NAXÇIVANIN İLK QADIN-TEATR RƏSSAMI
Naxçıvan Muxtar Respublikasında
peşəkar qadın rəssamların formalaşması, püxtələşməsi bu qədim diyarın müstəqillik
dövrünə təsadüf etmişdir. Əslində bu təsadüfi deyil, müstəqilliyin bəxş etdiyi
imkan və şəraitdən yerində, lazımi səviyyədə yararlanmağın nəticəsidir. Həmin
dövr ərzində burada ictimai-siyasi, elmi və mədəni sahələrdə qadınların fəallığı
nəzərəçarpacaq dərəcədə, xeyli fəallaşmış, onlar öz peşə yönümləri ilə
qazandıqları nailiyyətlərə görə ölkə miqyasında da məşhurlaşmışlar.
Bütün sahələrdə olduğu kimi rəssamlıqda
da öz istedadları ilə uğur qazanan qadınların sayı ilbəil artmışdır. Bununla
belə rəssamlığın bir sıra növlərində qadınların imzalarına rast gəlinsə də,
teatr rəssamlığı sahəsində qadın imzasına, belə ifadə etmək mümkündürsə, bir
növ tamarzı qalmışdır. Naxçıvanda peşəkar teatr sənətinin yaşı 135-ə çatır.
Lakin üç əsri əhatə edən bu illər ərzində, daha dəqiqi Naxçıvan Teatrının 130
illik yubileyinə qədər olan müddətdə bu qocaman sənət ocağının heç bir
afişasında qadın-rəssam imzasına rast gəlinməmişdir. Bunun başlıca səbəbi
Naxçıvanda hətta sovet dövründə belə ümumilikdə peşəkar qadın rəssamların
olmaması, müstəqilliyin ilk illərində isə yenicə formalaşan qadın rəssamlar
arasında səhnəqrafiyaya –teatr rəssamlığına marağın yaranmaması olmuşdur.
Bu cəhətdən 2015-ci ili
Naxçıvan Teatrının səhnəqrafiya tarixində əlamətdar və dönüş ili hesab etmək
olar. Belə ki, həmin ildə görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun
145 illiyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı da bu yubileyə öz
töhfəsini təqdim etməyə hazırlaşırdı. Teatrda hazırlıq proseslərinə başlanılan
"Nadanlıq” tamaşasının quruluşçu rejissoru, bu il Azərbaycan Respublikasının Əməkdar
artisti fəxri adına layiq görülmüş Tofiq Seyidov yeni işinin bədii quruluşunu
teatrın baş rəssamı, respublikanın xalq rəssamı Hüseynqulu Əliyevə həvalə etməklə
yanaşı, inamlı bir addım ataraq Naxçıvan Rəssamlar Birliyinin üzvü, NDU təsviri
incəsənət kafedrasının müəllimi, universitetdə artıq bir səhnə rəssamı kimi də
tanınmış Fizzə Quliyevanı ikinci rəssam olaraq hazırlıq prosesinə cəlb etdi.
Quruluşçu rejissorun belə bir
yeniliyə təşəbbüs etməsinə - ilk dəfə olaraq qədim sənət ocağına qadın rəssamın
dəvət olunmasına səy göstərməsinə səbəb isə NDU Tələbə Teatr Studiyasında
hazırlanan Nazim Hikmətin "Qəribə adam” (2012) və Esxilin "Zəncirlənmiş
Prometey” (2013) tamaşalarında məhz Fizzə Quliyevanın quruluşçu rəssam olması
idi. Fizzə xanım bu tamaşalarda dekorasiyalardan əlavə geyim və qrim eskizlərinin
də müəllifi olmuşdur.
Naxçıvan Dövlət Musiqili Dram
Teatrının baş rəssamı, eyni zamanda NDU təsviri incəsənət kafedrasının müdiri
Hüseynqulu Əliyev yeni tamaşada istedadlı tələbəsilə bərabər çalışacağından
böyük məmnunluq və qürur hissi keçirərək dekorasiya eskizlərini hazırlamağı
bütövlüklə ona həvalə etdi. F.Quliyeva bu etimadı yüksək dəyərləndirərək
professional səhnədəki ilk təcrübəsinə məsuliyyətlə yanaşaraq gərgin işə
başladı. "Nadanlıq” pyesilə bir daha yaxından tanış olduqdan sonra axtarışlara
başlayıb hadisələrin baş verdiyi dövrü dərindən öyrəndi. Əsərin əsas ideyası səhnənin
ümumi quruluşunda, o illərin geyim, saç-saqqal dəbi, kabinet və ev əşyaları, kənd
məişətinin təsviri dekorasiya, geyim və qrim eskizlərində dolğun və mənalı əks
olunmalı idi. Nəhayət hazırlanmış eskizlər teatra təqdim olundu. Böyük maraq
doğuran eskizlər quruluşçu rejissor və baş rəssam tərəfindən razılıqla qəbul
edildi. Həmin eskizlər əsasında teatrın sexlərində gedən hazırlanma proseslərində Fizzə xanım özü də böyük həvəslə, yaxından və
fəal iştirak etdi.
İntizarla gözlənilən hadisə –
"Nadanlıq” tamaşasının premyera günü gəlib çatdı. Muxtar Respublika Ali Məclisi
Sədrinin, dövlət və hökumət rəsmilərinin, həmçinin qabaqcıl ziyalıların və tələbələrin
də iştirak etdikləri Nəriman Nərimanovun yubileyinə həsr olunmuş təntənəli gecənin
ikinci – bədii hissəsində bu yeni tamaşa qocaman teatrın səhnəsindən ilk dəfə təqdim
olundu. Mübaliğəsiz demək olar ki, həmin gecə yaradıcı heyətin ən çox həyəcan
keçirən üzvü də elə Fizzə Quliyeva idi.
Tamaşadakı maraqlı aktyor
oyunu ilə bərabər, səhnədə əks olunan Moskva Kremlinin şöhrətli Spassk qülləsinin
başındakı beşguşəli ulduzdan səhnənin önünə doğru uzanan tor və qüllənin
dördgözlü məşhur Kreml saatının hər tərəfində müxtəlif vaxtların göstərilməsi
hamıda böyük maraq və dərin təəssürat oyatdı. Dekorasiyadakı belə bir təqdimat
Rusiyanın hər bir dövrdə yürütdüyü çoxüzlü siyasətinin ifşasına xidmət edirdi.
Tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanan ilk tamaşa sürəkli alqışlarla sona
çatdı. Bütün aktyorlarla bərabər, quruluşçu rejissor, quruluşçu rəssamlar
və musiqi tərtibçisi də təzim üçün səhnəyə çıxdılar. Fizzə xanımın bərk həyəcanını
görən T.Seyidov və H.Əliyev onu əllərindən yapışaraq səhnə önünə gətirdilər. Səhnə
önünə kövrək addımlarla gələrək tamaşaçılar qarşısında təzim edən Fizzə Quliyevanın
bu addımları salondakılara sanki qocaman Naxçıvan Teatrına nəhayət ki, ilk
qadın-rəssamın gəlişini müjdələmiş oldu.
2015-ci il F.Quliyevanın həyatında daha bir yaddaqalan əlamətdar
hadisə baş verdi. Noyabr ayının 11-də ilk dəfə olaraq MR Rəssamlar Birliyinin
B.Kəngərli adına Sərgi Salonunda onun fərdi sərgisinin açılışı oldu. Burada
istedadlı rəssamın təsviri sənətin bütün janrlarını əhatə edən 50-yə yaxın əsəri
nümayiş etdirildi və tamaşaçılar, eyni zamanda həmkarları tərəfindən rəğbətlə
qarşılandı.
Fizzə xanım istedadlı fırçası
ilə təsviri sənətin demək olar ki, bütün janrlarında – mənzərə, portret,
natürmort, karikatura, qrafikada bu gün də böyük uğurla yeni-yeni əsərlər
yaratmaqla bərabər teatr fəaliyyətini də unutmur. Muxtar respublikanın qadın rəssamları
arasında Azərbaycan Teatr Xadimləri İttifaqının ilk və hələ ki, yeganə üzvü
olan F.Quliyeva səhnə yaradıcılığını Naxçıvan Dövlət Uşaq Teatrının yeni
tamaşasına aldığı dəvətlə davam etdirməkdədir. Belə ki, teatrın repertuarında
olan C.Məmmədquluzadənin "Çay dəstgahı” mənzum-alleqorik pyesinə quruluş vermək
üçün direktorluq tərəfindən dəvət olunan rejissor, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent, AzTXİ-nin üzvü
Ə.Qasımov tamaşanın bədii quruluşunu Fizzə Quliyevaya həvalə etmişdir.
İstedadlı rəssam daha bir dövlət teatrında ona göstərilən etimadı layiqincə
doğrultmaq naminə əsərin ideya və məzmununa, həmçinin rejissor yozumuna xidmət
edən maraqlı səhnə və geyim eskizləri ərsəyə gətirmişdir. İndi həmin eskizlər əsasında
teatrın sexlərində hazırlıq prosesi davam etməkdədir. Yeni tamaşanın bu ilin
sentyabr ayında, Dövlət Uşaq Teatrının 10-cu – yubiley mövsümünün açılışında təqdim
edilməsi nəzərdə tutulmuşdur.
Yaradıcı və pedaqoji fəaliyyətilə
yanaşı Fizzə Quliyeva elm sahəsində də özünü sınayaraq AMEA Naxçıvan Bölməsinin dissertantı kimi
maraqlı və aktual bir mövzu üzərində də tədqiqatlarını davam etdirməkdədir. O,
eyni zamanda Muxtar respublika ərazisində yay aylarında həyata keçirilən
arxeoloji qazıntılar üzrə beynəlxalq ekspedisiya qrupunun fəal üzvüdür.
F.Quliyevanın belə bir hərtərəfli
fəaliyyəti və çoxşaxəli yaradıcılığı onu deməyə əsas verir ki, onun haqqında
kafedra müdiri, xalq rəssamı Hüseynqulu Əliyevin "Fizzə Quliyeva bu gün muxtar
respublikanın qadın rəssamları arasında liderdir” ifadəsi təsadüfən deyilməmişdir.
Fizzə xanım özü isə indiyədək əldə etdiyi nailiyyətlərə görə kimlərə minnətdar
olduğunu hər zaman belə izhar edir: "Qazandığım uğurlara görə – təsviri sənətdə püxtələşməyimdə ustadım, xalq rəssamı
Hüseynqulu Əliyevə, elmi fəaliyyətimə görə AMEA-nın müxbir üzvü, elmi rəhbərim
Vəli Baxşəliyevə dərin təşəkkürlərimi bildirirəm. Səhnə fəaliyyətimlə
tanınmağımda və muxtar respublikanın ilk qadın-teatr rəssamı titulunu
qazanmağımda isə tanınmış teatr xadimi Ələkbər Qasımovun məxsusi rolunu qeyd
etməklə, onun sayəsində Azərbaycanın görkəmli teatr rəssamlarından olan Məmməd
Qasımov irsilə tanışlığıma, ondan yararlanmağıma borcluyam və səhnə fəaliyyətimdə
özümü belə bir sənətkarın xələfi hesab edirəm”.
Biz də Fizzə xanıma bol-bol
yaradıcılıq uğurları, yeni sənət sevincləri, sürəkli tamaşaçı alqışları diləyirik!
Rauf Əliyev-Kəngərli