• cümə, 29 Mart, 04:02
  • Baku Bakı 7°C

Nazarbayev Atambayevin üzrxahlığını qəbul edəcəkmi?

20.10.17 11:00 2878
Nazarbayev Atambayevin üzrxahlığını qəbul edəcəkmi?
Qırğızıstanda prezident seçkilərindən sonra qonşu Qazaxıstanla gərginlik bir qədər səngiməyə doğru start götürüb. Ötən gün Qırğızıstanın xarici işlər naziri Sapar İsakov bu ölkəyə səfər edib. Qırğız prezidenti Almazbek Atambayev isə qazax həmkarı Nursultan Nazarbayevə qarşı düzgün mövqedə olmadığını etiraf edib. Atambayev tələbələr qarşısında özünü təmizə çıxarmağa çalışıb. "Nazarbayev barəsində emosional danışanda ola bilsin düz mövqedə olmamışam. O da mənim kimi hər şeyə tez inanan biridir və problemləri də məndən çoxdur”, - deyə əlavə edib. Bəs görəsən prezidentin bu bəyanatından sonra qazax həmkarı onu bağışlayacaqmı? Bunu söyləmək bir qədər çətindir.
"Nezavisimaya qazeta” yazır ki, iki ölkə arasında münasibət mürəkkəb olaraq qalır. Astana əvvəlki kimi qırğız yüklərinə problem yaradır, onları sərhəddə saxlayır. Müşahidəçilər hesab edirlər ki, əgər Atambayevin üzrxahlığı Astananı qane etməsə və sərhəddə yüklərlə bağlı vəziyyət dəyişməsə, onda rəsmi Bişkek Kirov su anbarındakı suyu axıdacağı ilə bağlı xəbərdarlığını reallaşdıra bilər. Belə olan halda, iki ölkənin sərhədindəki ərazilər su qıtlığı ilə üzləşə bilər. İki ölkənin sərhədində vəziyyətə gəldikdə, sərhəd-buraxılış məntəqələrində yüzlərlə km-lərlə uzanan insan və maşın növbələri yaranıb. Qırğız tərəfi qonşusunu sərhəddə problem yaratmaqda ittiham edir. Qarşı tərəf isə bunu sərhəddə planlaşdırılan əməliyyatla izah edib. Qırğız sahibkarlar iki ölkənin prezidentlərinə müraciət edərək siyasəti iqtisadiyyatla qarışdırmamağa çağırıblar. Astanada xüsusi vurğulayırlar ki, sərhəd rejiminin sərtləşdirilməsi Atambayevin Nazarbayevə və Qazaxıstana qarşı səsləndirdiyi ittihamlarla bağlı deyil. Onlar baş verənləri sadəcə, qırğız ixracı ilə əlaqələndirirlər. Başqa bir arqument kimi isə qırğız məhsullarının Avrasiya İqtisadi İttifaqının parametrləri ilə uyğun gəlməməsi göstərilir. Məhz bu səbəbdən Astana qonşu ölkədən süd məhsullarını qəbul etmir. Bişkek də cavabında bildirib ki, iqtisadiyyatla siyasəti qarışdırmaq niyyətində deyil, Kirov su anbarında təmir-bərpa işləri suyun axıdılmasını zəruri edir. Təbii ki, formal olaraq sərhəddə növbələr və su anbarının təmiri bir-biri ilə əlaqəli deyil. Lakin qırğız tərəfi qazaxları nəzərdə tutulan işlər barədə məlumatlandırıb. 550 mln.kub metrlik anbar Qırğızıstanın Talas vilayətində, Qazaxıstanla sərhəddə yerləşib. Onun əsas funksiyası quraqlıq zamanı hər iki respublikanın torpaqlarının suvarılmasıdır. Əgər suyu indi buraxsalar, onda yaza kimi anbar dolmayacaq və təbii ki, bu da Qazaxıstan torpaqlarının susuz qalmasına gətirib çıxaracaq. Bunun da çox ağır nəticələri ola bilər. "Qazaxıstanın növbətçi xidmətləri gücləndirilmiş iş rejiminə keçiblər”, - deyə Qazaxıstan FHN-nin nümayəndəsi Ruslan İmankulov bildirib. Onun sözlərinə görə, texniki nöqteyi-nəzərindən suyun buraxılması heç bir təhlükə törətmir. Belə ki, su saniyədə 100 kub metr sürətlə gedir, qazax ərazisi isə saniyədə 200 kub metr suyu qəbul etmək iqtidarındadır. "Hələ ki, ciddi heç nə gözlənilmir. İstənilən halda, bütün dövlət orqanları məlumatlandırılıb”,- deyə o bildirib.
