• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

Naxçıvan tarixindən bəhs edən nəşrlərin təqdimatı keçirilib - Fotolar

25.04.17 18:59 637
Naxçıvan tarixindən bəhs edən nəşrlərin təqdimatı keçirilib - Fotolar
AMEA Naxçıvan Bölməsində "Naxçıvanın tarixi abidələri” və "Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitabların təqdimatı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında 2006-cı ildən etibarən AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası beynəlxalq ekspedisiyalar ilə birgə ərazidə tədqiqatların aparıldığını bildirib. Qeyd edib ki, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlər Universitetinin müəllimi Fizzə Quliyevanın həmmüəllif olduqları "Naxçıvanın tarixi abidələri” adlı dərslikdə 2006-2016-cı illərdə arxeoloji araşdırmalar zamanı aşkarlanan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib. Eyni zamanda Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

Bölmə sədri "Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” kitabı barədə də məlumat verərək nəşrdə I Kültəpə yaşayış yerində aparılan tədqiqatların nəticələrinin işıqlandırıldığını deyib. Bildirib ki, kitab AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro, Remi Berthon və Savaş Sarıaltunun həmmüəllif ilə ərsəyə gəlib.

Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva "Naxçıvanın tarixi və arxeoloji abidələri Naxçıvan tarixinin öyrənilməsi üçün mühüm mənbədir” mövzusunda məruzəsini təqdim edib. O, Azərbaycan tarixşünaslığına qiymətli töhfələr vermiş Naxçıvan diyarında arxeoloji tədqiqatlardan danışaraq qeyd edib ki, 2013-cü ildə Ali Məclis Sədrinin dəstəyi ilə AMEA Naxçıvan Bölməsində yerli arxeolji ekspedisiya yaradılıb. Ekspedisiyanın heyətinə Bölmənin arxeoloqları ilə bərabər Naxçıvanda fəaliyyət göstərən sənətşünaslar, Naxçıvan Dövlət Universitetinin əməkdaşları, o cümlədən tələbələri də cəlb edilib. AMEA-nın müxbir üzvü V.Baxşəliyevin rəhbərliyi ilə təşkil edilən ekspedisiya üzvlərinin ərazidə apardığı arxeoloji qazıntılar nəticəsində xeyli miqdarda qiymətli materiallar əldə edilib. Təqdimat mərasimi keçirilən kitablar da arxeoloji qazıntıların nəticələri işıqlandırılıb.

Təqdimatda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov ictimaiyyətə təqdim olunan hər iki kitabı Naxçıvan tarixinin öyrənilməsi baxımından dəyərli mənbə kimi dəyərləndiriblər.

Tədbirin sonunda "Naxçıvanın tarixi abidələri” və "Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitabların müəlliflərindən biri olan AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək Ali Məclis Sədrinin diqqət və dəstəyi ilə Naxçıvanda aparılan arxeoloji işlərdən və onların nəticələrindən bəhs edib.

Tədbir çərçivəsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə təşkil edilən ekspedisiya üzvlərinin Naxçıvan ərazidə apardığı arxeoloji qazıntıları, o cümlədən e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində və onun ətrafında aparılan elmi tədqiqatları əks etdirən video gönüntü nümayiş etdirilib.

banner

Oxşar Xəbərlər