Naxçıvanın musiqi mədəniyyətinin inkişafında Hacıbəyovlar nəslinin xidməti
Əsrlərin yadigarı olan Naxçıvanın tarixi
abidələrinin üzərindəki musiqi alətlərinin təsviri bu torpağın musiqi mədəniyyətinin
çox-çox qədimliyindən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, musiqi alətlərinin
rəsminə muxtar respublikamızın ucqar rayonlarından olan Şahbuz, Ordubad və Culfa ərazisində də rast gəlinib və
qeydə alınıb. Bu cür rəsmlər qəbirüstü
daş kitabələrdə də tapılıb.
Öz sənətinin incəliklərinə yiyələnmiş,
el arasında məşhurlaşmış musiqiçilərin, tanınmış sənətkarların ölümündən sonra, qəbirlərin üzərində onların
şərəfinə qoyulan abidələrdə, vəfat etmiş şəxsin sənətini əks etdirən alətlərin
təsviri həkk edilmişdir.
Qədim Naxçıvan torpağında böyük sənət
adamları, ustad ifaçılar, görkəmli səhnə ustaları mədəniyyət tariximizi inkişaf
etdirmişlər. Bu sahədə əvəzsiz xidmətlər göstərən Hacıbəyovlar nəslinin adı muxtar
respublikamızın mədəniyyət tarixinə qızıl hərflərlə həkk olunmuşdur.
Muxtar Respublikamızın mədəni həyatı ilə
ilkin olaraq Maestro Niyazinin
atası Zülfüqar Hacıbəyov maraqlanmış və
diqqətəlayiq işlər görmüşdür. Zülfüqar Hacıbəyov ilk dəfə 1910-cu ildə Naxçıvana qastrol səfərinə gəlmiş və burada
Üzeyir Hacıbəyovun "Məşədi İbad” əsərini tamaşaya qoymuşdur. Bundan əlavə o,
bir neçə il Naxçıvanda fəaliyyət göstərərək dəyərli işlər görmüşdür.
Zülfüqar Hacıbəyov 1920-ci ildən
başlayaraq bir neçə il Mirzə Əbdülqasım Sultanovun evində yaşamışdır. Bu illərdə
o, eyni zamanda Tiflis teatrı ilə də əlaqə saxlayırdı. O, aylarla Tiflisdə
qalmalı olurdu. Elə həmin il bəstəkara xoşbəxtlik üz verir. Onun ilk oğlu - gələcək
bəstəkar-dirijor, maestro Niyazi dünyaya gəlir.
Zülfüqar Hacıbəyov yerli truppa ilə gərgin
işə başlayır. O, Ü. Hacıbəyovun "Məşədi İbad” və özünün "Əlli yaşında cavan” əsərlərini
tamaşaya qoyur. Onu da qeyd edək ki, bəstəkar özünün "Evliykən subay”
operettasını Naxçıvanda olarkən
tamamlamışdır. Bu operetta 1912-ci ilin mart ayında Naxçıvan şəhərində tamaşaya
qoyulmuşdur. 1910-cu illərə qədər Azərbaycan qadınlarını teatrda görmədiyimiz
bir halda, Naxçıvanda qadınlar üçün təşkil edilmiş teatr salonu həmişə
başdan-başa qadınlarla dolu olurdu. Sözsüz ki, bu cür hallar Hacıbəyovların əvəzsiz
xidmətləri nəticəsində mümkün olurdu. Zülfüqar Hacıbəyov, eyni zamanda, Naxçıvanda şərq
musiqisindən ibarət məclislər də keçirərdi. O, xalq çalğı alətləri ifaçıları ilə
mütəmadi olaraq məşqlər aparır, eyni zamanda dram dərnəyi üzvlərinin musiqi təliminə
böyük diqqət verir, ifaçıların zövqünü və
bacarığını inkişaf etdirmək üçün əlindən gələni əsirgəmirdi. Z.Hacıbəyov
1920-ci ildə "Ər və arvad” operettasından parçaları tamaşaya hazırlayırdı. Əsərdəki
əsas obrazlardan birini mərhum Məmmədtağı Sidqinin oğlu Paşa Səfərova, Mərcan bəyin
arvadı Minnət xanımın rolunu isə Antonina adında bir rus qızına tapşırmışdı.