Ekspertlər də Bişkekin suyu buraxmaq xəbərdarlığının Qazaxıstanın hərəkətlərinə etiraz olduğunu düşünürlər. Lakin baş verənlərin neqativ nəticələrini Bişkek Astanadan tez hiss edəcək. Qırğız müxalif "Janı muun” (Yeni nəsil) hərəkatının nümayəndəsi Adil Turdukulov hesab edir ki, Atambayevin anbardan suyu buraxmaq kimi cavab addımı iki ölkə arasında onsuz da gərgin olan münasibətləri ağırlaşdıra bilər. "Qarşıdan qış gəlir və ölkədə birinci dərəcəli məhsulların, ilk növbədə un və yanacaq-sürtgü materiallarının çatışmazlığı yarana bilər. Bizim Qazaxıstandakı miqrantların da geri dönməsini gözləmək olar. Aİİ-də ikitərəfli formatda işlərin dayandırılması Qırğızıstanda onsuz da çətin olan durumu daha da ağırlaşdıra bilər”, - deyə ekspert vurğulayıb.
Bir faktı da qeyd edək ki, ay yarımdan sonra Atambayevi prezident postunda Sooronbay Jeenbekov əvəz edəcək. Yeni prezident qarşısında da əsas vəzifə qonşu dövlətlə münasibətləri normalaşdırmaq olacaq. Və bu zaman yaşanan gərginlikdə konkret günahkarın kim olması diqqətdə olacaq - yerli regional siyasətin xüsusiyyətləri belədir. Atambayevin toxunulmazlıq təminatı var. Bu zaman yeganə variant baş nazir Sapar İsakovun istefası ola bilər. Məhz onu Qazaxıstanla baş verən gərginlikdə günahkar çıxara bilərlər. "Digər tərəfdən Jerenbekov dividentlər əldə edəcək – Atambayevlə hakim Sosial-Demokrat Partiyası arasında bağları dağıdaraq bununla da özünün müstəqil və güclü qüvvə olduğunu büruzə vermiş olacaq. Yalnız belə şəraitdə Astana yeni prezidentlə iş qura bilər”, - deyə Turdukulov bildirib.
Bir faktı da qeyd edək ki, Nazarbayev Jeembekovu ilk təbrik edənlərdən olub. Qazaxıstan XİN də onun qələbəsini pozitiv hal adlandırıb. Böyük ehtimalla məsələ açıq münaqişəyə qədər gedib çıxmayacaq - sərhəd açıq qalacaq və anbar boşalmayacaq.
Son məlumatlara görə, Qazaxıstan və Qırğızıstan liderləri sərhəddəki məhdudiyyətlərin yüngülləşdirilməsiylə bağlı razılığa gəliblər. Razılaşma Qazaxıstanın baş naziriBaqyatxan Saqntayevin qırğız həmkarıSapar İsakovla danışıqlarında əldə olunub. Medianın yazdığına görə, dünəndən sərhəddən keçməyə üstünlük piyadalara, avtomobillərində ancaq şəxsi əşyalarıyla səyahət edənlərə, daimi şəhərlərarası avtobuslara, yüksüz yük maşınlarına veriləcək. Qazax baş nazir prezident Nursultan Nazarbayevə istinadla deyib ki, iki ölkənin münasibətləri regionda "səmərəli və qarşılıqlı faydalı” əməkdaşlığa örnək olmalıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər