• çərşənbə axşamı, 19 mart, 14:07
  • Baku Bakı 8°C

Naxçıvanın özəllikləri və gözəllikləri

12.09.13 08:45 3789
Naxçıvanın özəllikləri və gözəllikləri
Naxçıvan Hava Limanında gördüyüm bir mənzərə bu qeydlərə təkan verdi, nələrisə yadıma saldı. Ayağı şikəst cavan oğlanı xüsusi qurğulu maşına qoydular, həmin maşın təyyarəyə yaxınlaşıb cavanı ora təhvil verdi. Cavanın üzündə təbəssüm vardı. Ona göstərilən qayğıdan çaşmış və şikəstliyini unutmuşdu.
Mən bu cür mənzərəni xarici aeroportlarda görmüşdüm və şikəstlərə yaradılan şəraitə paxıllığım tutmuşdu. «Bizdə niyə belə olmasın?» -deyə ürəyimdə dəfələrlə düşünmüşdüm. Və oldu da.
İndi Azərbaycan və onun bir parçası olan Naxçıvan gözlərimiz önündə tikilir, canlanır, abadlaşır.
İlk dəfə Naxçıvana 1996-cı ilin avqustunda getmişdim. «Azadlıq» radiosunun müxbiri kimi eks-prezident Əbülfəz Elçibəydən müsahibə almağa. Qayıdandan sonra «Barı Naxçıvan, yoxsa Naxçıvan barı» adlı yazı da yazmışdım. Təxminən belə: Naxçıvandan Bakıya bilet almaq hələ uçmaq demək deyil. Bileti qeydiyyatdan keçirmək də uçmaq deyil. Təyyarəyə oturmaq da uçmaq deyil.
Şəhərin hava limanı bərbad gündəydi. Təyyarəyə minmək üçün min bir əzaba qatlaşmalıydın.
Məqaləyə reaksiya müsbət oldu. Aeroport işçiləri cəzalandırıldı, yenilərilə əvəz olundu.
İndi o günlər geridə qalıb. Naxçıvan Hava Limanı çox müasirləşib, çağdaş tələblərə cavab verir. Uçduğumuz təyyarə təptəzəydi. AZAL-a təşəkkürlər. Hələ bir neçə il öncə Türkiyəyə, Qarsda konsulluğumuzun açılışına gedəndə, 2009-cu ildə Naxçıvanın 85 illiyinə dəvət olunanda da şəhərin geniş, təmiz küçələri məni sevindirmişdi. İndi də eləcə. Bura bir az Yeni Aşqabada oxşayır. Yol xidmətçiləri hər səhər və axşam küçələri təmizləyir, maşınlar yolları sulayır. Yolda bir çöpə də rast gəlməzsən.
1999-cu ildə Fransaya, Strasburqa gedəndə meşələrə, yollara baxıb köks ötürmüşdüm. Sanki meşədəki ağacların yarpaqları tökülmürdü, yollarda maşınlar yox, tozsoranlar və süpürgələr hərəkət edirdi. Bu qədər təmiz yol olmaz ki… «Bizdə niyə olmasın?» - deyə düşünmüşdüm. Və oldu da.
Hər şənbə günü Naxçıvanda iməcilikdir. Əli bel tutan dövlət qulluqçuları, müəllimlər öz küçə və qapısını təmizləyir. Burada hər bir işçi mənsub olduğu idarənin bağçası ilə fəxr edir. Niyə də etməsin ki…Hər tərəf yaşıllıq və gül-çiçək.
Yeri gəlmişkən, İsrailin suvarma təcrübəsi Naxçıvanda da tətbiq olunub. Boz çöllüklə uzanan yolların kənarında ağaclar əkilib. Damcı üsulu ilə suvarılır. Bir az keçməz ki, boz çöllüklərdən əsər-əlamət qalmaz. Şənbə günləri ağacların dibi yumşaldılır, sulanır.
Düzdü, bu iməciliklər adamların istirahətindən kəsilir, amma yaxşı, abad ölkədə yaşamaq istəyirsənsə, hər əzaba qatlaşmalısan. Bu ölkə sizin özünüzçün qurulur. İş olan yerdə isə, necə deyərlər, əyər-əskik də olacaq. Qorxulusu ətalətdir. Vətən işgüzarların çiynində ucalır.
Naxçıvanlı dostlarım hər şeyin – ərzaqdan tutmuş sementə qədər Muxtar Respublikada istehsal olunduğunu deyir və açıq-aşkar qürurlanırlar. Naxçıvan dağları rəngbərəngdir. Kərpici daha İrandan almırlar. Hər rəngdə kərpic istehsal edirlər, rəng qatmağa ehtiyac da yoxdur. Xeyir vətənə və onun insanlarına qalır.
Belə bir münasibəti İsraildə gördüm. Onlar vətənlərilə açıq-aşkar fəxr edirdilər. Vətənlə fəxr etməsən, yağılar onu əlindən alacaq. Bu müsibətləri başımız çox çəkib.
Azərbaycanın basılmaz qalalarından sayılan Naxçıvan öz dağları və insanları kimi məğrurdur. Vətən öz vətəndaşlarına oxşayır. Çünki vətən –anadır. Oğulsa valideynə bənzəməlidir.
Müəllim və şagirdlərin öz fomaları var. Aralıdan tanımaq olur: ağ kofta (köynək) və qara yubka (şalvar).
Dövlət məmurunun iş vaxtı, yaxud cəmiyyət içində açıq-saçıq geyinməsi yasaqdır. Məmursansa, ona da uyğun geyinməlisən. Azad həyat istəyirsən, onda dövlət işinlə vidalaş. Uşaqlar örnəklərlə böyüyürlər.
Burda maşınlar təkəm-seyrəkdir. Çünki hamı iş başındadır.
Maşın siqnalı eşitməzsən. İlk dəfə Londonda bunun şahidi oldum. Şəhərə girişdə tıxac olsa da, o qədər maşından biri siqnal vermirdi. Sanki onların siqnallarını çıxarmışdılar. Onda da paxıllığım tutmuşdu. «Bizdə niyə belə olmasın?» - deyə düşünmüşdüm. Oldu da. Ən azı Naxçıvanda belədir.
Bakının Vasif Talıbovu çatışmır. Siqnal əlindən yatmaq olmur. Yeri gəlmişkən, mən bu barədə cənab nazir Ziya Məmmədova yazıb narazılığımı bildirmişəm. Mənasız bir təsəlli kağızı göndəriblər. Guya düzələcək və guya Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Bəs nə oldu? «Vozduşka»lar öncə pəncərələri, sonra adamın qulağını deşir, əsəblərini cırmaqlayır. Bu cür siqnallardan heç Tayqa meşələrində də istifadə eləmirlər. Minlərlə adam bundan əziyyət çəkir. Mənə elə gəlir ki, Bakıda maşınların siqnallarını çıxarmaq lazımdır. Bura cəngəllik yox, böyük bir ölkənin paytaxtıdır.
Taksilər Bakıdakı kimi adamın qolundan tutub, az qala maşına soxmur. Taksi sürücülərinin öz forması var: harda olursa-olsun, lap uca dağ kəndində. Belə mənzərəni Avropada görmüşdüm. «Bizdə niyə olmasın» -demişdim. Oldu da.
Nəysə, gileydənsə xoşladıqlarımızdan yazaq.
Mən Naxçıvanı Quzey Kiprə bənzətdim: öz landşaftı və relyefinə görə. Türklər Kipri «yavru vətən» sayırlar. Naxçıvan da bizim yavru vətənimizdir. Sərhədlərimizdən aralı düşdüyünə görə.
Bir zamanlar blokada həyatı keçirən, saatlarla işığa, suya, qaza həsrət qalan Muxtar Respublikası indi Arpaçayın hesabına özü enerci istehsal edir, hətta qonşu Türkiyəyə də satmağa hazırlaşır. Burda ən uzaq dağ kəndi də qazlaşdırılıb.
Bu torpaq böyük vətənimizə möhtəşəm simalar bəxş edib. Siyasətçilərdən tutmuş yazıçılara qədər. Ad çəksəm, uzun bir siyahı alınar. Təkcə Müasir Azərbaycan dövlətinin qurucusu, siyasət nəhəngi Heydər Əliyevin və nəsrin sütunlarından biri Jəlil Məmmədquluzadənin adını çəksəm yetərlidir. Vətən siyahı ilə yox, qeyrətli oğulları və zənginliklərilə öyünməlidir və öyünür də.
«Haça dağ» Naxçıvanın yolgöstərəni (mayakı), «Mömünəxatun» türbəsi pasportudur.
Nuhun məbədini görmüşdüm. Arzum «Əshabi-kəf»i ziyarət eləmək idi. İstəyimə çatdım da. Möhtəşəm ziyarətgahdır. Səliqə-səhman, təmizlik. Adamın ürəyi açılır. Ziyarətgahın girişindəki lövhədə Qurandan ayələr yazılıb. Bəzən adamlara adi mətləbləri müqəddəs sözlərlə başa salmaq lazımdır. Çünki belə asan olur.
Duzdağ tamam başqa bir əfsanədir. Əziz bir yaxınım Duzdağda müalicə olunurdu. Öncələr oranı görmüşdüm, amma bu dəfə yaxından tanıyası oldum. Sovetlər dövrünün ən yaxşı ənənələri burda qorunur: təmizlik, səliqə-səhman, həkim intizamı. Vətənimizin və dünyanın müxtəlif guşələrindən bura şəfa tapmaq üçün gəlirlər və tapırlar da.
Ordubadı ziyarət eləməmək günah olardı. Tarixdən əsl müsəlmanların yaşadığı bölgə kimi tanınan Ordubad öz qədimliyilə seçilir. Hələ «Şah Abbas» romanını yazarkən bu bölgənin tarixinə vurulmuşdum. Şah Abbasın baş vəziri Hətəm xan bir zamanlar burda abad işlərlə ad çıxarıb.
Ordubad Jümə Məscidi bir neçə dəfə təmir olunub, yenidən qurulsa da, Şah Abbasın məşhur fərmanı yenə də lap başda qoyulub, divara hörülüb. Bu fərmanla o, Ordubad əhalisini əsl şiə olduğuna, dövlət və vətən yolunda göstərdiyi şücaətə görə bütün növ vergilərdən azad edib.
Akademk Yusif Məmmədəliyevin ev-muzeyində olduq, bura yenidən təmir olunur, Azərbaycan tarixi romançılığının banisi Məmməd Səid Ordubadinin muzeyinə də baş çəkdik, amma iş vaxtı qurtardığından oranı gəzə bilmədik.
Ordubadda təmirə ehtiyacı olan qədim binalar çoxdur. Mənə izah elədilər ki, şəhərin küçələri dar olduğundan burada təmir-bərpa işləri aparmaq çətindir, amma belə bir niyyət var.
Dostlar sağ olsunlar. Həmin günlər qayğılarını bizdən əsirgəmədilər. Yeri gəlmişkən, AYB-nin Naxçıvan filialı üçün gözəl şərait yaradılıb. Şəhərin mərkəzində yerləşən binada səkkiz otaq verilib. Öncələr iki otaqda yerləşən Naxçıvan Yazarlar Birliyi indi azadlığa çıxıb: öz iclas zalları, kitabxanaları, kabinetləri, gənclər otağı.
Gümüş gölün ətrafını dolandıq, burada salınmış yaşıllıq zolaqları ilə tanış olduq. «Gümüş göl əfsanəsi» filmi burada çəkilib.
Şərur münbit torpağı ilə seçilir, Muxtar Respublikanı ət məhsulları və meyvə ilə təmin etmək gücündədir.
Naxçıvanın rəngbərəng farel balıqları dillər əzbəridir. Burada balıqçılıq sürətlə inkişaf edir.
Möhtəşəm və qədim Araz qürub edən günəşin şəfəqləri altında bərq vurur, sanki bəyaz bir karvan harasa köç edir.
Naxçıvanlıların qonaqpərvərliyi hər addımda özünü göstərir. Bizi hər şeyə qonaq etdilər – yeyib-içməkdən tutmuş, bolluca söhbətə qədər…
Muxtar ölkədə olarkən burada yetişib boya-başa çatmış naxçıvanlı dostların bəzilərilə telefonla hal-əhval tutduq, hamısı öz köməyini təklif elədi. Sağ olsunlar…
Bakıya döndükdən sonra təsadüfən bir tanışımı gördüm. Mərhum şair Polad İlyasın adını daşıyan 13 yaşlı nəvəsi öz xəstəliyi və ailəsinin problemlərilə bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib və ondan dəstək alıb. «Çox adama müraciət elədik, amma ən ciddi reaksiyanı Talıbov verdi» - deyə tanışım toxtaqcasına dedi, sanki, bütün problemləri həll olunmuşdu.
Hə, indi yadıma düşdü. Naxçıvan aeroportundakı şikəst oğlanın üzündəki təbəssüm həm də minnətdarlıq əlamətiydi: böyük vətənimiz Azərbaycana, yavru vətənimiz Naxçıvana və Azərbaycan Hava Yollarına…
Bakı-Naxçıvan-Bakı
30 avqust - 3 sentyabr 2013
Elçin Hüseynbəyli
banner

Oxşar Xəbərlər