• cümə, 29 Mart, 18:54
  • Baku Bakı 14°C

Naxçıvandan Danimarkaya uzanan yol - Reportaj

23.11.18 09:30 1506
Naxçıvandan Danimarkaya uzanan yol - Reportaj
Hazırda xaricdə təhsil almaq, yaxşı və tanınmış şirkətlərdə işləmək bir çox gəncin arzusudur. Bu arzusu yerinə yetənlər də az deyil. Onların təcrübələrini bölüşdüyü təlimlər, seminarlar isə digərləri üçün həm bilgidir, həm də motivasiya. Belə təlimlərdən biri də "Facebook”a necə işə düzəldim?” adı altında oldu. Sualdan da hiss olunur ki, təlimçi dünyanın məşhur "Facebook” şirkətinin Danimarka ofisində çalışan bir şəxs – həmyerlimiz Emil Məmmədovdur.
Seminarın keçirildiyi məkanda qapıdan girərkən qeydiyyat şöbəsində gənclərin çox olduğunu görüb marağın böyük olduğunu anladıq. Əslində, ilk olaraq gənclərlə həmsöhbət olub seminara gəlmək məqsədləri, burdan gözləntiləri ilə bağlı danışmaq istədik, amma başlarının qeydiyyata qarışıq olduğunu görüb, təşkilatçılarla söhbətləşmək qərarına gəldik. Layihənin təşkilatçısı olan "Dərs evi”nin marketinq meneceri Əfşan Abdullayeva deyir ki, bu kimi təlimləri tez-tez keçirirlər: "Belə tədbirlər keçirməkdə ilk olaraq özümüz maraqlıyıq. Çünki istəyirik ki, gənclərimizin inkişafı üçün nə isə edək. Böyük məqsədlər uğrunda böyük addımlar atmaları üçün onları motivasiya edəcək təlimçilərlə görüşdürürük. Bu gün də dünyanın ən tanınmış və böyük şirkətlərindən biri olan "Facebook”da işə başlayan həmyerlimizi gənclərin görüşünə dəvət etmişik”.


Artıq başlama vaxtıdır. Amma seminara keçməzdən öncə təlimçi haqqında qısa məlumat verildi. Emil Məmmədov 1992-ci ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini doğulduğu şəhərdə alan Emil, bakalavr və magistr təhsili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçir, orda İstehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi fakültəsində təhsil alır. Emil Azərbaycanda magistraturanı qiyabi oxuduğu üçün paralel şəkildə Londonda da təhsil almaq imkanı yaranır. Beləcə, o işlədiyi şirkətin köməkliyi ilə xaricdə təhsilini davam etdirir.
Şirkətlərə yazırdım ki, mənə ödənişsiz təcrübə imkanı yaratsınlar
Emil söhbətə bakalavr təhsili dövründən danışmaqla başladı: "Bakalavr təhsili dövrü gənclərin həyatında olduqca önəmlidir. Hansı universitetə, neçə balla qəbul olmağınızdan çox həmin 4 ili necə dəyərləndirəcəyiniz əsasdır. Mən birinci kursun yay tətildən fəaliyyətə başladım. Həmin dövrdə fəaliyyət göstərən bütün şirkətlərə yazırdım ki, mənə ödənişsiz təcrübə imkanı yaratsınlar. Beləcə, ölkəmizdə fəaliyyət göstərən bir neçə şirkətdə təcrübə keçmək imkanım oldu”.

Bir yerdə maksimum beş il işləmək lazımdır
Karyerasına Azərbaycanda olan böyük şirkətlərdən birində başlayan Emil bəy düşünür ki, bir yerdə beş il işləmək kifayətdir: "Dörd il yarım bir şirkətdə mühəndis işlədim. Həmin dövr ərzində Norveç, Şotlandiya, İngiltərə, Almaniya və Gürcüstanda keçirilən seminarlarda iştirak edirdim. Bunun da karyerama çox böyük qatqısı olurdu. Xaricdə olarkən oradakı iş mühiti, həyatla tanış oldum və zamanla işimi və təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Həm də düşünürəm ki, bir yerdə maksimum beş il işləmək lazımdır. Daha sonra fəaliyyətini başqa şirkətdə, başqa mühitdə davam etdirmək daha labüddür. Çünki uzun müddət bir yerdə fəaliyyət göstərmək insanı passivləşdirir, öz üzərində işləmək prosesini ləngidir. Amma yeni iş yeri, yeni mühit insanı daim nələrisə araşdırmağa, öyrənməyə sövq edir”.
İnsan ya gərək sevdiyi işi görə, ya da gördüyü işi sevə
Çıxışçı daha sonra beynəlxalq arenaya çıxmağın, xarici şirkətdə işləməyin şərtlərindən danışdı: "Harada, hansı xarici şirkətdə işləməyinizdən asılı olmayaraq, ilk növbədə ingilis dilini bilməlisiniz. Həmçinin, gördüyünüz işi də sevməlisiniz. Bəziləri sırf xaricə çıxmaq üçün nələrsə edir, ancaq elə olmamalıdır. Harada işləməyindən asılı olmayaraq, işini sevməlisən. Mən həmişə deyirəm ki, insan ya gərək sevdiyi işi görə, ya da gördüyü işi sevə. Əks halda uğurlu olmaq çətindir. Uğurlu olmayan insan isə xoşbəxt ola bilmir. İş seçimi həyat yoldaşı seçimi qədər önəmlidir. Çünki günümüzün böyük bir hissəsini həmin məşğuliyyətlə keçiririk. Bu, bizə zövq verməsə, işimizdə irəliləyə bilməyəcəyik”.