Tamaşa çox maraqla qarşılanmış, Paşa Səfərov öz rolunu məharətlə oynamışdır.
Bu da musiqi tariximizdə silinməz bir
faktdır ki, Zülfüqar və Üzeyir Hacıbəyovların operettalarının Naxçıvan
teatrında tamaşaya qoyulması böyük mədəni hadisəyə çevrilmiş, bu tamaşalar mədəniyyətin
inkişafında mühüm rol oynamışdır. Bu operettalar oynanılan günlərdə Naxçıvan
teatrı ağzına kimi dolu olmuş, hər kəs özü üçün bu əsərlərdən ibrət dərsi
almışdır. 1917-ci ildə Z.Hacıbəyov Naxçıvan teatrında Ü.Hacıbəyovun "Məşədi
İbad”, "Ər və arvad” musiqili komediyaları ilə yanaşı, özünün "Əlli yaşında
cavan” əsərini, eyni zamanda, dövrünün bir sıra digər sənətkarlarının əsərlərini
də tamaşaya qoymuşdur.
1917-ci il oktyabrın 18-də Ü.Hacıbəyovun
"Arşın mal alan” musiqili komediyası Rza Təhmasibin rəhbərliyi ilə yeni quruluşda
tamaşaya qoyulmuşdur. Tamaşada Əsgər
rolunu Rza İsfəndiyarlı, Gülçöhrəni Teymur Qasımov, Asiyanı Mirhəsən Mirişli,
Süleyman rolunu Həsən Səfərli, xalanı
Muxtar Nəsirov, Tellini Heydər Muradov, Vəlini Qurbanəli Abbasov, Soltan bəyi Əli
Xəlilov ifa edirdilər. Belə tamaşaya qadınlar xüsusi ilə həvəs göstərirdilər.
Məşhur müəllim və yazıçı Rəşid bəy Əfəndiyev
1917-ci ilin axırında Naxçıvanda qızlar məktəbinin müdiri vəzifəsində çalışarkən,
həmin məktəbin müəlliməsi, qadınların maarifləndirilməsi yolunda var qüvvəsi ilə
çalışan Nazlı xanım Nəcəfova Rza Təhmasibin köməkliyi ilə məktəbin qızlardan
ibarət dram dərnəyini yaratdı. Bu, Naxçıvan tarixində görünməmiş mədəni inqilab
idi. Naxçıvan dram teatrının aktyorları və qabaqcıl fikirli ziyalılar dram dərnəyinə
köməklik göstərirdilər. 1917-ci ilin noyabr ayının 12-də qadınlar üçün "Arşın
mal alan” musiqili komediyası göstərildi. Zal qadınlarla dolu idi. Tamaşada
rolları ifa edən xanımlar - Soltan bəy - Süsən Sultanova, Cahan xala - Gövhər Kəngərli,
Süleyman - Asiya Məmmədəliyeva, Vəli - Xanım Vəzirova, Gülçöhrə - Dilbər
Sultanova, Əsgər - Günəş Kəngərli, Asiya - B.Naxçıvanskaya, Telli - Fatma
Şeyxova öz rollarının öhdəsindən gəldilər
və tamaşaçılar tərəfindən hərarətlə alqışlandılar.
Naxçıvanın mədəni həyatında mühüm rol
oynamış Hacıbəyovların yaradıcılığına günü-gündən yerli əhali arasında maraq
daha da artırdı. Bunu nəzərə alan Səməd
Mövləri 1922-1923-cü illərdə Ü.Hacıbəyovun "Əsli və Kərəm”, "Leyli və Məcnun”,
"Şah Abbas və Xurşud Banu”, Z.Hacıbəyovun "Aşıq Qərib” operalarını tamaşaya
qoymuşdur. 1938-ci ilin əvvəllərində Naxçıvan əhalisi dahi bəstəkarımız Ü.Hacıbəyovu
deputat seçir. Onu da qeyd edək ki, Ü.Hacıbəyov Naxçıvanın mədəni həyatı ilə
yaxından maraqlanmış və onun inkişaf etdirilməsinə səylə çalışmışdır. Məhz
bunun nəticəsidir ki, Ü.Hacıbəyov tərəfindən 1938-ci ildə Muxtar Respublikada
professional musiqinin inkişaf etdirilməsinə yol açan 1 saylı musiqi məktəbi fəaliyyət
göstərməyə başladı. Dahi bəstəkarımız həmin məktəbə bir ədəd piano
bağışlamışdı. Bu məktəb Muxtar Respublikanın mədəni həyatında mühüm rol oynadı.
Çox keçmədi ki, bu məktəbin yetirmələri Bakı Musiqi Texnikumunda təhsillərini
davam etdirmək imkanı qazandılar. Həmin illərdə təhsilini davam etdirən tələbələrdən
biri də Məmməd Qəzənfər oğlu Məmmədov
olmuşdur. O, təhsil illərini bu cür xatırlayırdı: ”Musiqi texnikumunun
1-ci kursunda oxuduğum vaxtda bərk xəstələnmişdim. Musiqi texnikumuna rəhbərlik
edən böyük şəxsiyyət, dahi bəstəkarımız, gözəl, xeyirxah insan Ü.Hacıbəyovun
qayğısı nəticəsində məni xəstəxanaya apardılar. O, dolanışığımla maraqlandı, mənə
maddi, mənəvi cəhətdən bir ata kimi köməklik göstərdi. Xəstələnməyimdən xəbər
tutan atam Bakıya gəlib, hansı xəstəxanada olmağım barədə məlumatı Ü.Hacıbəyovdan
alır. Ü.Hacıbəyov atamın cibinə pul qoyur, işçilərindən birinə tapşırır ki, atamı
mənim yanıma - xəstəxanaya aparsın. Kaş, Üzeyir bəy kimi insanlar çox olardı”.
1946-cı ilin əvvəllərində Naxçıvan Dövlət Teatrının işçiləri Üzeyir Əbdülhüseyn
oğlu Hacıbəyovu Naxçıvan seçki dairəsindən SSRİ Ali Sovetinin Millətlər Sovetinə
deputatlığa namizəd göstərmişlər. Həmin müddət ərzində Ü.Hacıbəyov Ordubad şəhərində
olmuş, oranın mədəni həyatı ilə maraqlanmışdı. Ordubadda yeganə tar ifaçısı
olan Məmməd Qəniyevi Azərbaycan Dövlət Konservatoriyasına aparmış, ona tar
ixtisası üzrə təhsil vermişdir.
Hacıbəyovlar nəslinin başqa bir nümayəndəsi,
maestro Niyazi də Naxçıvanın mədəni həyatı ilə əlaqəli olmuşdur. O, 1974-cü ildə
Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyinə həsr olunmuş dövlət
konsertinin hazırlanmasına rəhbərlik etmişdir. Bu vaxt o, həm də Naxçıvan
musiqiçilərinin problemləri ilə maraqlanmış və onlara dəyərli məsləhətlər
vermişdir. Maestro Niyazi yubiley ərəfəsində
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə müraciət edərək bildirmişdir ki,
Naxçıvanda Musiqi Texnikumunun açılmasına köməklik göstərsin. Çox keçmir ki,
1975-ci ildə ulu öndərin qayğısı nəticəsində Naxçıvanda Musiqi Texnikumu fəaliyyət
göstərməyə başlayır. Bunu da qeyd edək ki, bu məktəbin açılışında Niyazinin özü
də iştirak etmişdir. Bu məktəb uzun illər dahi bəstəkarımız Ü.Hacıbəyov adına
Musiqi Texnikumu kimi fəaliyyət göstərmişdir. Niyazi həmişə Naxçıvanın
musiqiçiləri ilə maraqlanmış, onlara öz köməyini göstərmişdir. Mədəniyyət
tariximizi izləyərkən rastlaşdığımız bütün bu faktlar göstərir ki, Azərbaycan
musiqisinin inkişafında əvəzsiz xidmətləri olan Hacıbəyovlar nəsli
Naxçıvanda musiqi mədəniyyətinin yüksəlməsinə
də böyük töhfə vermişlər.
Bənövşə Rzayeva,
Naxçıvan Bəstəkarlar Təşkilatının üzvü