• cümə, 15 Noyabr, 06:43
  • Baku Bakı 9°C

Naxçıvanda aşkar olunan yeni Neolit abidəsi xüsusi əhəmiyyəti ilə seçilir

22.02.21 18:15 546
Naxçıvanda aşkar olunan yeni Neolit abidəsi xüsusi əhəmiyyəti ilə seçilir
Cənubi Qafqazın, o cümlədən Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ilə Daş dövrünün müxtəlif mərhələləri Paleolit dövründən başlayaraq Neolit dövrünədək öyrənilib. Lakin Mezolit dövrü və Mezolitdən Neolitə keçid mərhələsi kifayət qədər tədqiq edilməyib. Bu baxımdan Cənubi Qafqazda keramikasız Neolit dövrünün öyrənilməsindəki boşluğu dolduran Osmantəpə yaşayış yerinin yeni tapıntıları müəyyən əhəmiyyətə malikdir.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib. Alim bildirib ki, bu yaşayış yeri Şahbuz rayonunun Kükü kəndi yaxınlığında, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşir. Yaşayış yeri hazırda süni gölün sahilində yerləşir və onun bir qismi su altında qalıb. Bu sahədə çoxlu gursulu bulaqlar olduğundan yaşayış yerinin ətrafı indi də maldar əhali tərəfindən yurd yeri kimi istifadə olunur. Bu bulaqların suyunu toplamaq üçün qəza rəisi Şəngirey 1865-ci ildə burada bənd tikdirib və Qanlıgöl su anbarını yaradıb. Bənd tikilərkən yaşayış yerinin bir qismi dağılıb və qismən su altında qalıb.
Yaşayış yeri 2019-2020-ci illərdə Vəli Baxşəliyevin rəhbərliyi ilə araşdırıldığı üçün bu barədə daha ətraflı məlumata sahib olan müsahibimiz tədqiqatların nəticəsi barədə danışaraq qeyd edib ki, apardığımız araşdırmalar zamanı yaşayış yerində 300-dən artıq obsidian əmək aləti aşkar olunub. Onlar arasında 8 nukleus və 159 mikrolit vardır. Mikrolitlərin ölçüsü 1-2 santimetr arasındadır. Yaşayış yerinin üst təbəqəsindən götürülən karbon nümunənin analizi eramızdan əvvəl VI minilliyi göstərib. Bu yaşayış yeri I Kültəpədən sonra Naxçıvanda ikinci qədim Neolit məskənidir.
"Araşdırmalara əsasən demək olar ki, Osmantəpə sakinləri yarımqazma tipli evlərdə yaşayıblar. Bu tip evlər indi də maldar tayfalar tərəfindən istifadə olunur. Qeyd etdiyimiz kimi, arxeoloji materialların əksəriyyəti obsidian məmulatından ibarətdir. Birinci qrupa daxil olan alətlər başlıca olaraq qaşovlarla təmsil olunub. Lakin ikinci qrupda alətlərin çeşidi artıb və müxtəlif alətlər, o cümlədən oraq dişləri meydana çıxıb. Tədqiqat göstərir ki, bəzi alətlər çoxfunksiyalı olub”, - deyən Vəli Baxşəliyev bildirib ki, əmək alətlərinin bənzərləri Mezolit və Erkən Neolit dövrü abidələrindən məlumdur. Qeyd etmək lazımdır ki, qısa saplaqlı ərsinlərin bənzərləri Cənubi Qafqazın Son Neolit dövrü abidələrindən məlum deyil. Bu isə yaşayış yerinin qədim tarixə malik olduğunu göstərir. Əmək alətlərinin tipoloji analizinə əsasən demək olar ki, Osmantəpənin qədim sakinləri başlıca olaraq maldarlıq və yığıcılıqla məşğul olublar. Lakin oraq dişləri və keramika məmulatı istehsal təsərrüfatının mövcud olduğunu təsdiq edir. Osmantəpə yaşayış yerinin tədqiqi Naxçıvanın qədim sakinlərinin hansı yollarla obsidian yataqlarına doğru getdiyini də dəqiqləşdirməyə imkan verir.
AMEA-nın müxbir üzvü vurğulayıb ki, obsidian alətlərin mikroskopik tədqiqi bu yaşayış yerinin obsidianın daşınmasında keçici yaşayış yeri kimi deyil, həmçinin insanların burada müəyyən müddət fəaliyyəti üçün istifadə olunduğunu göstərir. Yaşayış yerində mədəni təbəqənin yığılması da bunu təsdiq edir. Yaşayış yerinin yüksək dağlıq ərazidə yerləşdiyini və burada iqlimin soyuq olduğunu nəzərə alsaq deyə bilərik ki, Osmantəpə yaşayış yeri mövsümi yaşayış yeri kimi istifadə olunub.
Vəli Baxşəliyev deyib: "Keramika məmulatının çox az miqdarda və kiçik parçalar halında aşkar olunması bizcə keramikalı Neolit dövrünün və istehsal təsərrüfatının yenicə başladığını göstərir. Əmək alətlərinin tədqiqi də bunu sübut edir. Demək olar ki, Osmantəpə yaşayış yerinin materialları Mezolitdən Neolitə keçid dövrünü əks etdirir. Araşdırmalar obsidian alətlərin hazırlanmasında başlıca olaraq Göyçə və Zəngəzur obsidianından istifadə olunduğunu göstərir ki, bu da Cənubi Qafqazda, o cümlədən Azərbaycanda keramikalı Neolitin yerli zəmində inkişaf etdiyini təsdiq edir”.
banner

Oxşar Xəbərlər