"Facebook”a iş üçün müraciət edəndə bu şəbəkədə profilim yox idi
Emil bəy "Facebook” şirkətində işə başlamasından da danışdı. Sən demə, işə qəbul olanda onun heç bu sosial şəbəkədə profili belə yoxmuş: "Bir müddət işlətmişdim amma, 4 il əvvəl feysbukdakı profili silmişdim. Yəni, elə də aktiv istifadəçi deyildim. Sadəcə, iş üçün müraciət edəndən sonra məcburən yenidən sosial şəbəkəyə qayıtdım. İlk olaraq şirkətin karyera saytına daxil olub mənə uyğun vakansiyalara müraciət etdim. İxtisasım mühəndislik olduğu üçün elə orada da mühəndislik sahəsi üzrə qeyd edilən iş elanlarına qeydiyyatdan keçdim. Bir müddət sonra mənimlə əlaqə saxlayıb müraciətimi qeydə aldıqlarını və müsahibə mərhələsinə keçdiyimi bildirdilər. Müsahibə mərhələsi bir az uzun oldu. Çünki ilk olaraq mənimlə bir saatlıq telefon danışığı, daha sonra görüntülü müsahibə oldu. Bunlardan sonra məni Danimarkaya dəvət etdilər. Orada da tam 5 saat fasiləsiz müsahibədə oldum. Yəni, əslində, bu 5 saat fasiləsizlik mənə aiddir. Çünki Danimarkadakı ofisdə olan müsahibədə də hərəsi bir saat olmaqla 5 ayrı şəxslə söhbət etdik. Onlar vaxtları tamam olduqca gedir, yerinə bir başqası gəlirdi. 5 saat dayanmadan məni hərtərəfli şəkildə sual-cavab etdilər. Daha sonra mənimlə yenidən əlaqə saxlayıb uyğun namizəd kimi bəyəndiklərini dedilər və ən sonda işləyəcəyim ofisin rəhbəri ilə müsahibəyə çağırdılar. Beləcə, həmin müsahibədən də uğurla keçərək işə başladım”.
İş müsahibəsində səmimi olun
İştirakçılardan biri Emil bəydən bu tip şirkətlərdə çalışmaq üçün beynəlxalq sertifikatların, diplomun nə qədər önəmli olduğunu soruşdu: "Digər şirkətlər üçün bunun keçərliliyini bilmirəm, amma "Facebook”da bununla bağlı bir tələb olmadı. Yəni, bayaq qeyd etdiyim kimi, o qədər müsahibədən keçirsən ki, onlar üçün artıq sənin bilik səviyyən bəlli olur. Onu da qeyd edim ki, şəxsən məndən diplomumun olub-olmadığını, hansı fakültəni bitirdiyimi soruşmadılar. Sadəcə, müraciət etdiyim iş üzrə sual-cavab etdilər. Hər şeyi dərinliyinə qədər soruşur, insanın hansı biliyə malik olduğunu tam dəqiq bilirlər. Bir də məsləhət görərdim ki, istənilən iş müsahibəsində səmimi olun. Nəyisə bilmirisinizsə, deyin ki, bilmirəm. Onsuz da zəif nöqtələriniz müsahibədə özünü dərhal büruzə verəcək”.
Ailə üçün yaşam şərtlərini və ümumilikdə insanlarını araşdırmışdım
Maraqlıdır, yeni işə düzəlmişkən və işin bu qızğın vaxtında Emil bəy nə əcəb Danimarkada yox, ölkəmizdədir: "Danimarkada iş və yaşayış şərait kifayət qədər yaxşıdır. İş saatları çox deyil. Maksimum 6-7 saat işləyirlər. "Facebook” şirkəti də çox humanist, işçilərinə hörmətlə yanaşan qurumdur. Məsələn, bizim ölkəmizdə atalıq məzuniyyəti yoxdur, olsa belə 3 gündür. Amma orada 4 aydır. Bu yaxınlarda qızım dünyaya gəldiyi üçün mənə məzuniyyət veriblər. Bəzən mənə sual verilir ki, nəyə görə məhz Danimarkadakı regional ofisi seçdim. Əlbəttə, bunun bir neçə səbəbi vardı. Getməmişdən öncə Danimarkadakı yaşayış şəraitini, ailə üçün yaşam şərtlərini və ümumilikdə, insanlarını araşdırmışdım”.
İrqçi deyillər, amma aşırı millətçidirlər
Elə bu dəmdə iştirakçılardan biri çıxışçıdan iki ölkənin insanları arasında hansı fərqləri müşahidə etdiyini soruşdu: "Ciddi fərqlər olduğunu deməzdim, əksinə, oxşar cəhətlərimiz daha çoxdur. Məsələn, onlar da çox qonaqpərvər, ailəcanlı insanlardırlar. Hətta, iş saatı bitən kimi hamısı ailələri ilə birlikdə vaxt keçirmək üçün evə tələsirlər. Yəni, iş vaxtı bitibsə, onları heç kim 1 dəqiqə belə, işdə saxlaya bilməz (gülür). İrqçi deyillər, amma aşırı millətçidirlər”.
Emil bəyin çıxışı bitdikdən sonra seminar iştirakçıların sualları ilə davam etdi.

Günel Azadə

banner

Oxşar Xəbərlər