• cümə axşamı, 25 aprel, 19:54
  • Baku Bakı 21°C

Naz-qəmzəli gözəllər, xəncərli və sərt baxışlı igidlər - Reportaj - Fotolar

29.11.16 13:32 3330
Naz-qəmzəli gözəllər, xəncərli və sərt baxışlı igidlər - Reportaj - Fotolar
Səhər işə gələrkən, bir neçə gənc oğlan və qızların milli geyimdə, əllərində kitab-dəftər harasa tələsdiklərinin şahidi oldum. Mənzərə tanış deyildi. Ətrafa boylandım ki, bəlkə mən səhv geyimdəyəm. Yooox! Bu gənclər keçmişdən gəlməmişdilər. Müasir gəncliyin şəhərdə milli geyimdə gəzməsində nə isə qəribəlik var idi. Marağım üstün gəldi və sənətimin mənə qazandırdığı vərdişlə gənclərə yaxınlaşdım.
"Milli adət-ənənələrimizi yaşadaq”
Gənclər universitetə tələsdiklərini bildirdilər. Axı nə üçün bu geyimdə? Niyə universitetə "xəncər”, təsbeh, kəlağayı ilə gedirsiniz? Məlum oldu ki, həmin gün Azərbaycan Dillər Universitetində milli gündür. Tələbələrin istəyi ilə ayın bir günü universitetin tələbə, müəllim heyəti "Milli adət-ənənələrimizi yaşadaq” şüarı ilə dərsə milli geyimdə və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəlməlidirlər. Bu tarixi ana şahidlik etmək üçün sözügedən universitetə yollandıq.


Dəhlizdə gənc oğlanlar, qızlar anı ölümsüzləşdirmək üçün şəkil çəkdirirlər. Bəziləri isə dərsə gecikməmək üçün örpəyini düzəldə-düzəldə qaçırdı. Qızlar naz-qəmzələri, oğlanlar isə sərt baxışları və xəncərləri ilə seçilirlər. Universitetin əcnəbi tələbələri isə maraqla onlara baxır, yoldaşlarını sorğu-sual edirlər.
"Millilik bizim qanımızda var”
Auditoriyalardan birinə baş çəkirik. Regionşünaslıq fakültəsində ingilis dili dərsidir. Müəllim Aytən Seyidova milli geyimdə dərsə təşrif buyurur. Deyir ki, belə geyimdə dərs demək fərqli və gözəl hissdir: "Tələbələrimizin təşəbbüsü ilə öz milli adət-ənənələrimizi bacardığımız qədər təmsil etməyə çalışırıq. Millilik bizim qanımızda var. Amma bəzən adətlərimizi unuduruq. Dəyərlərimizi yaşatmaq üçün hər ayın bir günü belə layihələri həyata keçirməliyik. Tariximizi, dəyərlərimizi, geyimlərimizi daim qorumalıyıq”.

1-ci kurs tələbəsi Lamiyə ilk dəfədir bu geyimdən yararlanır. Deyir ki, özünü əsl Azərbaycan xanımı kimi hiss edir: "Bu paltara vuruldum. Əynimdən çıxarmaq istəmirəm. Əvvəlki xanımlarımız necə gözəl geyinib! İnsanı çox gözəl göstərir. Xüsusilə rəng seçimləri ecazkardır”.

"Duyğulandım...”
Universitetin ağsaqqal müəllimlərindən olan Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil müəllim tələbələrlə şəkil çəkdirir. Onları bu geyimdə görəndə kövrəlir və gözündən yaş gəlir. Onun kövrəlməsi tələbləri təəccübləndirir. Adil müəllim deyir ki, müasir gəncliyin keçmişi yaşatmağa çalışması onu duyğulandırıb: "Duyğulandım. Xanımları milli formada görəndə mənə təsir etdi. O qədər avropalaşmışıq ki, gənclərimiz yerli-yersiz adətlər götürüb. Məsələn, gözəl toy adətlərimiz var. Uşaqlara deyirəm ay qızım, ay oğlum, alman, fransız, ingilis toyunda vağzalı kimi gözəl musiqinin şahidi olmusunuz? Bəylə gəlinin vağzalı sədaları altında məclisə təşrif buyurmasından gözəl hiss yoxdur. Mənasız musiqilərlə adətlərimizi korlamayın. Tələbələri bu geyimdə görəndə anladım ki, biz milli adətlərimizi gələcəyə apara biləcəyik. Dil öyrən, dünyagörüşün olsun, oxu, təhsil al, hər bir şeyi bil. Amma adət-ənənəni, keçmişini unutma. Keçmişini hara gedirsənsə, özünlə apar”.

Nənəsinin kəlağayısı ilə dərsə gələn tələbə
Mehin milli geyimdə olmasa da, dərsə nənəsinin kəlağayısı ilə gəlib. Deyir ki, başına kəlağayı atanda insana qəribə ağırlıq gəlir: "Dərsə milli geyimdə gəlmək çox gözəl hissdir. Bu gün hamını belə görəndə sevindik. Bütün universitetlərdə belə günlər keçirilsə, yaxşı olar. Biz azərbaycanlıyıq və nə qədər də inkişaf etsək, milli adət-ənənələrimizi, mentalitetimizi yaşatmalıyıq”.

Aytac da milli geyimi sevib. Deyir ki, geyimin xüsusi gözəlliyi və rəngləri var: "Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir. Biz bu geyimlərdən yararlanmaqla və milli gün keçirməklə gənc olaraq keçmişimizə sadiq olduğumuzu və onu gələcəyə aparacağımızı sübut edirik. Məncə, bütün gənclər ayda bir dəfə də olsa, bu təşəbbüslə çıxış etməlidir”.

Zənginləşən dəyərlər...
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev deyir ki, Azərbaycan xalqının dəyərləri bu universitetdə hər zaman qorunub: "Bizim universitet həmişə təhsilimizdə öncül yerləri tutub və rəngarəngliyi, dinamikliyi ilə seçilib. Azərbaycan xalqının malik olduğu dəyərlər bizim universitetdə həmişə qorunub, saxlanılıb. Bu gün universitet müəllimlərinin və tələbələrinin milli paltarlarda rahat şəkildə dərsə gəlməsi milli dəyərlərə önəm verdiyimizin sübutudur. Ən maraqlı fakt odur ki, bu, tələbə təşəbbüsüdür. Hər ay bizim tələbələrlə ümumi görüşlərimiz olur. Tələblərə açıq mikrofon vasitəsilə öz fikirlərini deyə bilirlər. Tələbələrin böyük əksəriyyəti universitetdə milli günün elan olunmasını istədilər. Biz də onlara dəstək olduq. Azərbaycan xalqı dərin dəyərlərə malikdir. Kiçik ölkədə müxtəlif dinlərə mənsub olan xalqların yaşaması bizim dəyərlərimizi daha da zənginləşdirib. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Tələbələrin buna dəstək olub, bu formada dərsə gəlmək istəmələri dövlət siyasətinin təntənəsidir. Bizim tələblərin, müəllimlərin hər biri özünün tarixinə, milli dəyərlərinə bağlı insanlardır”.

Dekanın sözlərinə görə, əcnəbi tələbələr və müəllimlər milli günü maraqla qarşılayıblar: "Əcnəbilər bunu pozitiv qəbul edirlər. Bizim çinli müəlliməmiz bu günün keçiriləcəyini eşidib, səhər dərsə öz milli geyimlərində gəlmişdi. Çox maraqlı idi”.

"Kəlağayıkolleksiyam var”
Milli günün keçirilməsinə ən çox sevinənlərdən biri də regionşünaslıq kafedrasının müdiri dossent Sevdagül Əliyevadır. Sevdagül müəllimə milli dəyərlərimizə, geyimlərimizə o qədər bağlıdır ki, hətta şəxsi kəlağayı kolleksiyası var: "Mənim üçün bu, çox böyük fəxr hissidir. Çünki hər bir vaxt bu gözəlliyi görməyi arzu etmişəm. Özüm həmişə bu geyimdən istifadə edirəm. Xarici ölkələrdə tədbirlərdə tez-tez iştirak edirəm və milli geyimlərimizi fəxrlə geyinirəm. Çox böyük kəlağayı kolleksiyam var ki, onlar mənim üçün dəyərlidir. Gənclərdə bu hissin tərbiyə olunması bizim mənəvi borcumuzdur və bundan başlamaları xoşdur. İndi çox müəllimlərimiz deyir ki, gələn ilə milli geyim sifariş verəcəm. Bu sözü eşitmək qürurdur. Çünki hər bir xalqın milli-mənəvi dəyərləri var. Bu dəyərləri hiss etmək üçün onları göz qabağında görmək gərəkdir. Milli geyimi geyinəndə insan tamamilə başqa ruhda olur. Bu hissi sözlə ifadə etmək çətindir”.

Camal sərt baxışlı, dərsə "xəncər”lə gələn tələbələrdəndir. Deyir ki, xanımlar milli geyimdə gözəl görünür: "Öz milli mentalitetimizin unudulmasına icazə verməməliyik. Düzdür, Avropaya inteqrasiya edirik, dünyagörüşümüz artır. Amma nə qədər inkişaf etsək də, dəyərlərimizi unutmamalıyıq. Belə tədbirlər bir günlə yekunlaşmamalıdır və ardıcıl olmalıdır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər