• cümə, 19 Aprel, 00:40
  • Baku Bakı 18°C

Naxışları ilə qablara millilik bəxş edən xanım

01.06.18 10:00 8367
Naxışları ilə qablara millilik bəxş edən xanım
Şəffaf şüşə qablara rəng qatır, yaradıcılığının məhsulu olaraq fərqli görüntü verir, millilik, tarixilik yaradır. Yəni, vitraj ustasıdır. Onun fəaliyyət sahəsinə əsasən, şüşə qablar daxildir. Deyir ki, əvvəllər kətan üzərində yağlı boya ilə işləyirmiş, sonra şüşə qablar üzərində işlə tanış olub və bu istiqamətdə davam etmək qərarı verib. Müsahibimiz vitraj ustası Əminə Məmmədovadır.

Əminə deyir ki, hələ uşaq vaxtlarından rəsmə marağı olub: "Uşaq vaxtlarımdan rəsmlə məşğul oluram, çünki marağım var idi. Amma elə oldu ki, ilk ali təhsilimi hüquq sahəsində aldım. İkinci ali təhsilim isə yaradıcılıq istiqamətində oldu. Azərbaycan Dövlət Pedaqoji Universitetdə bədii qrafika fakültəsində təhsil aldım. Orda xalçaçılıq, kətan üzərində işləmək, heykəltəraşlıq və s. istiqamətlər tədris olunurdu. Kimə hansı istiqamət uyğun olsa, zamanla o tərəfə yönəlirdi. Mən də kətan üzərində işləməyə maraq göstərirdim, ona görə, o tərəfə yönəldim. Muncuqlardan aksesuarlar hazırlamağa da marağım var idi. Lakin elə o vaxtdan kətan üzərində işlə davamlı məşğul oldum”.


"Naxışları özümüz araşdırıb seçməliyik”

Lakin şüşə üzərində işlə tanış olandan sonra istiqamət dəyişikliyinə gedib. Düzdür, bu, daha çətindir, amma həm də maraqlıdır: "Əvvəllər sırf kətan üzərində yağlı boya ilə işləyirdim. Sonra şüşə üzərində işləmək məni cəlb etməyə başladı. 3-4 ay idi ki, bu tərəfə yönəlmişdim, ABAD haqqında eşitdim, öyrəndim ki, əl işlərimizi ora təhvil verə bilərik. Onlarla görüşüb əməkdaşlıq haqqında danışmaq istədim. Kətan üzərində işlədiyimi dedim. Çünki uzun müddət onunla məşğul olmuşdum deyə, onu ilk olaraq vurğuladım. Bildirdilər ki, qab üzərində işlə, çünki ona tələb daha çox olur. Sonra elə oldu ki, bu istiqamətdə davam etdim. İki ildir ki, ABAD-la əməkdaşlıq edirəm, elə o vaxtdan da ancaq şüşə üzərində işləyirəm. Sonra "instaqram” (Edmur craft) səhifəmi açdım, orda da satış olur, ABAD vasitəsilə də”.

İstifadə etdiyi naxışlarda millilik üstünlük təşkil edir. Deyir ki, milliliyi təbliğ edən işin üzərində hər ölkənin özünə məxsus naxışlar olmalıdır: "Naxışları özümüz araşdırıb seçməliyik. İlk vaxtlar bu cəhətdən bir az çətinliyim var idi. Ona görə, araşdırmağa başladım. Xalçaçılıq ensiklopediyasına baxdım, orda naxışları araşdırdım, buta naxışları etməyə başladım. Hər ölkənin butası fərqlidir, milli buta formasını hazırlamağı öyrəndim. Həm də elə naxışlar seçməlisən ki, balaca qabın üstündə nə isə bir məna versin. Millilik mövzusuna daha çox toxunduğum üçün o istiqamətdə sifarişlər daha çox gəlir”.


"Gecə işləyəndə yuxdan kəsməli oluram”

Əminə deyir ki, eyniliyi sevmir, hər dəfə işə fərqli çalar qatmağa çalışır: "Hər dəfə fərqli naxış etmək istəyirəm. Düzdür, bu çətindir, vaxt aparır, amma hər dəfə eyni şeyin üstündə qalmaq istəmirəm. Bir qabın üzərində naxışı işləyəndə artıq beynimə bu naxışla başqa nələr qura biləcəyimin ideyası gəlir. Yaradıcısansa, təxəyyülün varsa, hər dəfə eyni ornamenti işləmək maraqsız olar”.

Bir armudu stəkanın bəzənməsi bir gün vaxt apara bilir. Əşyanın ölçüsünə, naxışların çətinliyinə görə də hər bir iş ayrıca vaxt, səbir tələb edir. Əminə isə səbirsiz biridir: "Əslində, səbirsiz adamam. Tez özümdən çıxanam. Ona görə, hamı deyir ki, səbirsiz adamsan, bir işin üstündə bu qədər necə oturursan? Amma bu işlə məşğul olanda əsəblərim sakitləşir. Əsas olan vaxtı düzgün bölməkdir. Axşam uşaqlar yatandan sonra daha çox işləyirəm. 10-dan sonra işim başlayır. Gecə ikiyə kimi işləyirəm. Düzdür, gecə işləyəndə yuxudan kəsməli oluram, amma artıq öyrəşmişəm. İki ildir ki, bu rejimlə çalışıram”.


"Nə qədər rəqib çox olsa da, hər kəsin öz dəst-xətti var”

Bu sahə ilə məşğul olmaq istəyənlər ona müraciət edib işin sirləri, lazım olan ləvazimatları hardan əldə etdiyini soruşurlar. Deyir ki, hər kəsin öz dəsti-xətti var, ona görə də, bu cür adamlara rəqib gözü ilə baxmır: "İnstaqram”da işlərimi paylaşıram deyə, sifariş verənlərlə yanaşı, öyrənmək istəyənlər də yazıb soruşurlar. Əvvəl o cür adamlara rəqib kimi baxırdım (gülür). Amma sonra gördüm ki, nə qədər rəqib çox olsa da, hər kəsin öz dəst-xətti var. Mən kiminsə naxışını götürüb nə isə etmək istəsəm, eynilə onunku kimi alınmayacaq. Kimsə məndən nəyisə öyrənməklə mənim kimi edə bilməz, onun da öz yolu, dəsti-xətti olacaq. Hər kəsin də öz alıcısı var”.

İşin gözəlliyi, zövq ilə yanaşı, diqqət tələb edən, əksi olduqda isə ustanın səbrini daşıran tərəfi də var: "Bu iş elədir ki, əvvəlcə karandaşla ölçüləri qeyd edirəm. Birinci dəfə hansısa qabı işləyirəmsə, bu ölçü götürmək məsələsi də bir gün vaxt aparır. İkinci dəfə edirəmsə, artıq bu qədər çətin olmur. İkinci mərhələ kontur qurmaqdır. Bu mərhələdə uşaq gəlib əlini vurub-eləsə, yaxud mən nəsə yanlışlığa yol versəm, yayılma olsa, isti su, aseton ilə silib düzəltmək olur. Geri dönüş olmayan boyamaq mərhələsi isə ən çətinidir. Vitraj boya elədir ki, bir rəng digər rənglərə toxundusa, yayıla-yayıla gedir. Silmək də mümkün deyil. Sildinsə, yamaq kimi qalır. Silib başqa boya vursan belə, hiss olunur. Ona görə, həddindən artıq incə işdir, diqqət tələb edir. Birinci işdə o dediyim hadisə başıma gəlib. Boşqabın üstündə işləyirdim. Rəngdə yanlışlıq etdim, bir az fərqli ton seçmişdim. Cüzi fərq idi. Dedim pozum görüm necə olur? Pozdum gördüm alındı, sonra qırağını düzəlmək istəyirdim, gördüm aləm bir-birinə qarışdı. Qab eləcə qaldı. Armudu stəkan bəzən işin sonuna yaxın sınıb. Belə məqamlar işi görən adam üçün heç də xoş olmayan hallardır. Çünki geri dönüş, səhvi düzəltmək şansın yoxdur. Nə isə oldusa, təzədən sıfırdan başlamalı, başqa bir qab üzərində işləməlisən. Amma indiyə qədər narazı qalan müştəri olmayıb, razı qalıb, təkrar müraciət edənlər var”.


"Bu cür qablar bir həftə vaxt apara bilir”

Ən çox armudu stəkan üzərində işləyir, deyir ki, onların üzərinə naxış vurmaq çox çətindir: "Düz stəkan olanda, eyni ölçü ilə axıra qədər davam edirsən, amma armudu stəkanın hər dairəsi üçün ayrı ölçü götürmək lazımdır. Bu isə balaca qab üzərində böyük iş görmək deməkdir. Bu da, əlavə vaxt, enerji, diqqət tələb edir. Kənardan elə görünə bilər ki, üstünə naxış çəkilib, sadə bir şeydir. Amma çətin işdir. Alınmayanda əsəbiləşirəm də. Bu əsəb də məsuliyyətdən yaranır. Çünki sifarişçi səndən yaxşı iş gözləyir, onu "yolaverdi” şəkildə hazırlayıb təqdim edə bilmərəm. Meyvə qablarının üzərini işləmək isə daha çox vaxt və əziyyət tələb edir. Onları hazırlayanda biləklərim işləmir. Elə bir yer yoxdur qoyum, qabı formaya görə əldə tuturam, bu da qola böyük ağırlıq deməkdir. Bu cür qabların bəzənməsi bir həftə vaxt apara bilir”.


"Hazırlayıb hədiyyə etməyi sevirəm”

İstifadə etdiyi boyaları isə Rusiyadan sifariş edir: "Bizdə bu boyaları bir-iki yerdə tapmaq olur. Ən yaxşısı İtaliya istehsalı olandır. Onu isə bizdə çox baha verirlər. Rusiyadan sifarişlə gətirəndə, qymətdə 20 faiz fərq edir. Mən bu boyaları çox işlədirəm deyə, baha qiymətə almaq sərf etmir. Yoxsa qabın qiymətini də artırmağa məcbur olacağam. Rusiyada bu işlə məşğul olanların sayı çoxdur, ona görə, bazarda boya çoxdur, qiymət də aşağıdır. Orda tək qab deyil, vitrajın müxtəlif növləri də məşhurdur. İnsanlar peşəkar yox, həvəskar olaraq bu boyalarla bağ və evdəki əşyaları bəzəyirlər”.

Əl işləri hazırlayan adamdan hər kəs hədiyyə olaraq da nəsə istəyir. Amma vaxt edib hazırlamaq məsələsinə gəlincə, Əminə deyir ki, buna çox da vaxtı qalmır: "Çox dost-tanış deyir ki, səndən heç nə istəmirik, o əl işindən birini hazırlayıb hədiyyə etsən bəsdir. Əslində, etmək də istəyirəm, amma buna vaxt yetmir. Çünki uşaqlar var, əsasən, onlar yatandan sonra işləyirəm, ABAD-dan da sifarişlər gəlir deyə, onları da vaxtında təhvil vermək məsələsi var. Sifarişlərə görə dost-tanışın hədiyyə məsələsini heç də həmişə çatdıra bilmirəm. Həm də davamlı məşğul olanda, gözlərim də çox yorulur. Amma imkan olduqca hazırlayıb hədiyyə etməyi sevirəm”.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər