• cümə axşamı, 25 aprel, 10:10
  • Baku Bakı 14°C

Naxçıvanın üçüncü intabahı dövründə muxtariyyətin dördüncü ali təntənəsi

17.01.14 10:46 1962
Naxçıvanın üçüncü intabahı dövründə muxtariyyətin dördüncü ali təntənəsi
Naxçıvan Muxtar Respublikasının yubileylərinin qeyd olunması ilə bağlı son 18 il ərzində imzalanan 4-cü sərəncam bu intibahın memarı üçün ələmatdar günə təsadüf etdi. Əslində bu bir təsadüfdən daha çox, vətənini qəlbən sevən, adı müasir Naxçıvan ilə eyniləşən Heydər Əliyev dühasının ali siyasi xəttinin muxtariyyətdə layiqli icraçısının fəaliyyətinə verilən qiymət idi.
On səkkiz ildir ki, Naxçıvan tarixinin üçüncü intibah dövrünü yaşayırıq. Bu intibah dövrü müstəqil Azərbaycanın 1993-cü ildən başlayan inkişafının və tərəqqisinin, intibahının ayrılmaz tərkib hissəsidir. Onun xarakterik xüsusiyyətləri isə Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə baxmayaraq, ümummilli inkişaf proseslərindən bəhrələnməsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları müəyyənləşdirilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla inkişaf etdirilən inkişafın Naxçıvan modelinin əsas uğuru blokada şəraitində, ölkənin əsas ərazisi ilə birbaşa əlaqənin olmadığı şəraitdə belə, inkişafı təmin etməsi, eyni zamanda inkişafın sistemli xarakter daşıması və sürətli təkamül yolu ilə getməsindədir.
Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Məhz bütün bunlar – iqtisadi sahə ilə yanaşı, ictimai həyatın bütün sahələrində gedən kompleks inkişaf prosesləri tariximizin ən yeni dövrünü məhz Naxçıvan tarixinin üçüncü intibah dövrü adlandırmağımıza imkan verir.
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam təkcə tarixi yubileyin təntənəli qeyd olunması ilə bağlı rəsmi dövlət sənədi deyil, həm də naxçıvanlıların milli istiqlal ideyalarına bağlılığına, Naxçıvanda həyata keçirilən işlərə, intibah proseslərinə verilən layiqli qiymətdir. Sərəncamdan sitat gətirdiyimiz bu fikir həmin qiymətin nə qədər böyük olduğunun təzahürüdür: “Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.
Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində Naxçıvan Muxtar Respublikasının yubileyinin keçirilməsi ilə bağlı ilk dəfə 1999-cu il fevral ayının 12-də xalqımızın ümummilli lideri Heydər Əliyev fərman verib. Bu fərman gələcək yubileylərin qeyd edilməsi haqqında veriləcək bütün tarixi-siyasi sənədlər və qərarlar üçün istinad nöqtəsi olmaqla, muxtariyyətin yubileylər tarixinin ən ali sənədidir. Çünki onun altında bütün dövrlərin ən böyük azərbaycanlısının – Heydər Əliyevin imzası var.
Cənab Prezident İlham Əliyev isə Naxçıvanın 90 illik yubileyi ilə bağlı sərəncamı da imzalamaqla həm də Naxçıvan Muxtar Respublikasının yubileylərinin keçirilməsi haqqında ən çox sərəncam imzalayan Prezident kimi tarixə düşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı ilk sərəncamı 2004-cü ilin 9 fevralında Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi ilə əlaqədar olaraq imzalayıb. “Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında” 6 fevral 2009-cu ildə imzalanan Prezident Sərəncamının altında da məhz dövlət başçısı cənab İlham Əliyevin imzası var. Naxçıvanın üçüncü intibahı dövründə muxtariyyətin dördüncü ali təntənəsinin qeyd olunmasını da məhz cənab İlham Əliyevin imzası təsdiq etdi.
Mübarək muxtariyyətin mübarək, Naxçıvan!
Elnur KƏLBİZADƏ
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
banner

Oxşar Xəbərlər