğurlu sahələr - kənd təsərrüfatı və nəqliyyat-loqistikadır. Bunlar iqtisadiyyatın inkişafına və əhalinin məşğulluq səviyyəsinə multiplikativ effekt göstərir. Məsələn, kənd təsərrüfatı ümumdaxili məhsulun 5 faizini təşkil etsə də, bu sahədə həddən artıq insan çalışır. Bu sahə üzrə prioritet məsələ taxıl və yaxud unun satışı deyil, həm də kənd təsərrüfatı məhsullarının köklü emalıdır. Qazaxıstan bunlarla məqsədyönlü şəkildə məşğul olur”, - deyə Y. Kuzmina bildirib. Ekspertin sözlərinə görə, aqrosənaye kompleksində əsas problemlərdən biri ət-süd sənayesi sahəsindədir. Belə ki, Qazaxıstan özünün təbii və coğrafi imkanları ilə ət istehsalını tək yerli bazarı üçün deyil, həm də dünya bazarına, ilk növbədə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə çıxarmağı planlaşdırır. O ki qaldı nəqliyyat-loqistik strukturlara, Y.Kuzminanın qənaətincə, bu, effektiv şəkildə inkişaf edən sahədir. Məsələn, dünya loqistika reytinqində Qazaxıstan 17 bənd yüksəlib. "Nəqliyyat və loqistika Qazaxıstan üçün əsas məsələdir və hazırda bu, həll olunur”, - deyə iqtisadçı-ekspert bildirib. O, hesab edir ki, Astananın sənayenin inkişafı və modernləşməsi üçün potensialı var. "İstənilən halda bu proqram Avrasiya İqtisadi İttifaqı çərçivəsində elan edilib və bir çox bəndləri artıq işlənib hazırlanıb. Qazaxıstana resurs iqtisadiyyatından sənayenin modernləşməsinə keçid üçün yeni texnologiyalar gərəkdir. Lakin onları yaratmaq üçün xüsusi imkanlar olmadığından, texnologiyaların transferi gərəkdir. Hələ ki, Qazaxıstan təbii resursların işlənilməsi istiqamətində ciddi uğurlara malik deyil. Müasir sənaye dövləti olmaq üçün təbii resursların dərin işlənməsinə keçmək gərəkdir. İlk növbədə karbohidrogen və əlvan nadir metallardan başlanılmalıdır”, - deyə o, fikrini tamamlayıb.
Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev isə əks fikirdədir. O, hesab edir ki, prezidentin indiki müraciəti əvvəllər edilən müraciətlər ilə üst-üstə düşür. Ekspertin sözlərinə görə, dünyanın 30 inkişaf etmiş ölkələri sırasına daxil olmağı qarşıya məqsəd qoyan Qazaxıstanın bu strategiyası kağız üzərində qurulub: "Məsələn, hakimiyyət dairələrində populyar olan dördüncü sənaye inqilabı gözəl səslənir, lakin ötən illərdə yaşanan benzin böhranları fonunda sürrealist təsir bağışlayır”. Ekspert qeyd edib ki, prezidentin müraciətində həm də insan kapitalının yeni keyfiyyətindən bəhs edilir. "Bu, ölkənin sürətlə can atdığı innovativ həmlə üzərində qurulub. Lakin bunu təhsildəki böhranlı vəziyyətdə həll etmək müşkül məsələdir. Qazaxıstanda isə biliklərin deyil, diplomların rəqabəti hökm sürür - peşəkarlıq, qabiliyyətlər əsas götürülmür. Biz bunları dəf etmədən insan kapitalının səviyyəsini yüksəldə bilmərik. İndiki təhsil sistemi keçmişin mütəxəssislərini hazırlayır”, - deyə qazax eksperti vurğulayıb. Ekspertin qənaətincə, ən həyəcan doğuran məsələ odur ki, ambioz, kreativ, istedadlı gənclər ölkələrində perspektiv görmədiklərindən, buranı tərk edib gedirlər. Yəni, özlərinin imkan və qabiliyyətlərini digər siyasi və iqtisadi sistemlərdə sınamağa çalışırlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər