“Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi”
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar
Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın
ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və
yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin
qorunub saxlanması, bərpası və təbliği sahəsində aparılan işlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin apardığı dərsdə bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində
keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan olunub.
Şagirdlərin diqqətinə çatdırılıb ki, bəşər sivilizasiyasının ən
qədim mərkəzlərindən biri olan, qaynaqlarda Naksuana, Nəxcuan, Nəşəva, Nəşəvi və
sair adlarla xatırlanan Naxçıvan şəhəri bütün dövrlərdə, xüsusilə İslamın
intibah dövründə həmişə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm
rol oynayıb, Azərbaycan Atabəyləri, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular və
Səfəvilər dövründə ölkənin inkişaf etmiş şəhərləri ilə bir sırada dayanıb. Naxçıvan
Muxtar Respublikası, həmçinin onun paytaxtında bir sıra möhtəşəm memarlıq abidələri-türbələr,
buzxanalar, körpülər, məscidlər, mədrəsələr və digərləri zəmanəmizədək gəlib
çatıb. Əsası çox qədim zamanlara söykənən Naxçıvan mədəniyyəti orta əsrlərdə,
xüsusilə müsəlman intibahı dövründə daha da inkişaf edib, burada Azərbaycan
memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan məktəbi yaranıb, bu məktəb
memarlıq tariximizə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi görkəmli memar bəxş edib.
Onun Naxçıvan şəhərində ucaltdığı Möminə xatın, Yusif Küseyir oğlu türbələri,
Qoşa minarəli baştağ, Came məscidi Azərbaycan memarlığının möhtəşəm nümunələri
olmaqla yanaşı, həm də İslam mədəniyyətinin çox gözəl örnəkləridir.
Fəxrəddin Səfərli bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə
ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın mədəni irsinə münasibət tamamilə
dəyişib. Beləliklə, qədim memarlıq nümunələri, geniş mənada ümumislam mədəniyyətinə
aid bütün abidələr böyük dövlət qayğısı ilə əhatə edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbovun diqqət və qayğısı ilə bu tədbirlər çox yüksək səviyyədə həyata
keçirilir. Qeyd etmək lazımdır ki, təkcə Naxçıvan şəhərində Möminə xatın türbəsi,
İmamzadə kompleksi, Miryaqub xanəgahı, Buzxana, Xan sarayı, Xan sarayinin
yardımçı binası, Came və Pirqəmiş məscidləri, Zaviyə-mədrəsə kompleksi bərpa
olunub, Kazım Qarabəkir Paşa və Həzrəti Zəhra məscidləri tikilib əhalinin
istifadəsinə verilib. İndiyədək muxtar
respublika ərazisində 70-ə yaxın müxtəlif təyinatlı tarixi mədəniyyət abidəsi
orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunaraq xalqa qaytarılıb.
Alim bildirib ki, təkcə 2016-cı ildə Azərbaycan
xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada, XII əsr Azərbaycan
memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur
rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadədə bərpa işləri başa çatdırılıb,
Babək rayonunun Nehrəm kəndində isə möhtəşəm məscid inşa edilərək əhalinin
istifadəsinə verilib. Hazırda, Kəngərli rayonunun Qarabağlar kəndində XII-XIV
yüzilliklərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndindəki
hamamda, Naxçıvan şəhər və Nehrəm kənd İmamzadə Komplekslərində bərpa işləri
aparılmaqdadır.
Bütün bunlarla yanaşı, son illərdə Naxçıvanda
müasir infrastruktur, şəhərə gələn qonaqların yerləşdirilməsini, istirahətini, gəzintisini,
ekskursiyalarını təşkil etmək üçün yaradılan şərait də Naxçıvan şəhərinin İslam
Mədəniyyətinin Paytaxtı seçilməsində başlıca amil rolunu oynayıb. Belə ki, İslam
Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam
Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2004-cü il
dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransında təsdiqlənmiş "İslam mədəniyyətinin
paytaxtları” proqramına əsasən hər hansı bir şəhərin İslam mədəniyyətinin
paytaxtı elan olunması üçün həmin şəhər bir sıra keyfiyyətlərə malik olmalıdır.
Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam
və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmitədqiqat,
arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil
edən qurumlara malik olmalıdır. Müasir Naxçıvan şəhəri isə bütün bu tələblərə
cavab verir.
Dərdə vurğulanıb ki, Naxçıvan
şəhərində, bütövlükdə muxtar respublikada iyirmi ildən bəri aparılan məqsədyönlü
siyasət, xüsusilə geniş miqyaslı abadlıq və quruculuq işləri, milli və dini dəyərlərə
hörmət və ehtiram, yüksək dövlət qayğısı ilə onların qorunması, inkişaf etdirilməsi,
Azərbaycan, eyni zamanda İslam mədəniyyətinə mənsub abidələrin bərpası, qorunub
saxlanması, bu işlərin yüksək səviyyədə təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması
xüsusi rol oynayıb. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi Naxçıvan şəhərinin
islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədardır.
Açıq
dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.